Son prezident seçkisindən sonra Ermənistanda müsbətə doğru hər hansı irəliləyiş baş verməyəcək. Çünki Ermənistanın müstəqil daxili və xarici siyasəti yoxdur. Bu ölkə Rusiyanın alətidir. Onun hərəkətinin parametrlərini Rusiya müəyyən edir.
Bunu Teleqraf.com-a politoloq Zərdüşt Əlizadə prezident seçkilərindən sonra Ermənistanda siyasi durumu şərh edərkən deyib.
Politoloq deyib ki, Ermənistan bütün addımlarını Moskva ilə razılaşdıraraq atır:
“Moskvanın isə məqsədi bəllidir: Dağlıq Qarabağ münaqişəsi həll edilməsin və bunun nəticəsində Ermənistan Rusiyanın geosiyasi təsir dairəsindən çıxa bilməsin. Nə qədər ki, Rusiya və onun imkanları varsa, Ermənistanda indiki kimi ümidsiz vəziyyət hökm sürəcək. Başqa sözlə, daxildə vəziyyətə cani məmur oliqarxiyası nəzarət edəcək, konstitusiya bəzək xətrinə yazılıb, Qarabağ klanı hakimiyyəti qoruyub ondan varlanmaq üçün istifadə edəcək, Qarabağ münaqişəsi həll olunmayacaq. Və bunun nəticəsində Ermənistanda heç bir inkişaf perspektivləri görünmür. Çünki Ermənistanda nə istehsalat, nə də bazar var. 500 milyon dollarlıq məhsul və s. isə yaraşıq və bəzəkdir. 2 milyonluq xalqın yaşaması üçün bütün bunlar kifayət etmir. Mən düşünürəm ki, Ermənistanın axırı yoxdur. Nə qədər ki, oradakı hakimiyyət, ideologiya, ziyalı təbəqəsi və indiki cahil vəziyyət davam edəcək, deməli, Ermənistanın gələcəyi olmayacaq”.
Siyasi şərhçi hesab edir ki, Armen Sərksiyan Ermənistanın yeni prezidenti seçildikdən sonra parlamentdə çıxış etdiyi əsnada erməni generalitetinin nümayişkaranə şəkildə parlament salonunu tərk etməsində qeyri-adi heç nə yoxdur:
“Bunların hamısı oyundur. Erməni generaliteti parlamenti tərk etməklə görüntü yaradır ki, onların fərqli mövqeyi var. Əslində, cani Serj Sərkisyan, erməni generaliteti və digərləri Rusiyanın alətidir. Prezident Armen Sərksiyan da Rusiyanın adamıdır. Bu şəxs 90-cı illərin ortalarında Ermənistanın baş naziri olub. Yəni Ermənistanın baş naziri olan şəxs Rusiyanın adamı olmaya bilməzdi. Armen Sərksiyana deyilsə, sabah Rusiya üçün mədhiyyə oxu, oxuyar. Erməni generallarına desələr ki, oturun Armen Sərksiyanın çıxışına qulaq asın və alqışlayın, bunu da edəcəklər. Georgi İvaniyanın sərrast bir ifadəsi var: Ermənistanın vəziyyəti Cənubi Osetiyadan fərqlənmir. Tamamilə yerində deyilən sərrast sözdür”.
Z.Əlizadə deyib ki, son illər Ermənistanda anti-Rusiya əhvalının güclənməsinin iki səbəbi var:
“Birinci səbəb odur ki, vaxtilə hakimiyyətdə olan, vəzifənin dadını görən və vəzifəyə qayıtmaq istəyən bəzi şəxslər Sərksiyan hakimiyyətinin xarici siyasət kursunu tənqid edirdilər. Ermənistanın siyasəti isə Rusiyaya bağlıdır. Hakimiyyəti tənqid etmək üçün dedilər ki, Rusiya imperiyadır, Ermənistanın bütün bəlaları Rusiyadan gəlir və s.
İkincisi səbəb də odur ki, Qərb müxalifəti qızışdırıb Rusiyaya qarşı qoyurdu. Rusiya da bunu soyuqqanlı müşahidə etdi. Və 2016-cı ilin aprelində cəbhədə vəziyyət qızışanda bir neçə gün müşahidə mövqeyində qaldı. Nəticədə Azərbaycan ordusu qısa müddətdə bəzi əraziləri geri qaytardı, erməni müdafiə istehkamlarını dağıtdı, yüzlərlə erməni əsgəri öldürüldü. Ermənilər birdən ayılıb gördü ki, Azərbaycanın qarşısında aciz durumdadırlar. Tez Rusiyaya yalvardılar ki, bizə kömək edin. Moskva da vasitəçilik edərək, cəbhədə müharibəni sakitləşdirdi. Və bundan sonra Ermənistanda Rusiyaya qarşı məhəbbət birdən-birə “alovlandı”. İndi də Ermənistanda Rusiyaya hürənlərin erməni cəmiyyətində 3-5 faiz nüfuzu var. Diqqət edin, hazırda Rusiyaya tənqidi yanaşan siyasi partiyalardan heç biri erməni parlamentində yoxdur. Hətta erməni milli azadlıq mübarizəsinin qaranquşu olan Erməni Ümummilli Hərəkatı və Milli Konqres 1990-cı ildən bu yana hər zaman parlamentdə təmsil olunurdu. Amma bu dəfə parlamentə düşmədi. Çünki Rusiyanı tənqid edirdi. Levon Ter Petrosyan təklif edirdi ki, Qarabağ münaqişəsinin həlli üçün gəlin, güzəştlərə gedək. Odur ki, indi erməni parlamentində anti-Rusiya mövqeyində olan bir partiya belə yoxdur”.
Xatırladaq ki, martın 2-də Ermənistan parlamenti ölkənin yeni prezidentini seçib. Hakim partiyanın namizədi Armen Sərkisyan Ermənistanın növbəti prezidenti seçilib. Parlamentin deputatları onu 90 səs lehinə, 10 səs əleyhinə olmaqla prezident seçiblər. Yeni prezident çıxış edərkən erməni generaliteti parlament binasını tərk edib.