Təəssüf ki, bir sıra beynəlxalq təşkilatların qəbul etdiyi qətnamə və qərarlar icra edilmir.
Bunu BMT Baş Assambleyasının sessiyasında “Ukraynanın Krım Muxtar Respublikası və Sevastopol şəhərində insan hüquqları sahəsində vəziyyət” adlı qətnamənin qəbul edilməsini Teleqraf.com-a şərh edən Qərbi Kaspi Universitetinin politologiya və beynəlxalq münasibətlər kafedrasının professoru, politoloq Fikrət Sadıqov deyib.
F.Sadıqov qeyd edib ki, Dağlıq Qarabağ problemi ilə bağlı da indiyədək beynəlxalq təşkilatlar tərəfindən çoxsaylı sənədlər qəbul olunub:
“Beynəlxalq hüquq normaları Ermənistan tərəfindən tapdalanır və bir sıra aparıcı qüvvələr buna biganəlik nümayiş etdirir. Krım yarımadası ilə bağlı Ukraynanın təşəbbüsü ilə qəbul edilmiş qətnamənin səsverməsində Azərbaycan iştirak etməyibsə, demək, bu da bizim mövqeyimizin bildirilməsidir. Yəni, bu, heç də o demək deyil ki, biz öz mövqeyimizi bildirməyə qorxuruq, yaxud çəkinirik. Biz BMT Baş Assambleyasında Ukraynanın ərazi bütövlüyünü müdafiə edən qətnamələrə səs vermişik. Ərazi bütövlüyü bizim üçün çox mühüm, vacib məsələdir. Biz bu istiqamətdə bütün dövlətləri hər zaman dəstəkləyirik. Amma hansısa regionda, hansısa ərazidə insan hüquqlarının pozulmasına dair qətnamə müzakirə olunursa, Azərbaycan buna siyasi don geyindirmək məsələsindən uzaqda dayanır və düz edir. Çünki dövlətlər qətnamənin lehinə, yaxud əleyhinə siyasi motivlər əsasında səs veriblər. Bir sıra dövlətlər Rusiyaya qarşı çıxış edir, bəziləri Rusiyanı dəstəkləyir. Biz bu məsələdə neytral qalmaqla düzgün etdik. Sübut etdik ki, biz bu siyasi oyunlarda iştirak etmək istəmirik”.
F.Sadıqov hesab edir ki, sözügedən qətnamədə siyasi məqamlar çoxdur:
“Ukrayna böhranı ilə bağlı biz öz mövqeyimizi bildirmişik. Bu mövqeyimiz prinsipial və qətidir. Biz Ukraynanın ərazi bütövlüyünü tanıyırıq və bu məsələdə rəsmi Kiyevi müdafə edirik. Amma digər qətnamələr gündəmə çıxarılanda biz orada siyasi xarakter daşıyan məqamların olduğunu görürük. Krım yarımadasında insan hüquqlarının nə dərəcədə pozulduğunu bilmək üçün bu məsələnin içində olmaq lazımdır. Orda müəyyən komissiya işləməli, müəyyən sübutlar gətirilməlidir və sair. Çünki bizim özümüzün problemlərimiz az deyil. İşğal olunmuş torpaqlarımız həm narkotrafikə çevrilib, həm də orda qanunsuz məskunlaşdırma siyasəti aparılır. Suriyadan erməni qaçqınları işğal olunmuş rayonlarımızda yerləşdirilir. İşğal olunmuş ərazilərdə hansısa təmir-bərpa işləri aparılır, Zəngilanda erməni kilsəsi ucaldılır. Gərək biz də bu məsələləri hər dəfə qətnamə şəklində beynəlxalq müstəvidə müzakirəyə çıxaraq? Biz prinsipial məsələlərə dair öz qəti mövqeyimizi açıqlayırıq və Ukraynanın ərazi bütövlüyü ilə bağlı keçirilən səsvermədə də bu mövqeyimizi bildirmişik”.
Qeyd edək ki, BMT Baş Assambleyasının sessiyasında “Ukraynanın Krım Muxtar Respublikası və Sevastopol şəhərində insan hüquqları sahəsində vəziyyət” adlı qətnamən qəbul edilib. 70 ölkə qətnamənin lehinə, 26 dövlət əleyhinə səs verib. 76 dövlət bitərəf qalıb. Sənədin əleyhinə Ermənistanla yanaşı, Belarus, Bolviya, Hindistan, Qazaxıstan, Şimali Koreya, Kuba, Serbiya, Qırğız Respublikası, Çin, İran, Tacikistan və Cənubi Afrika Respublikası səs verib. Azərbaycan və Türkmənistan səsvermədə iştirak etməyib.