Almaniya Kansleri Angela Merkelin Cənubi Qafqaz səfəri region üçün xüsusi əhəmiyyət kəsb edir. Hesab edirəm ki, Merkelin səfər proqramında əsas prioritetlər Azərbaycan və Gürcüstandır.
Bunu Teleqraf.com-a politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloq qeyd edib ki, Almaniya üçün Azərbaycanla əməkdaşlıq Gürcüstan və Ermənistanla müqayisədə daha vacib əhəmiyyət kəsb edir:
“Almaniyanın təbii qaza olan ehtiyacı və enerji məsələsində Rusiyadan asılılığı onu yeni alternativlər axtarışına çıxarıb. Bu baxımdan, Azərbaycanın Cənub Qaz Dəhlizi və onun əsas seqmentləri olan TANAP və TAP qaz kəmərləri Almaniyanın diqqətini çəkir. Azərbaycanın qlobal enerji təchizatında mühüm yer tutması Avropanın enerji bazarının şaxələndirilməsinə verdiyi töhfə Berlinin Azərbaycanla əməkdaşlığında yeni səhifələr açır”.
Cənubi Qafqazda Rusiya və Qərb arasında nüfuz savaşı uğrunda mübarizənin şiddətləndiyini deyən M.Əsədullazadə qeyd edib ki, son zamanlarda Gürcüstan və Ermənistanda baş verən siyasi gərginlik bunun nəticəsidir: “Almaniya da Avropa İttifaqının aparıcı ölkəsi olaraq regionda baş verən prosesləri diqqətlə izləyir. Buna görə də Almaniya region ölkələri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı genişləndirmək üçün yeni siyasi kurs götürüb.
Hesab edirəm ki, Almaniyanın regiondakı fəallığı Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verə bilər. Almaniya Fransadan fərqli olaraq, münaqişənin həllinə ədalətlə yanaşır və Rusiyaya qarşı öz şərtlərini diktə edir”.