22 Dekabr 2017 20:09
2 165
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın hakim “Gürcü Arzusu” Partiyası Ermənistanla Rusiya arasında quru yolla dəhlizin açılmasına icazə verir. Rəsmi Tiflis Rusiya ilə Cenevrədə apardığı danışıqlardan sonra bu qərara gəlib.

Bunu Teleqraf.com-a açıqlamasında siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib.

O qeyd edib ki, bu dəhliz Rusiyanın işğalı altında olan Abxaziya və Cənubi Osetiya ərazisindən keçir:

“Rusiya Gürcüstan hakimiyyətinə Ermənistana hərbi yüklərin daşınması və Gümrüdəki 102-ci hərbi bazasının logistik imkanlarını genişləndirmək üçün dəfələrlə təzyiq edərək quru yolun açılmasını tələb edib. Gürcüstanın Baş naziri Georgi Kvirikaşvilinin Ermənistandan gələn yüklərin fors-major hallarda Cənubi Osetiya və Abxaziyadan keçməklə Rusiyaya çatdırılmasına icazə verməsi Ermənistanla Rusiya arasında quru yolla hərbi əlaqələrin bərpası deməkdir”.

Siyasi şərhçi bildirib ki, rəsmi Tiflis son aylar separatçı Abxaziya və Cənubi Osetiyanın rəhbərliyi ilə danışıqlara getmək üçün müəyyən siyasi yollar axtarırdı. Görünür, Gürcüstan hakimiyyəti bu dəhlizi açmaqla Rusiyaya jest etdiyini və Abxaziya və Cənubi Osetiya ilə normal əlaqələr nəticəsində Gürcüstanın ərazi bütövlüyünün təmin ediləcəyini düşünür:

“Gürcüstanın bu separatçı regionları 2008-ci ildən etibarən faktiki olaraq Rusiya tərəfindən nəzarətə alınıb. Kreml Tiflisə təzyiq etmək üçün bu regionların işğalını davam etdirəcək və nə vaxtsa bu ərazilərin Gürcüstanın tabeliyinə verilməsi real görünmür. Gürcüstanın avrointeqrasiya kursu, NATO ilə genişlənən əlaqələr fonunda Rusiya Abxaziya və Cənubi Osetiyanı heç bir halda Gürcüstanın nəzarətinə verməyəcək”.

M.Əsədullazadə onu da bildirib ki, rəsmi Tiflis Moskva ilə əlaqələri bərpa etmək üçün separatçı ərazilərdən Ermənistana quru yolu istifadəyə imkan verməklə regionda silahlanmanın artmasına şərait yaradacaq və bölgənin ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin həllini uzadacaq:

“Rusiya bu quru yolla Ermənistana silah və zirehli texnika daşımaqla bu ölkənin silahlanmasını sürətləndirəcək. Göründüyü kimi, Moskva və İrəvan Tiflislə anlaşaraq bu dəhlizin açılmasına nail olur. Gürcüstan hakimiyyətinin bu siyasəti Azərbaycanla strateji tərəfdaşlığa ziddir və ölkəmizin təhlükəsizliyinə qarşı yönəlib. Azərbaycanın Gürcüstana investisiya yatırması və digər iqtisadi dəstəyinə baxmayaraq rəsmi Tiflis işğalçı Ermənistanın hərbiləşməsinə şərait yaradır”.


Müəllif: Səxavət Həmid