Cənab Lavrovun son bəyanatından bir neçə nəticə çıxarmaq olar. Bunlardan birincisi odur ki, “Kazan prinsipləri“ yoxa çıxmayıb və bu prinsiplər əsasında danışıqlar aparılmalıdır.
Bu fikirləri Teleqraf.com-a açıqlaması zamanı Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Qarabağ münaqişəsinə dair son bəyanatını şərh edən politoloq Fikrət Sadıqov deyib.
Politoloq bildirib ki, əgər Lavrov mərhələli həll planını nəzərdə tutursa, bu, müsbət yanaşmadır:
“Yəni söhbət işğal edilən ərazilərin azad edilməsi və paralel olaraq, Dağlıq Qarabağın statusu ilə bağlı danışıqların aparılmasından gedirsə, bu, bizi qane edir. Ancaq bu haqda Lavrov heç bir söz demir. Sadəcə, deyir ki, tərəflər etimadsızlıqdan uzaqlaşmalıdır. Lakin bu fikirlər bizə aid ola bilməz və biz də bunu qəbul edə bilmərik. Etimad ancaq o halda yaranar ki, erməni tərəfi işğal etdiyi torpaqları azad etməyə başlasın. Burada gözləmə mövqeyi nümayiş etdirilməməlidir. Yalnız bu halda prosesin canlanması müşahidə edilə bilər”.
Fikrət Sadıqov xatırladıb ki, Rusiya baş diplomatı açıqlamasında hansısa real və praqmatik ideyaların mövcud olduğunu deyib və bildirib ki, bu ideyaları aşkar edərək, onların ətrafında danışıqlar getməlidir:
“Əgər, bu ideyalar varsa, niyə indiyə qədər masa üzərində deyildi? Niyə bu ideyalar müzakirə olunmurdu? Rusiya digər aparıcı Minsk Qrupunun üzvləri kimi bunu dərk edir və başa düşürsə, onda bu məsələdə konkret addım atsın. Bizə ədalətli yanaşma, beynəlxalq hüquq normaları çərçivəsində addımlar lazımdır. Bu halda problem öz həllini tapa bilər. Əslində reallıq budur. Bizi bu qane etməlidir. Bir daha qeyd edirəm ki, etimadsızlıqdan imtina etmək üçün rəsmi Bakı görməlidir ki, işğal edilən ərazilər azad edilməyə başlanıb. Biz o halda erməni tərəfinə etimad göstərə bilərik. Biz Dağlıq Qarabağ məsələsinin 25 ildən artıqdır ki, həll edilmədiyini, yeddi rayonumuzun işğal altında olduğunu görürüksə, bu halda hansı etimaddan danışa bilərik? Bu qeyri-real səslənən diplomatik ifadədir. Düşünürəm ki, bu məsələ həmsədrləri və Minsk Qrupuna üzv dövlətləri düşündürməlidir. Əgər, onlar bu məsələnin həllini istəyirlərsə, konkret addımlar atmalıdır. Bu addımlar bəyanatlar səviyyəsində deyil, real əməllərlə müşahidə olunmalıdır”.
Xatırladaq ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrov erməni televiziya kanalına müsahibəsi zamanı deyib ki, Dağlıq Qarabağ münaqişəsinin tərəfləri münaqişənin həlli istiqamətində danışıqlarda irəliləyiş əldə etmək üçün bir-birinə etibarsızlıqdan imtına etməlidir.
Nazir qeyd edib ki, 2011-ci ildə Kazan sammitinin nəticələri də danışıqlar zamanı istifadə olunmalıdır.
“Ən əsası, hələ də danışıqlar zamanı hərdən ortaya çıxan etibarsızlıqdan çəkinməkdir, kifayət qədər olan realist və praqmatik ideyalarda diqqəti cəmləşdirməkdir”, - deyə Lavrov erməni telekanallarının suallarını cavablandırarkən deyib.
Nazir həmçinin bildirib: “O illər ortaya çıxarılan heç bir şey, fikrimcə, itirilməyib. Düzdür, bu vaxt ərzində həmsədrlərin tərəflər ilə danışıqlarında inkişaf etdirdiyi bir neçə yeni ideya da yaranıb”.