27 Mart 2018 12:27
1 004
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisdə bu barədə məsələ qaldırmağın mənası yoxdur. Bu, texniki məsələdir. Məncə, Azərbaycan Cümhuriyyəti yazılmalıdır.

Bu sözləri Teleqraf.com-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib.

Onun sözlərinə görə, dövlətimizin rəsmi adı Azərbaycan Cümhuriyyəti olub:

“Milli Məclisdə bu barədə məsələ qaldırmağın heç bir mənası yoxdur. Bu, texniki məsələdir. Məncə, Azərbaycan Cümhuriyyəti yazılmalıdır. Sadəcə, o zaman dövlət Xalq Cümhuriyyəti kimi elan olunduğuna görə ad da belə gündəmdə qalıb.

Fikrimcə, bu mövzuda daha çox Məhəmməd Əmin Rəsulzadənin mövqeyi əsas götürülməlidir. Çünki onun əsərlərində də, tarixi mənbələrdə də Azərbaycan Cümhuriyyəti deyilir. Əgər bunu əsas götürsək, bütün mübahisələrə də son qoyular”.

Millət vəkili Fəzail İbrahimli isə belə mövzuların ortaya atılmasını bəzi tədqiqatçıların gündəmə gəlmək istəyi ilə əlaqələndirib:

“Burda elə ciddi bir fərq yoxdur. Bəzi tədqiqatçılar gündəmə gəlmək üçün bu cür mübahisə mövzuları axtarıb tapırlar. Milli Məclisdə bu məsələ niyə qaldırılmalıdır, axı? Ad tarixi mənbələrdə necə göstərilibsə, elə də yazılmalıdır. Azərbaycan Xalq Cümhuriyyətidir, xalqın dövlətidir. Bilmirəm, bu barədə kim nə deyir, necə düşünür, ancaq mən belə mövzulara vaxt sərf etməyi lüzumsuz bilirəm. Cümhuriyyətlə heç kimin işi olmasın”.

Qeyd edək ki, 1918-ci ildə elan olunmuş müstəqil Azərbaycan dövlətinin adı ilə bağlı tədqiqatçı alimlər arasında polemika yaşanır. Bildirildiyinə görə, 2 il yaşamış müstəqil dövlətimizin adı rəsmi sənədlərdə Azərbaycan Cümhuriyyəti kimi qeyd olunub.

Sonrakı dövrlərdə isə dövlətin adı Azərbaycan Xalq Cümhuriyyəti (AXC), Azərbaycan Demokratik Respublikası (ADR) kimi göstərilib.


Müəllif: Xəzər Süleymanlı

Oxşar xəbərlər