4 Aprel 2018 17:05
1 445
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə, Rusiya və İran prezidentlərinin növbəti üçtərəfli görüşünün keçiriləcəyi yer açıqlanıb.

Bununla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən üçtərəfli görüşdən sonra baş tutan mətbuat konfransında məlumat verib.

O bildirib ki, növbəti görüş Tehranda baş tutacaq. Ərdoğan əlavə edib ki, Ankara görüşü zamanı üç ölkə Suriya xalqına yardım etmə məsələsində razılaşıb.

Çıxış edən Türkiyə prezidenti bildirib ki, Suriyanın ərazi bütövlüyünün bərpası bütün terror təşkilatları ilə eyni məsafədə saxlanılmasına bağlıdır. O qeyd edib ki, Münbiç başda olmaqla, PYD/YPG terror təşkilatının nəzarətindəki bütün bölgələrdə təhlükəsizlik və sabitlik təmin olunana kimi iş davam edəcək.

“Nə Suriyanı, nə də bölgəmizi üç-beş terror təşkilatına buraxmayacağıq. Yaşanan qarşıdurmalar və böhranın itirəni Suriya xalqıdır, qalibin kim olduğunu hamımız bilirik . Beynəlxalq ictimaiyyəti Suriyadakı siyasi problemi həll edilməsi səylərini dəstəkləməyə çağırırıq”, - Ərdoğan deyib.

İran prezidenti Həsən Ruhani bölgənin son illərdə terrorizm kimi ciddi bir problemlə qarşı-qarşıya qaldığını dilə gətirib. Onun sözlərinə görə, terrorçular bəzi ölkələr tərəfindən müasir silahlarla təchiz ediliblər.

“Bu terrorçular Suriyanın neft və qazını sata bilərlər. ABŞ kimi bəzi dünya gücləri, “Əl-Nüsra” Cəbhəsi və İŞİD kimi təşkilatların uzun illər bölgəmizdə qalmasını istəyirdilər və onlardan istifadəni hədəfləyirdilər. Suriya və İraq dost ölkələrin köməyi ilə bu böyük təhlükəni aradan qaldıra bilib”, - İran prezidenti söyləyib.

O, heç bir ölkənin Suriyanın gələcəyi ilə bağlı qərar vermə haqqının olmadığını, Suriya xalqının öz seçkilərini keçirəcəyini və Konstitusiyanı hazırlayacağını söyləyib.

“Bölgəmizdəki bayram günü Suriyadakı savaşın bitdiyi gün olacaqdır”, - Ruhani əlavə edib.

Üçtərəfli görüşün son dərəcə konstruktiv atmosferdə keçdiyini deyən Vladimir Putin önəmli razılaşmaların əldə edildiyini və bu razılaşmaların birgə bəyannamədə yer aldığını bildirib.

“Biz Suriyanın müstəqilliyi və ərazi bütövlüyünün dəstəklənməsinin birgə bəyannamədə də yer almasını təmin etdik. Astana formatı faydalı olduğunu dəfələrlə sübut edib. Suriyadakı zorakılıq önəmli ölçüdə azalıb. Qaçqınlar ölkələrinə qayıtmağa başlayıblar. Suriyadakı vətəndaş müharibəsinin siyasi istiqamətini güçləndirməyə çalışacağıq”, - Putin deyib.

O, Cenevrədə bir Konstitusiya komitəsinin qurulduğunu xatırladıb./Publika.az/

***

16:56

Türkiyə, Rusiya və İran prezidentlərinin üçrətəfli sammiti başa çatıb. Yerli vaxtla 13:20-də başlayan sammit iş yeməyi ilə birlikdə 1 saat 40 dəqiqə davam edib.

Sammitin sonunda birgə bəyanat veriləcək. Sənəddə Suriyadakı mövcud atəşkəs rejiminin davam etdirilməsi və Suriyanın ərazi bütövlüyünün bərpası məsələləri əksini tapacağı gözlənilir.

***

14:50

Ankarada Türkiyə, Rusiya və İran prezidentləri – Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin və Həsən Ruhaninin iştirakı ilə Suriya üzrə üçtərəfli sammit başlayıb.

Bu haqda “Anadolu” agentliyi məlumat yayıb.

Qeyd edək ki, liderlərin iştirakı ilə Suriya məsələlərinə həsr olunmuş ilk zirvə toplantısı 2017-ci ilin noyabrın 22-də Rusiyanın Soçi şəhərində keçirilmişdi.


Müəllif: Samir

Oxşar xəbərlər