Paşinyan hökuməti öz ölkəsinin və xalqının gələcəyini düşünürsə, konstruktiv mövqe nümayiş etdirməli, öz sələflərinin səhvlərini təkrarlamamalıdır. Dünyanın ən güclü 30 ordusundan biri olan Azərbaycan ordusu Ali Baş Komandanın əmrini gözləyir və bir həftə yetərlidir ki, bütün işğal olunan torpaqlarımızda üç rəngli bayrağımız dalğalansın. O gün uzaqda deyil.
Teleqraf.com-un məlumatına görə, bu fikirləri Milli Məclisin deputatı Musa Quliyev deyib.
Onun sözlərinə görə, Lələtəpə və Günnüt əməliyyatları da bu həqiqəti əyani şəkildə nümayiş etdirdi: “Əgər onlar bu regionda yaşamaq istəyirsə, qonşuları ilə münasibətləri normallaşdırmalı, müxtəlif əsassız iddialardan əl çəkməlidirlər. Erməni rəhbərliyi anlamalıdır ki, Azərbaycanın ərazi bütövlüyü təmin edilməyənə, məcburi köçkünlər öz ata-baba torpaqlarına qayıtmayana qədər ədalətli sülhdən danışmaq olmayacaq. Ermənistan işğalçı siyasətini uzun zaman davam etdirə bilməyəcək”.
Deputatın fikrincə, müxtəlif bəhanələrlə danışıqlardan yayınan Ermənistan rəhbərliyi başa düşməlidir ki, danışıqları uzada bilərlər, amma Azərbaycan torpaqlarını uzun zaman işğal altında saxlaya bilməyəcəklər: “Qafqaza ermənilərin köçürülməsi və Azərbaycan torpaqlarında erməni dövlətinin qurulması vaxtilə çar Rusiyasının müsəlman əhalinin yaşadığı İrana və Osmanlı İmperatorluğuna qarşı xristian buferi yaradılması məqsədi güdürdü. İndi də istər Qərb, istərsə də Rusiya Ermənistandan təzyiq vasitəsi kimi öz maraqları üçün istifadə edirlər. İşğalçı Köçəryan-Sərkisyan xunta rejiminin Ermənistanda hakimiyyətə gətirilməsi və uzun müddət iqtidarda qalması bir xarici gücün maraqlarına xidmət edirdisə, Paşinyanın ortaya çıxması və gözlənilmədən hakimiyyətə yiyələnməsi, görünür, ağaların əlcək dəyişməsi və vassalın ağa dəyişməsi prosesinin ifadəsidir”.
Millət vəkili hesab edir ki, bu dəyişmədə ermənilər həmişəki kimi yenə də alət rolunu oynayır: “Ermənistan iqtisadi, siyasi böhran, sosial səfalət içərisindədir. Ölkədə yoxsulluq 30, işsizlik 20 faiz həddindədir, hər il Ermənistanı 50 min insan, özü də əmək qabiliyyətli əhali tərk edir və geriyə qayıtmır. Ölənlərin sayı doğulanların sayını üstələyir, Ermənistan qocalan və içəridən çürüyən bir ölkə halındadır. Bu proses getdikcə dərinləşməkdədir. Paşinyan adminstrasiyasının Qərb qarşısında müxtəlif referanslar etsə də, ermənilərin Rusiyadan asanlıqla qopacağına inanmaq çox çətindir”.