Teleqraf.com Azad Demokratlar Partiyasının sədri, siyasi şərhçi Sülhəddin Əkbərlə müsahibəni təqdim edir.
- Sülhəddin bəy, türk ordusunun Afrinə daxil olduğu haqda məlumatlar yayılıb. Bundan sonra türk ordusu hansı addımlar atacaq?
- İlk əvvəl gəlin, bir məsələni dəqiqləşdirək. Türk ordusu Afrin şəhərinə deyil, Afrin bölgəsinə daxil olub. Ordunun, polisin və jandarmanın xüsusi təyinatlılarının əsasən, yaşayış məntəqələrinin azad edilməsi, kəşfiyyat məlumatlarının əldə olunması, habelə qarşı tərəfin - terrorçuların sızma əməliyyatlarının qarşısının alınmasında istifadə ediləcəyi nəzərdə tutulur. Böyük ehtimalla Cin dərəsi və Rako bölgəsində qəsəbələrin terror təşkilatlarından təmizlənməsi prosesində yuxarıda qeyd edilən qüvvələrdən istifadə ediləcək. Mənə elə gəlir ki, Türkiyə yerli qüvvələrdən də istifadə edəcək. İndi belə məlumat var ki, 400-ü kürd, 200 nəfəri ərəb olmaqla yerli qüvvələrdən xüsusi təyinatlılar hazırlanıb və onlardan da bu prosesdə istifadə ediləcək.
- Ümumən Afrin şəhəri daxil olmaqla bu bölgənin terrorçulardan azad edilməsi nə dərəcədə tez və rahat ola bilər?
- Dünyada ən çətin döyüşləri yaşayış məntəqələri və şəhərlərdə aparılan döyüşlər hesab olunur. Odur ki, heç kim döyüşlərin asan keçəcəyini, bu yaşayış məntəqələrinin asanlıqla təmizlənəcəyini düşünmür. Məhz bu səbəbdən də bu sahədə xüsusi təcrübəsi olan qüvvələrdən istifadə olunacaq. Çünki bu qüvvələrin Türkiyənin cənub-şərqində keçirilən əməliyyatlarda təcrübəsi olub. İndiki halda yaşayış məntəqələrində döyüş aparmaq çətindir. Bununla paralel terror təşkilatları qeyri-əxlaqi mübarizə aparır, hətta yaşlı insanların minalanmasından belə istifadə edirlər. Bir sözlə, terrorçular hər cür tələdən istifadə edir. Odur ki, çox çətin olacaq və proses uzun vaxt aparacaq.
- BMT Təhlükəsizlik Şurası Suriya məsələsini müzakirə etdi və bir ay ərzində ölkədə atəşin dayandırılması, mülki insanlar üçün humanitar dəhlizin açılması haqda qərar qəbul etdi...
- Bəli, ən azı bir ay müddətinə Suriyada hərbi əməliyyatların dayandırılması və humanitar yardımların göstərilməsi nəzərdə tutulur. Bu əsasən, Şərqi Quta bölgəsində müşahidə olunan humanitar böhranla bağlıdır. Bildiyiniz kimi, Rusiya, Suriya və İran qüvvələri mühasirədə olan bu əraziyə aviasiya da daxil olmaqla, müxtəlif silahlardan güclü zərbələr endirir. Nəticədə mülkü əhali arasında çoxlu sayda itkilər var. Böhran o səviyyəyə çatdı ki, hətta Rusiya belə BMT-də bu qərara səs verdi. İndi bu qərara nə dərəcədə əməl edilib-edilmədiyini görəcəyik. Beynəlxalq birlik verilən bu qərarın yerinə yetirilməyəcəyindən narahatdır. Bu səbəbdən də dünən Angela Merkel və Emmanuel Makron Putinlə danışdı və ona Bəşər Əsədin bu qərarı yerinə yetirməsi, atəşkəsin təmin edilməsi üçün təzyiq göstərməsini istədi. Ancaq bu qərarda Türkiyəyə də, açıq olmasa belə, qapalı bir mesaj var.
- Ortaya sual çıxır: BMT Təhlükəsizlik Şurasının Suriya qərarı Türkiyənin bu ölkədə apardığı hərbi əməliyyata nə dərəcədə təsir göstərəcək?
- Bəli, məlum qərarla Ankaraya mesaj verilir ki, Afrində həyata keçirdiyi əməliyyatları məhdudlaşdırsın.
Türkiyə rəsmiləri elan edir ki, BMT-nin qərarının onlara təsiri olmayacaq, Türkiyə əməliyyatlarını davam etdirəcək. Amma istənilən halda bu əməliyyatlara qarşı Qərbdə geniş piar aparılır. Üstəlik bunu yalnız terror təşkilatları deyil, onların arxasında duran böyük güclər də aparır. Artıq Afrin bölgəsinin mühasirəyə alınması, strateji yüksəkliklərin və 100-dən çox yaşayış məntəqəsinin azad edilməsi başa çatır. Türkiyənin apardığı əməliyyat taktiki baxımdan “Hilal əməliyyatı” adlandırılır. Türk ordusunun uzun zamanlardan bəri geniş istifadə etdiyi taktikadır. Hilal əməliyyatının qapanması üçün Rako və Cin dərəsi arasında 8 kilometrlik bölgə qalıb. Yəqin ki, 2-3 günə bu əməliyyat başa çatacaq, ikinci mərhələdə əsasən, yaşayış məntəqələrində əməliyyatlar başlayacaq. Bu əməliyyatlar başlayanda istər-istəməz mülki tələfat ola bilər. Terror təşkilatının üzvləri isə hərbi formada deyil, mülki paltarda olurlar. Odur ki, Afrin şəhər mərkəzinə yaxın yaşayış məntəqələrində belə əməliyyat başlayanda yəqin ki, hay-küy daha da artacaq. Qarşı tərəf türk ordusunun Afrin şəhər mərkəzinə daxil olmasının qarşısını almaq, Afrin əməliyyatını dayandırmaq üçün daha ciddi təzyiqlər və siyasi-diplomatik cəhdlər edəcək. Özü də bu, birtərəfli olmur. Yəni ancaq ABŞ, Avropa Birliyi, İsrail tərəfindən olmur, eyni zamanda Rusiya, İran və Əsəd rejimi tərəfindən də bu istiqamətdə yarı açıq, yarı gizli həmlələr olur. Bundan sonra belə həmlələrin və səylərin artacağı gözləniləndir.
- PYD-nin keçmiş həmsədri Saleh Müslüm Praqada həbs edilib. Onun Türkiyəyə ekstradisiyası mümkündürmü?
- Türkiyə hakimiyyətinə yaxın şərhçilərin verdiyi analizdən belə anlaşılır ki, bu, Tillersonun Ankara səfəri zamanı əldə edilən bir sıra gizli razılaşmaların elementi ola bilər. Əgər bu həbs ABŞ və Türkiyə arasında əldə edilən gizli razılaşmanın bir elementidirsə, böyük ehtimalla onu Türkiyəyə ekstradisiya edəcəklər.
PKK lideri Abdulla Öcalan da 1999-cu ilin fevral ayında bənzər şəraitdə saxlanılmışdı.
Hazırda Saleh Müslümün həbsi prosesini yaxından izləyirəm. Əgər ABŞ və Almaniya ilə Türkiyə arasında gizli razılaşmalar varsa, Saleh Müslüm Ankaraya təslim ediləcək. Əks təqdirdə hüquqi prosedurlarla məsələ ya uzadılacaq, ya da o, Türkiyəyə verilməyəcək. Ancaq son zamanlar Almaniya və ABŞ-ın hərəkətlərində taktiki də olsa, dəyişikliklər müşahidə edilir. Əgər bütün bunlar Türkiyə ilə gizli anlaşmaların təzahürüdürsə, o zaman Saleh Müslümü durduğu yerdə həbs etməzlər. Nəzərə alsaq ki, Saleh Müslüm hazırda PYD rəhbərliyində təmsil olunmur, onun həbsi hər hansı ciddi dəyişikliyə səbəb olmazdı. O, əhəmiyyətini itirən fiqur kimi Ankaraya verilə bilər.
- Bu halda onun Türkiyəyə ekstradisiyasından Ankara nə qazanacaq?
- Bu, Türkiyəyə daha çox psixoloji, siyasi-diplomatik üstünlük gətirəcək. Yəni psixoloji-siyasi və diplomatik-siyasi təşəbbüsün Türkiyəyə keçdiyi görüntüsü yaranacaq. Amma nəzərə almaq lazımdır ki, biz gizli razılaşmaların nədən ibarət olduğunu bilmirik. Bunun Türkiyənin xeyrinə və ya ziyanına olduğunu gələcək göstərəcək. Bu məxfi razılaşmalarda Türkiyədən nə istənildiyi əsas məsələdir. Əgər Saleh Müslümün Türkiyəyə verilməsi məxfi razılaşmalarda bonus xarakteri daşıyırsa, bu, başqa məsələ.
- Rus mediası xəbər yayıb ki, Suriyada yüzlərlə amerikalı öldürülüb. Bu nə dərəcədə realdır və belə olarsa, nələr baş verə bilər?
- Bildiyiniz kimi, fevralın 7-də Deyr əz-Zor ətrafında Suriya rejimi, İran və Rusiyanın özəl hərbi şirkətindən olan qarışıq qüvvəyə ABŞ aviasiyası tərəfindən zərbələr endirilib. Qeyri-rəsmi məlumatlara görə, zərbələr nəticəsində 100-600 nəfər arasında əsgər tələfatı qeydə alınıb. Bunların içərisində Rusiyanın özəl hərbi şirkəti olan “Vaqner”in 100-dən çox hərbçisinin öldüyü, 200-300 hərbçisinin isə yaralandığı bildirilir. Təbii ki, burada həqiqət var, sadəcə rəqəmlərin nə qədər olduğunu söyləmək çətindir. Ancaq belə bir əməliyyat olub və ruslar öldürülüb. Bu da, faktiki olaraq Rusiya mediasında, ictimaiyyətində və sosial şəbəkələrdə müzakirə edilir. Ancaq indiki halda rus mediasında yayılan və amerikalı əsgərlərinin öldürülməsindən bəhs edən xəbərlər dezinformasiya da ola bilər. Çünki bu sayda ABŞ hərbçilərinin Suriyada öldürülməsi haqda Qərb mediasında informasiya yoxdur. Qərb mətbuatı azad mətbuat olduğundan belə informasiyalar mütləq üzə çıxardı. Odur ki, rus mediasının bu xəbəri daha çox dezinformasiyaya oxşayır.