Türkiyə vaxtilə ABŞ-dan “Patriot” raketlərini istədi, Vaşinqton da bundan imtina etdi. Türkiyə-ABŞ münasibətləri həm də buna görə korlandı və hazırda da gərgin vəziyyətdədir.
Bunu Türkiyə ilə ABŞ arasında beşinci nəsil F-35 qırıcı-bombardımançı təyyarələrin Türkiyəyə çatdırılmasına dair yaranmış problemi şərh edən politoloq-diplomat Fikrət Sadıqov deyib.
O qeyd edib ki, ABŞ tərəfi Türkiyənin istəyini yerinə yetirmədikcə, məsələni uzatdıqca, müxtəlif şərtlər irəli sürdükcə Ankara səmtini Rusiyaya tərəf çevirməyə məcbur olub:
“Nəticədə, S-400 zenit-raket komplekslərinin alqı-satqısına dair Rusiya ilə Türkiyə arasında razılıq əldə olundu. Hazırda çox maraqlı, qeyri-adi vəziyyət yaranıb. Bir tərəfdən Türkiyə S-400-lərə görə artıq müəyyən vəsait ödəyib. Digər tərəfdən ABŞ buna etiraz edir. Təklif edir ki, türklər ruslarla olan müqaviləni ləğv etsinlər və bundan sonra F-35 qırıcı təyyarələrini alsınlar. Mən S-400-lərlə bu qırıcıların səviyyəsinin nə dərəcədə eyni olduğunu bilmirəm. Ancaq mən Türkiyənin Rusiya ilə bağlanmış bu sazişdən asanlıqla çıxacağını düşünmürəm. Çünki kifayət qədər vəsait ödənilib. S-400-lərin bir batareyası artıq Türkiyəyə çatdırılıb. İndi türklər hərbi texnikanın ikinci batareyasının çatdırılmasını gözləyir. Düşünmürəm ki, Türkiyə bundan asanlıqla imtina etsin”.
Bununla belə F.Sadıqov qeyd edib ki, Türkiyə NATO-nun üzvü olaraq qalır, ABŞ-la münasibətləri hər halda hərbi-texniki əməkdaşlıq səviyyəsindədir:
“Türkiyə ərazisində NATO-nun İncirlik bazası mövcuddur. Amma eyni zamanda vəziyyət kifayət qədər gərgin və ziddiyyətlidir. Ancaq yenə demək istəyirəm ki, Türkiyə Rusiya ilə imzalanmış sazişdən asanlıqla çıxmayacaq. Çünki bu, Türkiyənin maraqlarına cavab vermir”.
Politoloq əlavə edib ki, amerikalıların hərəkətlərindən peşman olduqları hiss olunur:
“Başa düşüblər ki, düzgün adddım atmayıblar. Görürlər ki, Türkiyə Rusiya ilə sıx əməkdaşlıq qurub. İki ölkə hərbi-texniki əməkdaşlıqdan savayı, “Türk axını” qaz layihəsinin çəkilişində iştirak edir. Rusiya Akkuyuda Atom Elektrik Stansiyası tikəcək. Yəni, burda genişmiqyaslı əməkdaşlıqdan söhbət gedir. ABŞ təbii ki, bundan narahatdır və bu fonda müxtəlif manevrlər edir. Bu manevrlərin arxasında ABŞ-ın Türkiyəni yenidən öz əhatə dairəsinə cəlb etmək niyyəti dayanır. Ancaq gərək onlar da Türkiyənin bir sıra şərtlərinə əməl etsinlər”.
Qeyd edək ki, 2017-ci ilin dekabrında Türkiyə Rusiyadan iki ədəd S-400 zenit-raket kompleksinin alınmasına dair müqavilə imzalayıb. ABŞ və NATO nümayəndələri bu anlaşmanı birmənalı şəkildə tənqid ediblər. Birləşmiş Ştatların dövlət katibinin köməkçisi Uess Mitçell müqavilənin F-35-lərin Türkiyəyə çatdırılmasına neqativ təsir göstərəcəyini vurğulayıb.
Bir qrup amerikalı senator isə F-35-lərin Türkiyəyə çatdırılmasına əngəl yaradan qanun layihəsi hazırlayıb. Buna baxmayaraq bu günlərdə Vaşinqtonda ABŞ dövlət katibi Mayk Pompeo ilə danışıqların yekununda mətbuat konfransı keçirən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu qırıcı-bombardımançı təyyarələrin çatdırılmasına dair müqavilənin qüvvədə qaldığını bildirib. O əlavə edib ki, ilk təyyarə Türkiyəyə iyunun 21-də çatdırılacaq.