13:20
Pakistan və Türkiyə xarici işlər nazirləri ilə çox intensiv əməkdaşlıq məsələlərini müzakirə etdik və görüşün yekununda Bakı bəyannaməsi qəbul olundu. Bu bəyannamə üçtərəfli əməkdaşlığımız üçün strateji yol xəritəsi olacaq.
Teleqraf.com xəbər verir ki, bu sözləri Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu və Pakistan Xarici İşlər naziri Xavaca Məhəmməd Asiflə birgə görüşdən sonra mətbuata açıqlamasında deyib.
Üç ölkənin müxtəlif sahələrdə əməkdaşlıq məsələlərinin müzakirə edildiyini deyən nazir əsasən iqtisadi və ticarət dövriyyəsinin artılması baxımından əməkdaşlığa xüsusi önəm verildiyini vurğulayıb:
“Biz regionda olan münaqişələr ətrafında da fikir mübadiləsi apardıq. Çünki münaqişələr regionda sülh və sabitliyə ciddi təhdiddir. Eyni zamanda müdafiə sahəsində də əməkdaşlıq məsələlərini müzakirə etdik. Bu istiqamətdə əməkdaşlığımızı genişləndirmək niyyətindəyik. Nəqliyyat əlaqələri də xüsusi önəm təşkil edir.
Avropa İttifaqı Pakistanın əsas ticarət tərəfdaşı olduğundan biz Pakistan tərəfinə Azərbaycan və Türkiyənin bu sahədəki imkanlarından, bu yaxınlarda istifadəyə verilən Bakı-Tbilisi-Qarsı dəmir yolu xəttindən yararlanmağı təklif etdik. Biz həmçinin ikitərəfli, həmçinin üçtərəfli hava əlaqələrinin bərpasını da müzakirə etdik. Çünki ölkələr arasında turizm sektorunun inkişaf etdirilməsi olduqca önəmlidir. Növbəti görüşün gələn il Pakistanda keçirilməsinə dair razılığa gəldik. Azəbaycan tərəfi bu formatda görüşün keçirilməsindən razıdır və görüş əməkdaşlığımız üçün yeni üfüqlər açır”.
***
Azərbaycan bu yaxınlarda təlim təyyarələrinin alınması ilə bağlı Pakistanla müqavilə imzalayacaq.
Bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov türkiyəli və pakistanlı həmkarları ilə keçirilən görüşdən sonra deyib.
Nazir Azərbaycan torpaqlarının 20%-nin işğal altında olduğunu vuröulayıb:
“Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan müdafiə sənayesini inkişaf etdirilməlidir. Təsadüfü deyil ki, Azərbaycan və Pakistan arasında müştərək komissiyanın rəhbəri Müdafiə Sənayesi naziri Yavər Camalovdur. Biz bu yaxınlarda təlim təyyarələrinin alınması üçün Pakistanla müqavilə imzalayacağıq”.