İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə Urmiya gölü ilə bağlı ekoloji fəlakətin yaranma səbəbləri barədə mənim üçün yeni olan xeyli bilgilər verdi. Diplomat söylədi ki, əvvəllər düyü və taxıl əkini ilə bağlı suvarma üçün çox su ehtiyatı sərf olunmurdu, sonrakı dövrdə alma bağları salındı və müəyyən dərəcədə məskunlaşma da artdı, alma bağlarının suvarılmasına daha çox suyun sərf edilməsi gölün qurumasının əsas səbəblərindən birinə çevrildi. Cavad Cahangirzadə İran parlamentində Urmiyadan deputat seçilib və bu məsələlərlə xeyli məşğul olub.
Teleqraf.com xəbər verir ki, Milli Məclisin deputatı Fazil Mustafa İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadənin dəvəti ilə baş tutan görüş barədə danışarkən deyib.
Fazil Mustafa bildirib ki, gölün qurumasının səbəbinin açıqlanması onun üçün maraq kəsb edir: “Dövlətin birdən-birə öz ərazisində olan gölü qurutmaq üçün addım atması müəyyən məqamlarda inandırıcı gəlmir. Çünki büdcədən vəsait ayrılmalıdır, həmçinin miqrasiya və digər çətinliklər ortaya çıxır. Ola bilsin başqa amillər də var, amma əsaslandırıldı ki, əsas amil bu məsələdir”.
Deputat qeyd edib ki, görüşdə İranla Azərbaycan arasında gələcək iqtisadi layihələr, ticarət dövriyyəsinin artma potensialı barədə müzakirə aparılıb: “Eyni zamanda İranın Ermənistana dəstək məsələsində tənqidi baxışlarımızı səfirin diqqətinə çatdırdıq. Cavad Cahangirzadə bunun heç bir halda Azərbaycana qarşı yönəlmədiyini söylədi. Müqayisələr apararaq İran Prezidenti Həsən Ruhaninin Azərbaycana münasibətdə həssas davranış sərgilədiyi vurğuladı.
Bildirildi ki, İran dövlət başçısı cəmi 1 dəfə Ermənistanda olub, 6-7 dəfə Azərbaycan prezidenti ilə görüşüb, münasibətləri yüksək səviyyədədir. Onun sözlərinə görə, bu, İranın Azərbaycana olan münasibətinin göstəricisidir.
Güney Azərbaycanla bağlı məsələlərə də toxunduq. İranın daxili işlərinə qarışma niyyəti güdmədiyimizi qeyd edərək oradakı soydaşlarımızın mədəni haqları, dil, məktəb məsələlərini qaldırdım. Səfir məsələnin İran qanunvericiliyi ilə həllini tapa biləcəyini və buna daxili məsələlər kimi baxılmasının daha doğru olduğu qənaətindədir.
Belə fikir ifadə etdi ki, əgər Azərbaycanın daxili işinə qarışmırıqsa, gərək buradan da belə addımlar olmasın. Vurğuladım ki, səmimiyyətimizi göstərən əsas amil İrana qarşı hər hansı əməliyyat üçün meydana çevrilməmişik.
Doğrudan da bölgədə hər hansı savaş çıxarsa, bunun alovu birinci Azərbaycana gəlib çatacaq. Qarşılıqlı ortaq düşüncəyə sahib olduğumuzu gördük. İranla ən azı dost ölkə olmağa üstünlük verdiyimizi bildirdim. Onlar da cavabında qardaş olmağa daha çox önəm verdiklərini dedilər. Mən də söylədim ki, qardaşlıq üçün Türkiyə Ermənistanda səfirlik açmadı, diplomatik münasibətlər qurmadı, İran bu mərhələni aşarsa, qardaşlığımız üçün maneəmiz qalmır. Bu istiqamətdə geniş söhbətləşdik”.
Fazil Mustafa səfirlə 3 saatlıq görüşün faydalı olduğunu vurğulayıb: “İran bizim hansı qırmızı cizgilərimiz olduğunu bilir. Onlar da baxışlarında hansı narahatedici məqamlar olduğunu dedilər. Hesab edirəm ki, indiki səfir əvvəlkilərdən fərqli olaraq cəmiyyətə xeyli açıq insandır. Bir neçə dəfə ayaqüstü görüşlərdə də bunu müşahidə etmişdim.
Azərbaycanın mahiyyətinin bilən, azərbaycanlı mühitini parlamentdə təmsil etmiş, ən azı soydaşlarımızın problemləri haqda bilgiləri geniş olan təcrübəli diplomatdır. Bu təmasların hər iki dövlət və cəmiyyət üçün faydasının olacağını düşünürəm. Uzaqdan-uzağa hansısa fikir bildirəndə bəzən anlaşılmazlıq yaranır, üz-üzə düşüncələri, fikirləri, hətta problemləri bir yerdə müzakirə edib anlayışlı mövqe ortaya qoymağın əhəmiyyəti daha böyükdür”.
Deputat səfirlə Azərbaycan dilində ünsiyyət qurduğunu deyib: “Səfir Azərbaycan dilini çox səlis bilir. Hətta onun köməkçisi milliyyətcə lor olsa belə Azərbaycan türkcəsində kifayət qədər gözəl danışırdı”.