17 İyul 2018 14:11
1 097
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat Partiyasının başqanının müavini Fərəc Kərimli bir müddət öncə partiya Məclisinin üzvlüyündən və təşkilat sıralarından istefa verən Vasif Sadıqbəyli barəsində ittihamlar səsləndirib.

F.Kərimli V.Sadıqbəylinin fəaliyyətini Gələcək Azərbaycan Partiyasında davam etdirəcəyi xəbərinə reaksiya verərək deyib ki, Vasif Sadıqbəyli Müsavatdan istefa verməsinin səbəbləri barədə yanlış məlumat verir.

“Niyə yalan danışırsan? Mənimlə necə üz-üzə gələcəksən? İstefa verməyinin səbəbini biz ona görə açıqlamadıq ki, camaatın lağ yeri olmayasan” - F.Kərimli bildirib.

V.Sadıqbəyli isə onun dediklərinə belə münasibət bildirib: “Məni Müsavat başqanının müşaviri vəzifəsinə təyin edəcəyinizi vəd etmişdiniz. Bunu mən deməmişdim. Necə ki, partiya Məclisinin üzvülüyünə namizədliyimi siz irəli sürdünüz. Dediniz ki, yerlər boş qalır”.

O, sosial şəbəkələrdə saxta profillərdən istifadə etməsi ilə bağlı ittihama da cavab verib: “Heç vaxt saxta profildən istifadə etməmişəm. Zamanında ən böyük profillərin, böyük səhifələrin ("Azəri qızı Günel" və başqa səhifələr) parollarını sən qırmamısanmı? İstəsən, həmin səhifələrin indiki adlarını da açıqlayaram. Niyə bir aydır susmuşdun? Çünki tapşırıqla idarə olunursan. Yerinə yetirməsən cəzan ağır olar. Sonda onu da deyim ki, iç üzünüzün açıldığına sevindim və bir daha sizlərlə yolumu ayırdığıma görə qürurlandım... Getdikcə daha da batırsınız”.


Müəllif: Mənbə/Report