Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fransaya işgüzar səfəri çərçivəsində bu ölkənin Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuen ilə görüşüb.
Azərbaycan XİN-dən Teleqraf.com-a verilən məluumata görə, görüşdə nazirlər Azərbaycan və Fransa arasında ikitərəfli və çoxtərəfli münasibətlərin cari səviyyəsindən məmnunluqlarını bildiriblər, iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün geniş potensialın mövcudluğunu qeyd ediblər.
2017-ci ilin sentyabr ayında yeni formalaşmış Fransa hökumətinin ilk üzvü kimi Azərbaycana rəsmi səfər etdiyini söyləyən fransalı dövlət katibi səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünü və səfərin nəticələrini yüksək qiymətləndirib.
Nazirlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların cari vəziyyəti barədə fikir mübadiləsi aparıblar. Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsi üzrə danışıqlar prosesinin gedişi ilə bağlı ətraflı məlumat verib. O, 2018-ci ilin 18 yanvar tarixində Polşanın Krakov şəhərində ATƏT-in Minsk qrupunun həmsədrləri və Ermənistan Respublikasının xarici işlər naziri ilə görüşəcəyini bildirib.
Elmar Məmmədyarov Fransanın bir sıra şəhərlərinin Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən yaradılmış qondarma rejim ilə qanunsuz əlaqələr yaratması, qondarma rejimin təmsilçiləri kimi özünü təqdim edən şəxslərin Fransa ərazisinə daxil olması kimi faktların ATƏT-in Minsk qrupunun həmsədri olaraq Fransanın mərkəzi hökuməti tərəfindən qarşısının alınmasının vacibliyini bildirib.
Azərbaycan və Fransa arasında iqtisadi-ticarət əlaqələrini nəzərdən keçirərək nazirlər enerji, nəqliyyat, metro, kosmik, sənaye, kənd təsərrüfatı, təhsil, mədəniyyət və digər sahələrdə iəməkdaşlığın dinamik surətdə inkişaf etdiyini və 50-dən artıq Fransa şirkətinin Azərbaycanda fəaliyyət göstərdiyini vurğuladılar.
Azərbaycan və Fransanın təhsil sahəsində sıx əməkdaşlıq etdiyini bildirən nazirlər Azərbaycanda fəaliyyət göstərən Birgə Azərbaycan-Fransız Universitetinin bu əməkdaşlığın parlaq göstəricisi olduğunu qeyd etdilər.
Azərbaycan-Avropa İttifaqı münasibətlərinə toxunan nazir Elmar Məmmədyarov ölkəmizlə Avropa İttifaqı arasında strateji tərəfdaşlıq sənədi üzərində iş aparıldığını və əlaqələrin uğurla inkişaf etdiyini məmnuniyyətlə qeyd etdi.
Görüşün sonunda nazirlərin iştirakı ilə Azərbaycan Milli Elmlər Akademiyası ilə Fransanın Montpellier Universiteti arasında əməkdaşlıq haqqında çərçivə və dissertasiya və maliyyələşmə haqqında əməkdaşlıq sazişləri imzalandı. Sazişlər AMEA-nın prezidenti, akademik Akif Əlizadə və Montpellier Universitetinin beynəlxalq əlaqələr üzrə vitse-prezidenti Fransua Henn tərəfindən imzalandı.