4 Aprel 2018 12:07
1 142
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən axşam İctimai Televiziyanın efirində prezidentliyə namizədlərin debatının sonunda Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevi Azərbaycanı Rusiyanın təsirinə salmaq barədə fikirlər səsləndirməkdə suçladı.

Seyrçilər üçün gözlənilməz olan bu açıqlamanı Q.Həsənquliyevin özünün necə qarşılaması cəmiyyət üçün ciddi maraq doğurur…

Modern.az-a açıqlamasında prezidentliyə namizəd, Milli Məclisin deputatı Qürdət Həsənquliyev bildirib ki,Sərdar Cəlaloğlunun ona bu şəkildə hücumu bir neçə səbəbdən ola bilər:

“Bir neçə il öncə o dəfələrlə qəbuluma gəldi ki, adını çəkmək istəmədiyim, Prezident Administrasiyasında işləyən bir məmur ayda ona 10.000 dollar pul verir, amma o şübhələnir ki, həmin məmur ona pul “atır”. Məndən xahiş etdi ki, bu məsələyə aydınlıq gətirmək üçün ona kömək edim. Mən də dedim ki, bu çox çətin məsələdir, amma çalışaram nəsə öyrənim. Bundan sonra daha bir neçə dəfə gəldi ki, bəs nə oldu?

Onu mənim qapım ağzında boynubükük vəziyyətdə çox adam görüb. Dedim, təəssüf ki, heç nə öyrənə bilmədim. Bundan sonra o, məndən narazı qaldı. Bu hadisədən bir müddət sonra Türkiyə Suriya ilə sərhəddə rus təyyarəsini vurdu və mən həmin olaya münasibət bildirdim. Dedim ki, Türkiyənin buna tam hüququ çatsa da, siyasi baxımdan yanlış qərardır.

Zaman da mənim dediklərimi təsdiq etdi. Amma həmin vaxt bu adam gözləmədiyim halda məni Rusiyayönümlü olmaqda ittiham etməyə başladı. Bunun səbəbi təkcə məndən narazı qalması deyildi.

Türkiyə səfirliyinin keçmiş əməkdaşı Turgut Ər onu PKK lideri Dilanla görüşməkdə ittiham etmişdi və o, keçmişini unutdurmaq istəyirdi.

Üçüncü səbəbi isə ola bilərdi ki, debat zamanı cəsarəti çatmadı ki, mənim kimi desin, torpaqlarımızın işğalının arxasında Rusiya dayanıb.

Eyni zamanda onun Türkiyə ilə konfederativ dövlət yaradacağı açıqlaması ciddi insanlar arasında gülüş doğurmuşdu.

Mənim də deməyim ki, Razi bəyin Pakistanın nüvə silahını Azərbaycana gətirəcəyi nə qədər realdırsa, Sərdar bəyin də Konfederasiyası o qədər realdır, bu, ola bilsin ki, onu qıcıqlandırdı.

Artıq kimsə onu başa salmışdı ki, bu təkliflə özünün qeyri-ciddi adam olduğunu təsdiq edib. O da mənə hücum edəndə demədi ki, mən niyə konfederasiyaya qarşıyam. Dedi ki, guya mən Türkiyə- Azərbaycan dostluğuna qarşıyam”.

Prezidentliyə namizəd Q.Həsənquliyev qeyd edib ki, o, Qarabağ savaşında qardaş Türkiyə ilə bağlı xalqımızda illüziya yaradılmasının əleyhinədir:

“Mən deyəndə ki,Türkiyə Kəlbəcərdən dinc sakinlərin çıxarılması üçün Elçibəyə iki mülki vertolyot verməyib, məni düz danışmamaqda ittiham edirdilər.

Sonra İsgəndər Həmidov sağ olsun, Elçibəyin videomüsahibəsini yaydı, həmin adamlar susdu. Mən deyəndə ki, Qərb Türkiyəni məcbur etdi ki, müharibənin ən şiddətli dönəmində Ermənistana taxılla yardım etsin, yenə heç kim inanmadı. Amma sonra həmin vaxt Türkiyənin xarici işlər naziri olmuş Hikmət Çətin “Kanal D”də bunu açıq söylədi.

Yaxud biz hamımız bilirik ki, Prezident İlham Əliyevin sərt təpkisi olmasaydı, Sürix protokolları icra olunacaqdı.

Futbol diplomatiyasını da heç kim yaddan çııxarmayıb,Türkiyənin Ermənistanla bugünkü ticarət əlaqələrini də. Bütün bunlardan başqa Türkiyə bizə kömək etsəydi, niyə torpaqlarımız işğal olunurdu və 30 ildir işğal altındadır?!

Mən bilirəm ki, Türkiyənin münaqişəyə qatılması Rusiyanın da açıq formada müdaxiləsinə imkan yarada bilər, ona görə də istəyirəm xalqımız hər şeyi açıq bilsin. Biz özümüzə güvənməli və torpaqlarımızı özümüz azad etməliyik. Mənim dediyim budur”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər