Torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizə kütləvi informasiya vasitələrində daha böyük diqqət ayrılmalıdır. Xüsusilə, televiziyalar bu yöndə işlərini gücləndirməlidir.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov deyib.
O bildirib ki, bu, ən vacib məsələlərdən biridir. Deputatın sözlərinə görə, ermənilər bu gün hər bir istiqamətdən istifadə edirlər ki, Azərbaycana qara yaxsınlar:
“Aprel döyüşləri ilə bağlı onların öz yanaşmaları var və bu yanaşmanı müxtəlif beynəlxalq təşkilatlarda ifadə etmək istəyirlər. Onlara layiqli cavablar verilir. Biz də ölkə daxilində bu məsələyə çox ciddi yanaşmalıyıq. Aprel döyüşləri Azərbaycan ordusunun, cəmiyyətinin gücünü, ölkə başçısının siyasi iradəsini göstərdi.
Mən düşünürəm ki, televiziyalarda bu məsələyə çox böyük diqqət ayrılmalıdır. İnanıram ki, yeni yaradılan qurum – Reklam Agentliyi də bu məsələyə öz töhfəsini verəcək. Lazım gələrsə, bu məsələ üçün televiziyalara maliyyə ayrılmalıdır”.