Bir aya yaxındır ki, büdcə layihəsi təqdim olunub. Ancaq bu günə qədər heç bir hökumət nümyəndəsi telviziyada ətraflı çıxış etməyib. Büdcə təkcə bir ilə deyil, gələcəyə hesablanmış məsələdir.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisdə 2018-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deputat Zahid Oruc deyib.
Millət vəkili qeyd edib ki, Maliyyə naziri Samir Şərifov Beynəlxalq Bank haqqında ağrılı məsələlərə toxunub: “Bilirik ki, Eldar Mahmudovun bir sıra əməlləri nəticəsində bu bank bu vəziyyətə gəlib. Bankın hesabatlarında bəzi problemləri görürük. Ancaq hesab edirəm ki, bununla bağlı daha dolğun informasiyalar verilməlidir. Bu gün 2 milyon nəfərin 1.8 milyard problemli krediti var. Ancaq təkcə Beynəlxalq Bankın 2.4 milyard dollarlıq problemli öhdəlikləri var. Bu isə o deməkdir ki, Beynəlxalq Bank dövlətə vətəndaşlardan daha çox zərər verib”.
Səhiyyə sahəsində yaşanan problemlərə toxunan Zahid Oruc deyib ki, hər gün 500 uşaq Milli Onkologiya Mərkəzinə müracitə edir: “Bunu mərkəzin baş həkimi hörmətli Cəmil Əliyev müsahibəsində deyib. Bu uşaqların 30 faizinə xərçəng diaqnozu qoyulur. Bu da bir ay üçün 4500 uşaq deməkdir. Əgər körpələrin xərçəngə tutulmasının səbəbi biz böyükləriksə, bunun qarşısı hansısa bir yolla alınmalıdır. Mən hər zaman demişəm ki, dövlət gedib hansısa kənddə xəstəxana tikməməlidir. Bunu özəl sector etməlidir.”
Zahid Oruc hesab edir ki, bağçaların da tikintisini dövlət yox, özəl sektor üzərinə götürməlidir: “Hər il ölkədə 107 min körpə dünyaya gəlir. Dövlət nə qədər çalışsa da, bu qədər uşağı bağça ilə təmin edə bilməyəcək. Bağça tikintisini də özəl sektor həyata keçirməlidir. Eyni zamanda qeyd edim ki, 2018-ci ilin büdcəsindən mədəniyyət sahəsinə 108 milyon manat ayrılıb. Kino sahəsinə isə cəmi 1 milyon manat. Bizdə filmlərin gəlir gətirməsi üçün buna ciddi vəasit qoyulmalıdır”.