12 İyul 2018 14:51
1 048
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü bir neçə baxımdan diqqət çəkir. Əvvəla, bu görüş aprel-may aylarında Ermənistanda baş vermiş hakimiyyət dəyişikliyindən sonra baş tutan ilk görüşdür. İkincisi, tərəflər bir neçə ay sonra yenidən danışıqlar masasına qayıdıblar. Bu baxımdan görüş müsbət amildir.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Fikrət Sadıqov bildirib.

Müsbət amilin nədən ibarət olmasını izah edən F.Sadıqov deyib:

“Ermənistanın yeni hakimiyyəti danışıqlar prosesində qondarma Dağlıq Qarabağ rejiminin iştirak etməsinin vacibliyini dəfələrlə bəyan etmişdi. Ancaq Ermənistan tərəfi faktiki olaraq öz bəyanatlarına zidd addım atdı. Artıq aydın oldu ki, Dağlıq Qarabağdakı separatçı rejim heç bir halda bu danışıqlarda iştirak etməyəcək. Bunu Ermənistan tərəfinə yeni siyasi zərbə kimi də qiymətləndirmək olar”.

F.Sadıqov qeyd edib ki, digər məqam görüşün 4 saat davam etməsi ilə bağlıdır:

“Maraqlıdır, Ermənistan tərəfi bu görüşün tanışlıq xarakteri daşıdığını deyib. Halbuki, tanışlıq xarakteri daşıyan görüş 4 saat davam edə bilməz. Bu, cəfəngiyyatdır. Görünür, Ermənistan tərəfi prosesləri öz xeyrinə yönəltmək və ictimaiyyəti aldatmaq istəyir. Görüşdə ciddi məsələlər müzakirə olunub və mən düşünürəm ki, Azərbaycan tərəfi kifayət qədər qəti və prinsipial şəkildə öz mövqeyini təsdiq edib. Bizim mövqeyimiz dəyişilməz olaraq qalır. Torpaqlarımızı azad etmək istiqamətində bütün vasitələrdən istifadə edirik və edəcəyik. Mən Azərbaycan xarici işlər nazirinin danışıqlar zamanı bu mövqeni yenidən təsdiq etdiyinə şübhə etmirəm. Düşünürəm ki, Ermənistan tərəfi bu reallığı hər halda qəbul edib və özləri üçün müəyyən nəticə çıxarıb”.

Qeyd edək ki, dünən Brüsseldə Azərbaycan və və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanın ATƏT-in Minsk Qrupu həmsədrlərinin (İqor Popov-Rusiya Federasiyası, Stefan Viskonti-Fransa və Əndrü Sxofer-ABŞ) vasitəçiliyi ilə ilk görüşü keçirilib. Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edib. Azərbaycan XİN-in yaydığı məlumata görə, görüş 4 saata yaxın davam edib. Bundan əvvəl isə xarici işlər naziri Elmar Məmmədyarovla həmsədrlər arasında ayrıca görüş keçirilib.

“Görüş əsnasında Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi ətraflı müzakirə olunub və mövcud danışıqlar formatının davam etdirilməsi qeyd olunub. Həmçinin, danışıqlar prosesinin irəli aparılması üçün növbəti addımlara və həmsədrlərinin fəaliyyət planlarına dair fikir mübadiləsi aparılıb”, – XİN-in məlumatında belə deyilir.


Müəllif: Səxavət

Oxşar xəbərlər