7 Noyabr 2017 09:11
752
12 Punto 14 Punto 16 Punto 18 Punto

Görünən budur ki, Federal Ehtiyatlar Sisteminin yeni rəhbəri ABŞ-ın monetar siyasəti ilə bağlı indiyə qədər yürüdülmüş siyasəti eyni şəkildə davam etdirəcək.

Teleqraf.com-un məlumatına görə, bunu sabiq maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifov bildirib.

O qeyd edib ki, seçkiqabağı kampaniya zamanı ölkənin Federal Ehtiyatlar Sisteminin (FES) hazırkı rəhbəri Canet Yellenin fəaliyyətini ciddi tənqid edən Donald Tramp C.Pauelin namizədliyini irəli sürərkən C.Yellenin vəzifəsinin öhdəsindən yüksək səviyyədə gəldiyini qeyd edib:

“Sual olunur, əgər Canet Yellen öz vəzifəsinin öhdəsindən yüksək səviyyədə gəlirsə, onun yerinə namizəd olan Cerom Pauel praktik olaraq Canet Yellenin yürütdüyü siyasəti illərdir dəstəkləyib və bundan sonra da həmin siyasəti davam etdirəcəksə, onda FES-in rəhbərliyindəki bu dəyişiklik nəyə lazım idi?! Anlaşılan odur ki, Canet Yellendən fərqli olaraq Cerom Pauel “sözəbaxan rəhbər” olacaq. Bu isə Donald Trampı qane edən bir məqamdır”.

F.Yusifov onu da bildirib ki, C.Pauel Canet Yelenin 2014-cü ildən rəhbərlik etdiyi FES-in İdarə Heyətinin üzvüdür:
“O, ABŞ-n monetar siyasəti ilə bağlı müzakirələrdə dəfələrlə Canet Yellenin mövqeyini müdafiə etmiş biridir”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp FES-in rəhbəri postuna Cerom Pauelin namizədliyini irəli sürüb. Onun namizədliyi Senat tərəfindən təsdiqləndikdən sonra C.Pauel gələn ilin fevral ayından vəzifəsinin icrasına başlaya bilər.


Müəllif: Sәxavәt

Oxşar xəbərlər