3 Sentyabr 2018 20:14
1 169
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanın xarici siyasət prioritetləri sırasında qonşu ölkələrlə qarşılıqlı faydalı münasibətlərin qurulması xüsusi yer tutur. Bu mənada ölkəmizin Rusiya ilə uzun illərdir mövcud olan və daha da möhkəmlənən, inkişaf edən əlaqələrini vurğulamaq lazımdır. Azərbaycan ilə Rusiyanı dostluq və əməkdaşlıq ənənələri bağlayır. Ölkələrimiz arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Rusiya Azərbaycanın tarixi dostu və tərəfdaşıdır. Bu günlərdə möhtərəm Prezidentimiz İlham Əliyevin Rusiyaya rəsmi səfəri zamanı hər iki dövlət başçısının bəyanatlarında bu mühüm məqamlar xüsusi olaraq vurğulanıb, prezidentlərin iştirakı ilə gələcək əlaqələrin daha da möhkəmləndirilməsinə hesablanan sənədlər imzalanıb”.

Bu fikirləri KİV-ə açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, ölkələrimiz arasında əldə olunan razılaşmalar, imzalanan sənədlər uğurlu əməkdaşlıq üçün yeni imkanlar açır: “Rusiya və Azərbaycan hökumətləri arasında 2024-cü ilə qədər əməkdaşlıq Proqramı, Rusiya-Azərbaycan əməkdaşlığının əsas istiqamətlərinin inkişafı üzrə fəaliyyət planı, bununla yanaşı, turizm, idman, rəqəmsal nəqliyyat sistemləri, malların hava nəqliyyatı ilə daşınması üçün gömrük hüquqpozmalarına qarşı mübarizə, Azərbaycanda “QAZ” ticari avtomobillərinin yığım istehsalının inkişafı, neft-qaz, eləcə də digər mühüm sahələri əhatə edən sənədlərin imzalanmasını məxsusi olaraq qeyd etmək lazımdır. Bununla ölkələrimiz arasında iqtisadi əməkdaşlığa dair yol xəritələrinə uyğun əmtəə dövriyyəsi daha da artacaq. Birgə nəqliyyat layihələri çoxsaylı ölkələri əhatə edəcək, tranzit imkanları artacaq, minlərlə yeni iş yeri açılacaq. Göründüyü kimi, möhtərəm Prezidentimizin Rusiyaya bu dəfəki rəsmi səfəri də kifayət qədər mühüm məqamlarla zəngindir və böyük əhəmiyyətə malikdir.”

“İki sahil” qəzetinin baş redaktoru əlavə edib ki, bu gün ölkələrimiz arasındakı münasibətlərdə xüsusi dinamizm müşahidə edilir: “Ölkələrimiz arasında tamdəyərli tərəfdaşlıq, dostluq, mehriban qonşuluq münasibətləri var. Mehriban dostlar və qonşular arasında münasibətlər belə də olmalıdır” deyən möhtərəm Prezidentimiz İlham Əliyev vurğulayıb ki, Rusiya idxala görə Azərbaycan üçün bir nömrəli tərəfdaşdır, qeyri-neft sahəsi ixracatçılarımız üçün birinci yerdədir. Doğrudan da Azərbaycan-Rusiya iqtisadi əlaqələri çox fəaldır. Rusiya Prezidentinin səsləndirdiyi fikirlər, açıqladığı rəqəmlər bir daha bunu sübut edir. Ötən il ölkələrimiz arasında əmtəə dövriyyəsi 2,5 milyard dollara çatıb. Rusiyanın ölkəmizə birbaşa kapital qoyuluşu 1,5 milyard dollar təşkil edib. Bizim bazarımızda təxminən 700 birgə müəssisə var və onlardan da üçdə biri 100 faizlik Rusiya kapitalı ilə fəaliyyət göstərir. Rusiya-Azərbaycan İşgüzar Şurası təkcə ötən il ümumi dəyəri 450 milyon dollar olan 42 birgə layihəyə dəstək göstərib. Bütün bunlarla yanaşı, neft-qaz sahəsində də əməkdaşlığımız uğurla davam edir.”
Vüqar Rəhimzadə vurğulayıb ki, səfər zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılıb, möhtərəm Prezidentimiz ümidvar olduğunu bildirib ki, münaqişənin nizamlanmasında Rusiyanın səyləri davam edəcək. Öz növbəsində cənab Vladimir Putin ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiyanın bu münaqişənin sülh yolu ilə nizamlanmasına bütün mümkün köməyi göstərməkdə davam edəcəyini qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər