30 Dekabr 2017 09:15
3 297
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriyanın dövlət başçısı Bəşər Əsədi terrorçu adlandırmasından sonra Vaşinqtonla Ankara arasındakı viza problemi həllini tapdı. Bu iki hadisə bir-biri ilə əlaqəlidir və qətiyyən təsadüfi deyil. ABŞ və Türkiyə arasında davam edən danışıqların nəticəsində belə bir qərar verilib.

Teleqraf.com xəbər verir ki, bunu siyasi ekspert Məhəmməd Əsədullazadə bildirib.

O qeyd edib ki, R.T.Ərdoğanla V.Putin arasında Soçi və Ankarada keçirilən son görüşlərdə Türkiyə-Suriya əlaqələrinin bərpası müzakirə olunub:

“Bu görüşdən sonra hətta Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Bəşər Əsədi təhlükə görmədiklərini və müzakirələrə açıq olduqlarını qeyd etmişdi. Soçidən qayıdan Ərdoğan da Əsədlə əlaqələrin bərpasının mümkünlüyünə dair mesaj vermişdi. Ancaq Ərdoğan sonra yenidən Bəşər Əsədi terrorçu adlandırdı. Onun bu bəyanatına Rusiyadan rəsmi cavab gecikmədi. Kremldə Ərdoğanın bu sözlərini hüquqi cəhətdən əsassız adlandırdılar. Görünür, Moskva ilə Ankara arasında Bəşər Əsədin gələcək taleyinə dair fikir ayrılıqları mövcuddur”.

M.Əsədullazadə bildirib ki, Türkiyə prezidentinin yenidən B.Əsədin legitimliyini itirdiyini bəyan etməsi və terrorçu adlandırması Soçidə keçirilməsi planlaşdırılan Suriyanın gələcəyinə dair müzakirələrə birbaşa ziddir:

“Çünki Suriya Milli Konqresinin toplantısında Əsəd hakimiyyəti də yer alır və bu toplantı Əsədin hakimiyyətdə qalmasına hesablanıb. Türkiyənin hazırkı mövqeyi isə Suriya Milli Konqresinin toplantısına qoşulmayan ABŞ-ın dəstəklədiyi Suriya silahlı müxalifətinin bir qrupunun mövqeyinə yaxındır. Ərdoğan yanvarın 29-da Soçidə Əsədin qorunmasına hesablanmış toplantıya qatılarsa, artıq terrorçu dediyi Əsədin legitimliyini qəbul etmiş olacaq. Qatılmayacaqsa, qardaşım dediyi Putinlə əlaqələri pozmuş olacaq”.

Ekspert bu fikirdədir ki, baş verənlərə rəğmən, R.T.Ərdoğan Soçi görüşünə qatılacaq və B.Əsədin legitimliyini qəbul edəcək:

“Hazırda Rusiya və Türkiyə arasında siyasi-iqtisadi və hərbi-texniki əməkdaşlıq da yüksək səviyyədədir. Bu əməkdaşlığın indiki səviyyədə saxlanılması üçün Türkiyə Prezidenti Rusiya dövlət başçısının Suriya planını qəbul edəcəyi gözlənilir”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər