Rusiya-Azərbaycan ikitərəfli münasibətləri daim aktuallıq kəsb edən və ölkələrimizin maraqları baxımından zərurət kimi çıxış edən münasibətlərdir. Ona görə də Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına səfəri ikitərəfli münasibətlərdə yeni keyfiyyət mərhələsi yaradacaq.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
O qeyd edib ki, hazırda Rusiya Federasiyasının da daxil olduğu geniş mənada regionumuzda çox mühüm tarixi hadisələr baş verir:
“Bu, dövlətlərin milli maraqlarının və təhlükəsizliyinin təmin olunması üçün yeni şərtlər irəli sürür. Belə mərhələdə qonşu, dost və strateji müttəfiq ölkələrin prezidentlərinin görüşü həm yeni iqtisadi şərtlərin, həm də yeni siyasi-humanitar şərtlərin formalaşması baxımından olduqca əhəmiyyətlidir. Nəzərə alsaq ki, son dövrlərdə müsəlman şərqində baş verən hadisələrdə yeni hərbi-siyasi tendensiyalar müşahidə olunur və bunlar daha da aqressivləşməkdədir, o zaman münasibətlərin hazırkı mərhələdə bir daha nə qədər aktual olduğu ortaya çıxır”.
Hikmət Babaoğlu əlavə edib ki, Rusiya-Azərbaycan münasibətləri təkcə ikitərəfli münasibətlər kontekstində deyil, həm də bütövlükdə regionun gələcəyi baxımdan qiymətləndirilməli olan münasibətlərdir:
“Çünki Rusiya-Azərbaycan münasibətlərinin keyfiyyəti bütövlükdə regionun geostrateji müvazinətini formalaşdıran münasibətlərdir. Əgər biz bir qədər daha geniş konteksdə nəzər yetirsək görəcəyik ki, Rusiya-Azərbaycan münasibətləri üçtərəfli və dördtərəfli formatlarda da əhəmiyyət kəsb edir. Həm ikitərəfli görüş, həm də yeni çoxtərəfli görüşlər üçün zəmin yaradır. Bu, Rusiya-Türkiyə-Azərbaycan, Rusiya-İran-Azərbaycan münasibətləri kimi xarakterizə etdiyimiz üçtərəfli diplomatik müstəvilər içində yeni tərəfdaşlıq imkanları yaradır.
Heç şübhəsiz ki, bu münasibətlərdə bizim üçün hər şeydən öncə Azərbaycanın maraqları dayanır. Rusiya-Azərbaycan münasibətlərinin çox qədim kökləri var. Hazırda Rusiya Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biridir. Bu iki ölkə qarşılıqlı şəkildə bir-birinə investisiya qoyan ölkədir. Azərbaycan Rusiya Federasiyasına 1 milyarddan çox sərmayə qoyub. Rusiya Federasiyasının Azərbaycandakı yatırımı təqribən 4 milyard, ticarət dövriyyəmiz isə 3 milyarddır. Soçi görüşündə bütün bu məsələlər müzakirə olunacaq”.
Deputat əlavə edib ki, Rusiya hazırda iqtisadi münasibətlərdə Azərbaycanın qeyri-neft sektoru məhsullarını ən çox ixrac etdiyi ölkədir:
“Buna görə də regionun qarşılıqlı şəkildə çox böyük inteqrasiya potensialı var və bu, qarşılıqlı maraqlara cavab verir. Görüşdə iqtisadi münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması, birgə müəssisələrin yaradılması, Rusiya Federasiyası regionları və Azərbaycan arasında olan münasibətlərin daha da inkişaf etdirilməsi, o cümlədən Xəzərin yurisdiksiyasını tənzimləyən yeni konvensiya imzalandıqdan sonra yeni statusda Xəzərin iqtisadi potensialının,yeni kommunikasiya vasitələrinin və karbohidrogen ehtiyatlarının istismarının yendən qiymətləndirməsi kimi məsələlər müzakirə olunacaq.
Bundan başqa, biz bilirik ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli məsələsi Rusiya-Azərbaycan münasibətlərində, bütün görüşlərdə prioritet təşkil edir. Bu problemin həlli ilə bağlı dövlət başçıları arasında müzakirələrin aparılması gözlənilir.
Bütövlükdə, bu səfər olduqca mühüm əhəmiyyət kəsb edir. Regionumuz və qonşu strateji müttəfiq olduğumuz digər ölkələrin mənafeyi və yeni əməkdaşlığın yaranması imkanları baxımından da bu səfər olduqca əhəmiyyətli bir səfərdir”.