21 Sentyabr 2018 11:49
1 197
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT İnsan Hüquqları Şurasının (İHŞ) 39-cu sessiyası çərçivəsində Universal Dövri İcmal (UDİ) üzrə İşçi Qrupunun Azərbaycanın 3-cü dövri məruzəsi üzrə hesabatın qəbul edilməsi ilə bağlı iclası keçirilib.

XİN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, açılış nitqi ilə çıxış edən xarici işlər nazirinin müavini Xələf Xələfov UDİ üzrə baxışda ölkəmizə təqdim olunmuş 259 tövsiyədən əksəriyyətinə dəstək verildiyi, onların bir hissəsinin artıq həyata keçirildiyini və qalan tövsiyələrin isə həyata keçirilməkdə olduğunu bildirib.

Nazir müavini ölkəmizin BMT-nin müqavilə qurumları və UDİ mexanizmi çərçivəsində əməkdaşlığa önəm verdiyini vurğulayıb.

O, sözügedən mexanizmlər çərçivəsində Azərbaycana münasibətdə qəbul edilmiş tövsiyələrin icrasına nəzarəti daha da gücləndirmək məqsədilə milli mexanizm kimi fəaliyyət göstərəcək işçi qrupun yaradılması haqqında Azərbaycan prezidentinin sərəncamı barədə məlumat verib.

Azərbaycanın iqtisadi göstəricilərinin artmasının davamlı və ardıcıl inkişafın göstəricisi olduğunu söyləyən Xələf Xələfov Azərbaycan Hökuməti tərəfindən iqtisadi-sosial, o cümlədən dayanaqlı inkişaf, səhiyyə, təhsil, qadın, uşaq, əlillərin hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlər haqqında məlumatı diqqətə çatdırıb. Eyni zamanda, o, qaçqın və məcburi köçkünlərin iqtisadi-sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülmüş işlərə toxunaraq, 2016-cı ilin aprel ayında Ermənistanın işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı həyata keçirilən işlər barədə Şuranı məlumatlandırıb.

Xələf Xələfov son 30 il ərzində torpaqlarımızın bir hissəsinin Ermənistan tərəfindən işğalı nəticəsində qaçqın və məcburi köçkünlərin əsas hüquqlarının pozulduğunu qeyd edib: “BMT-nin İnsan Hüquqları Şurasını, eləcə də onun xüsusi mexanizmlərini və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarını BMT-nin Təhlükəsizlik Şurası və Baş Assambleyasının müvafiq qətnamələrinə uyğun olaraq, azərbaycanlı qaçqın və məcburi köçkünlərinin pozulmuş hüquqlarının bərpası istiqamətində ciddi addımlar artmağa çağırırıq. Ermənistan BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının müvafiq qətnamələrinə məhəl qoymur. Təəssüflə qeyd edilməlidir ki, Ermənistanın yeni rəhbərliyinin son bəyanatları danışıqlar prosesini niyyətli olaraq pozur və Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının möhkəmləndirilməsinə xidmət edir və bununla regionu yeni təhlükələrlə üz-üzə qoyur”.

Nazir müavini bəyan edib ki, danışıqlar prosesini pozulması və regionda gərginliyin artmasında tam məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür.

Xələf Xələfov Ermənistan rəhbərliyini dövlətlərin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanımış sərhədlərinin pozulmazlığı və ölkəmizin bütün işğal olunmuş ərazilərinin şərtsiz azad olunması əsasında münaqişənin həlli istiqamətində konstruktiv mövqe tutmağa çağırıb.

İclas zamanı bir çox ölkələrin nümayəndələri çıxış edərək, ölkəmizin UDİ üzrə növbəti prosesinin uğurla və müvəffəqiyyətlə həyata keçirilməsi və ölkəmizin nümayəndə heyətinin konstruktiv iştirakına görə Azərbaycan tərəfini təbrik edib, Azərbaycanın UDİ üzrə hesabatının İHŞ tərəfindən yekdilliklə qəbul edilməsini tövsiyə ediblər.

İclasın sonunda UDİ üzrə İşçi Qrupunun Azərbaycanın baxışı üzrə hesabatı İHŞ tərəfindən yekdilliklə qəbul olunub.


Müəllif: Nərgiz

Oxşar xəbərlər