25 Noyabr 2017 09:00
985
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Milli Məclisin deputatı, yazıçı Hüseynbala Mirələmovla müsahibəni təqdim edir.

- Hüseynbala müəllim, yaradıcılığınızda hansı yeniliklər var?

- Mən uzun müddətdir ki, bir trilogiya üzərində işləyirəm. Söhbət “İki şah, iki sultan” əsərindən gedir. Yəqin ki, bu əsəri 5-6 aya bitirəcəm. Qeyd edim ki, bununla bağlı iki kitab yazmışam, Allah can sağlığı versə, üçüncü kitabı da dediyim vaxtda bitirməyi planlaşdırıram.

- Kitab yazmaq işin yaradıcı tərəfidir, amma kitabın oxunması tərəfi də var...

- SSRİ dağılana qədər müttəfiq respublikaların hamısında kitaba meyillilik vardı. İnsanlar avtobusda, metroda, parklarda kitab oxuyurdu. SSRİ dağıldıqdan sonra bir müddət sanki insanlarda kitaba nifrət yarandı. Şükürlər olsun ki, son 6-7 ildə kitaba meyl, oxucu səviyyəsi artır. Güman edirəm ki, bu tendensiya davam edəcək. Mən gözləyirəm ki, bir müddətdən sonra SSRİ zamanında kitab oxunması şkalasına gəlib çata biləcəyik.

- Kitab yazmaqla iş bitmir, müəllif həm də onu özü nəşr etməlidir, üstəlik bu kitabların mütləq əksəriyyətini müəllif yaxın ətrafına bağışlayır. Bu halda müəllifin hansı qazancı olur?

- Mən özüm kitablarımın çoxunu hədiyyə edirəm. Ancaq elə yazıçılar var ki, onlar kitablarını çap etmək imkanında deyil, nəinki çap edib hədiyyə vermək. Əgər bizim dövlətimiz məsləhət bilsə və heç olmasa, yaxşı kitablara qonorar versə, sizi inandırım ki, ədəbiyyatımız sürətlə inkişaf edər, böyük ədəbiyyat yaranar. Çünki çoxu yazır, amma yazdıqları evinin bir güncündə qalır, yazdığını çap etməyə imkan olmur. Ancaq ən yaxşı əsərlərə qonorar verilsə, bizdə yaxşı əsərlər yaranar və bu, ədəbiyyatın inkişafına səbəb olar.

Hesab edirəm ki, həm yazıçılarımıza, həm də kitab nəşrinə dövlət qayğısı lazımdır. Olan qayğını bir qədər də artırmaq lazımdır.

- Siz deputatsınız, YAP Siyasi Şurasının üzvüsünüz, uzun müddət müxtəlif vəzifələrdə çalışmısınız və əhatəniz genişdir. Bəs, Hüseynbala Mirələmov Bakıda kiçik bir mənzildə yaşasaydı, əsərlərini çap etdirmək imkanı olmasaydı, necə olacaqdı?

- Mən VII sinifdən çap olunuram. III sinifdə oxuyarkən məqaləm “Azərbaycan pioneri” qəzetində çap edilib. Bizim dövrümüzdə həftədə iki dəfə çox maraqlı qəzet çıxırdı. Taleh elə gətirdi ki, mən ali məktəbdə oxuya-oxuya həmin qəzetin ədəbiyyat şöbəsində baş ədəbi işçi kimi işlədim. Nəzərə alın ki, yeddinci sinifdə oxuyarkən, artıq məqalələrim çap edilməyə başladı. Mən heç o zaman düşünmürdüm ki, kitabım çap ediləcək. Bəlkə də Allahın bir lütfi, talehin işidir ki, yazmağa başladım. Bu mənada hansı durumda olmağımdan asılı olmayaraq, yenə də yazacaqdım. Çap olunmağımın necə olacağını deyə bilmərəm, amma yazacaqdım.

- Həyatın çətinlikləri sizi yazmağa imkan verəcəkdimi?

- İmkanım olsaydı, yazdıqlarımı çap edərdim. Olmasaydı, yazıb qoyardım evə. Beləcə, sandıq ədəbiyyatım yaranacaqdı. Haçansa çap edilə bilərdi. İndi imkanı olmayan yazıçılarımızın çoxunda sandıq ədəbiyyatı yaranıb.

- Yəni bizdə artıq sandıq ədəbiyyatı mövcuddur?

- Əslində, mən buna pis baxmıram. Mənim özümün o qədər çap olunmayan əsərim var ki. Cavan vaxtlarımda yazmışam, hamısı sandıqda qalıb. Bəlkə də zaman gələcək və onlar da çap ediləcək. Amma mən özüm onların çap edilməsini məsləhət görmürəm. Çünki bu əsərləri zəif sayıram, düşünürəm ki, çap olunan əsər bir qədər güclü olmalıdır.

- Bəlkə kitablar, əsərlər ona görə oxunmur ki, güclü deyil, məsələn, bir çox xarici müəllifləri təkrar-rəkrar çap edirlər, çünki bu əsərlər oxunur...

- Prezident çox sağ olsun, onun sərəncamı ilə Dünya Ədəbiyyatı seriyasından 150 cild çap edilməyə başlayıb. Artıq onun 120-si çıxıb. Bunlar şedevr kitablardır. Bir daha qeyd edirəm ki, bizdə kitaba maraq yaranıb və şedevr kitabları mütləq oxuyurlar.

- Tanınan yazıçılarımızdan biri sosial şəbəkələrdən birində yazıb ki, məcburiyyət qarşısında bankdan 3 min manat kredit götürüb, buna qarşılıq olaraq banka 4500 manat ödəməli olacaq. Əslində, yazıçıların çoxu kredit götürür. Sizcə, bu çətinliklər qarşısında olanda yazıçı böyük əsər yarada bilərmi?

- O, niyə kredit götürüb? Bu haqda mənim məlumatım yoxdur. Ancaq işin digər tərəfi də var. İstedadlı insanlar olub ki, lampa işığında əsərlər yazıb. Həqiqi istedadın qarşısını heç nə ala bilməz. Yazıçı bütün çətinliklərə rəğmən, yazmalıdır. Bunun üçün münbit şərait lazım deyil. Bu mənada o yazacaq, əlbəttə, çap məsələnin ayrı tərəfidir, ancaq hökmən yazacaq. Canda, qanda istedad və təpər varsa, yazıçı mütləq yazacaq. Başqa variant yoxdur.

- Çətinliklərdən yaxşı əsər yarana bilər, yoxsa rahatçılıqdan?

- Mən məsələyə bu istiqamətdən baxmazdım. Burada yazıçının mövzusunun aktuallığı, narahatlığı önəmlidir. Mövzu nə dərəcədə bəşəridir məsələsi daha vacibdir. Yaxşı şərait, pis şərait deyil, mövzunun mənası yaxşı əsərin ortaya çıxmasına səbəb ola bilər. Bilirsinizmi, bu dəqiqə fərqli mövzu, əsər lazımdır. Nəzərə alın ki, XXI əsrdə oxucuları təəccübləndirmək, onlarda maraq yaratmaq elə də asan deyil.

- Sizə elə gəlmirmi ki, bizdə dinamik, oxuyanda insanı həyəcanlandıracaq əsərlər azdır və ya yoxdur, əvəzində Şərq ədəbiyyatı ənənəsinə sadiq qalaraq sevgi, məhəbbət mövzuları davam edir...

- Sizinlə heç bir halda razılaşa bilmərəm. XVIII-XIX əsr Fransız ədəbiyyatına baxın. Orada nə qədər desəniz sevgi, məhəbbət mövzularına, melodramlara rast gəlmək olar. Şərqin də öz adətləri, etnoqrafiyası var. Eləcə də Qərbin. Bu mənada bölmək olmaz. Hər bir ölkənin öz yazıçıları olub və hər kəs də öz istedadı səviyyəsində sevgi əsərlərini yaradıb.

- İstedadlı yazıçı və şairlər niyə içkiyə meyilli olur?

- Mən buna təəccüblənirəm. İçki başqa, yazıçılıq başqa söhbətdir. Adam var ki, istedadlıdır, ancaq həm də içkiyə meyillidir. Ancaq bu o demək deyil ki, çox içdiyinə görə yaxşı yazır. Sadəcə, bunlar üst-üstə düşüb. Yazıçı da var ki, ümumiyyətlə içməyib, amma şedevr əsərlər ortaya qoyub.

- Sizin içkiyə münasibətiniz necədir?

- Mən gəncliyimdə, elə indi də cüzi içirəm. Elə həddə içirəm ki, özümü apara, sözümü deyə bilim. İnsan gərək öz abrını qorusun. Mən demirəm ki, içki içmirəm. Ancaq çox cüzi içə bilərəm. Mənim şəxsi fikrim odur ki, içkinin yazıçılığa heç bir təsiri yoxdur. Bəlkə də bu fikrim resept deyil, amma belə düşüncədəyəm.

- Ancaq iş ondadır ki, dünyada şedevr əsər yazanların çoxu elə içkiyə meylli olan yazıçılardır...

- Mən bu haqda eşitməmişəm. Bilirəm ki, içkiyə meyillilik sadəcə, bir xasiyyətdir. Bir daha deyirəm ki, istedadlı insan içkiyə meyilli ola bilər. Amma bu o demək deyil ki, həmin yazıçı içdiyi üçün şedevr əsərlər ortaya qoyub.

- Nə vaxtsa Azərbaycan ədəbiyyatı Nobel mükafatı alacaqmı?

- Sizi əmin edirəm ki, bu baş verəcək, Azərbaycan müəllifləri də Nobel alacaq və bunu zaman, mühit özü yetişdirəcək. Bunun üçün yazıçıya, kitab nəşrinə qayğı olmalıdır. Bizim yazıçımız Kamal Abdulla ötən dəfə əsərini Nobel komissiyasına təqdim etmişdi. Elə Nobel Komissiyasına bir azərbaycanlı müəllifin əsər təqdim etməsi böyük addımdır. Hesab edirəm ki, biz də Nobel Mükafatı alacağıq. Görəcəksiz ki, bir oğlan ortaya çıxdı, şedevr əsər yazdı və bu mükafatı da aldı. Niyə də yox? Türkiyə, İran, əksər ərəb ölkələrində Nobel alanlar olub. Biz də alacağıq.

- Nobel alsaq, nə dəyişəcək ki?

- Heç nə dəyişməyəcək. Sadəcə görəcəyik ki, Azərbaycanda böyük ədəbiyyat yarandı, bəşəriyyətə xidmət etdi və mükafat aldı. Bunun həm də tərbiyəvi əhəmiyyəti olacaq. Bu, gənc yazıçı və şairlərimiz üçün bir stimul olacaq.

- Sizin gənc yazıçılara münasibətiniz necədir, onları oxuyursunuzmu?

- Münasibətim çox yaxşıdır. Çalışıram oxuyum. Mən “Ulduz” və “Azərbaycan” jurnallarını, “Ədəbiyyat” qəzetini daim alıram və orada çıxan əsərləri, şerləri oxuyuram. Gənclərin arasında da istedadlı müəlliflər var. Əlbəttə, zəif əsərlər də var. Bu da təbiidir. Çünki bütün dövrlərdə çox istedadlılar, orta istedadlılar və az istedadlılar olub.

- Teatrlarda əsərləriniz yenə səhnələşdirilirmi?

- “Vəziyyət” və “Ləyaqət” adlı əsərlərim hazırda Dram teatırında səhnəyə qoyulur. Bu günlərdə yeni pyesimi rejissor Mərahim Fərzəlibəyova təqdim etmişəm. Gələcəkdə bu əsər Azdramda və ya digər teatrda səhnələşdirilə bilər.

- Sizin əsərlərin daha çox səhnələşdirilməsi kimlərdəsə qıcıq yaradır?

- Mənim heç kəsə qərəzim, paxıllığım yoxdur. Sadəcə, həmin insanlar bilmirlər ki, mən yeddinci sinifdən çap oulunmuşam. Axundov adına kitabxanada arxiv durur. Gedib 1960-1970-ci illərin mətbuatını qaldırsınlar və görsünlər ki, Hüseynbala Mirələmov 40-50 il əvvəl nə yazıb və indi nə yazır. Onlarda qıcıq yaradan odur ki, Hüseynbala Mirələmov ixtisasca mühəndisdir və səviyyəli vəzifələrdə işləyib. Sadəcə vəzifədə işləməyim, məmur olmağım və yazmağım onlarda qıcıq yaradır. Bəyəm məmur işləyən biri yaza bilməzmi? Əgər isdedad varsa, gendədirsə, insan niyə yazmamalıdır? Əslində, vəzifələrdə işləməyim məni bir qədər yubatdı, vaxtımı aldı, yoxsa daha çox yaza bilərdim. İşlədiyim müddətdə vaxtım az olduğu üçün az yazdım. İndi vaxtım var deyə çox yazıram. İnsanlarda niyə qıcıq yaranmalıdır ki? Hansı yazıçı, ədəbiyyatşünas və tənqidçi mənə, əsərlərimə sözü varsa, onunla debata hazıram. Amma iş ondadır ki, tənqidçilər və ədəbiyyatşünasların tənqidləri olmur. Məni tənqid edənlərlə debata hazıram, gəlsinlər oturub müzakirə edək. Görək kim kimdir və nə yazır. Bu mənada mən hər kəsə açıq müəllifəm. Yuxarıda qeyd etdiyim kimi, mən 17 yaşında “Azərbaycan pioneri” qəzetində baş ədəbi işçi işləmişəm. Qəzetdə böyük klassiklərin əsərlərini redaktə etmişəm. Mənimlə işləyənlərin əksəriyyəti sağdır. Mənə qıcıqlananlara məsləhət görürəm ki, başlarını aşağı salıb işləri ilə məşğul olsunlar. Bizim klassiklərimiz, yazıçılarımız, ədəbiyyatşünaslarımız hər zaman bir sözü təkrar-təkrar deyiblər: əgər isdedad birdirsə, zəhmət ondur. Bir faizlik istedadı on faizlik zəhmətlə cilalamaq olar. Oturub işləsinlər, zəhmət çəksinlər və bəhrəsini görsünlər. Mənim bu insanlara məsləhətim bundan ibarətdir.


Müəllif: Cavad

Oxşar xəbərlər