12 İyul 2018 12:02
1 735
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com hazırda Gəncə şəhərində olan Milli Məclisin deputatı Musa Urudla müsahibəni təqdim edir.

- Musa müəllim, Gəncədə baş verən məlum hadisəyə münasibətiniz necədir?

- Azərbaycan dövlətini, inkişafımızı gözü götürməyən, Azərbaycan prezidentinin müstəqil siyasətini həzm edə bilməyən qüvvələrin ölkədə iğtisas yaratmaq, ara qarışdırmaq, sabitliyi pozmaq cəhdi olub. Amma bu cəhdin qarşısı Azərbaycan hüquq-mühafizə orqanları, habelə Gəncə sakinləri tərəfindən alınıb. Buna cəhd edən şəxslərin müəyyən hissəsi saxlanılıb, müəyyən hissəsi də axtarışdadır. Azərbaycan dövləti bu xainlərə öz sərt üzünü göstərəcək, onlar haqqında qanunlara uyğun ciddi tədbirlər görüləcək.

- Dünən hadisə zamanı şəhid olan polis zabitlərinin dəfn mərasimi keçirilib. Siz dəfndə iştirak etmişiniz?

- Mən dünəndən Gəncədəyəm. Biz dünən iki qəhrəman polis zabitini dəfn etdik. Dəfn mərasimində on minlərlə gəncəli iştirak etdi. Hansı ki, onlar öz həyatlarını Azərbaycan dövlətçiliyi uğrunda qurban verdilər, şəhərdə sabitliyin qorunması naminə həyatlarından keçdilər. Allah onlara rəhmət etsin. Bu qətl hadisəsini törədənlər layiqli cəzalarını alacaqlar.

- Hazırda Gəncədə vəziyyət necədir?

- Gəncədə tam sakitlikdir, insanlarımız gündəlik işləri ilə məşğul olur. Şəhərdə əmin-amanlıq hökm sürür. Hazırda Gəncə parkında sakinlərlə, seçicilərimizlə söhbət edir, çay içirik. Hər şey qaydasındadır. Dövlət strukturları öz işini davam etdirir, heç bir problem yoxdur. Yəqin ki, hüquq-mühafizə orqanları cinayətkarların tapılıb ədalət mühakiməsinə təqdim edilməsi istiqamətində işini ciddi şəkildə aparacaq.

- Əhalinin Gəncədə sabitliyi pozan radikal ekstremist qüvvələrə münasibəti ncədir?

- Münasibət çox pisdir. Əhali Azərbaycan prezidentinin apardığı siyasətə tam dəstək verir. Bu ağır sınaq dövründə Gəncə sakinləri Azərbaycan dövlətinin yanında, cənab prezidentin apardığı siyasətin arxasında olduqlarını göstərdilər. Artıq bir neçə gündür görürük ki, bizim vətəndaşlarımız, ictimai-siyasi baxımdan fəal şəxslər, din adamları bu terror hadisələrini pisləyir, dövlətçiliyin qorunmasına hazır olduqlarını ifadə edirlər.

- Gəncə hadisələri zamanı terrorçu-ekstremistlərin mövqeyindən çıxış edən şəxslərə rast gəlindimi?

- Çox təəssüflə deyim ki, ölkədən kənarda olan milli satqınlarımız Azərbaycanda sabitliyin pozulması üçün əllərindən gələni etməyə çalışdılar. Sosial şəbəkələr, internetdə ayrı-ayrı saytlar vasitəsilə qeyri-qanuni çağırışlar oldu, insanları iğtisasa çağırmaq cəhdləri oldu. Fikrimcə, bizim hüquq-mühafizə orqanları o şəxslərlə də məşğul olmalıdır. Aydındır ki, onlar Azərbaycanda yaşamırlar, hətta onlar Azərbaycan vətəndaşlığından çıxmış olsa belə bir ölkədə sabitliyi pozmaq, anti-konstitusiyon çağırışlar edirlərsə, beynəlxalq qanunlara əsasən, barələrində tədbirlər görülməlidir. Hesab edirəm ki, Azərbaycan hüquq-mühafizə orqanları bu məsələni nəzərə almalıdır. Ümummilli lider Heydər Əliyevin “müstəqillik Azərbaycan xalqının tarixi nailiyyətidir, bizim müstəqillikdən böyük bir dəyərimiz yoxdur” ifadəsi var. Biz bu dəyərimizi hamılıqla qorumalıyıq.


Müəllif: Cavad

Oxşar xəbərlər