Bakıdakı “Nobel qardaşları” şirkətinin Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ilə hər hansı əlaqəsi olmayıb. Bunu Teleqraf.com-a açıqlamasında cümhuriyyət dövrü tarixinin tədqiqatçısı, tarix elmləri namizədi Nəsiman Yaqublu deyib.
Bununla belə o nə vaxtsa arxiv sənədlərində belə bir əlaqələrin tapıla biləcəyini istisna etməyib:
“Mən tədqiqat zamanı cümhuriyyət dövründə cümhuriyyət qurucuları ilə xüsusən xarici ölkələrdən olan neft şirkətlərinin sahibləri arasında hər hansı təmaslara, əlaqələrə rast gəlməmişəm. Ola bilsin ki, gələcəkdə bu istiqamətdə dərin araşdırmalar aparıb müəyyən nəticələr ortaya qoymaq olar”.
Nəsiman Yaqublu əlavə edib ki, fəaliyyətdə olduğu 23 ay ərzində cümhuriyyət qurucuları xarici şirkətlərin, o cümlədən neft şirkətlərinin işinə çox da müdaxilə etmirdilər: “Çünki dövlət hələ güclü deyildi. Digər tərəfdən neft sahəsində ciddi islahatlar aparılmamışdı ki, onların hər hansı problemi çıxsın, yaxud onlardan nəyə görəsə razılıq alsınlar.
Elə bir islahatlara başlanılmamışdı. Hətta Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının sədri Nəsib bəy Yusifbəylinin məktubu var ki, Azərbaycan neftini gəlin Azərbaycanın öz puluna sataq ki, milli valyutamız daha da güclənsin.
Bir müddət Batum limanına neft göndərilməsi mümkün olmadı. Bu məsələ problemə çevrilmişdi. Rusiyaya isə neftin göndərilməsinə ingilislər etiraz edir, buna imkan vermirdilər. Rusiyanın o dövrə qədər istehlak etdiyi neftin 80 faizə yaxını Bakıdan gedirdi. Bu da Rusiya ilə münasibətlərdə problemə çevrilirdi.
Demək istəyirəm ki, həmin dövrdə neft şirkətlərinin işi bir qədər problemli idi. Məsələn, Hacı Zeynalabdin Tağıyevə çox da toxunmurdular. Digər milyonçulara çox da toxunmaq istəmirdilər. Çünki onların geniş şəbəkələri var idi. Hətta bolşeviklər o dövrdə mövcud olan situasiyadan istifad edib tətil elan etmək istədilər. Tətil vaxtında yatırıldı.
Demək istəyirəm ki, cümhuriyyəi quranlar və onu idarə edənlər çox ağıllı insanlar idi. Şirkətlərlə münasibətləri yaxşı saxlayırdılar. Bilirdilər ki, onların əlinin altında çoxlu işçi qüvvəsi var. Bolşeviklər iş aparıb onları dövlətin əleyhinə qaldırırdılar. Ona görə də onlar güclü şirkətlərlə münasibətləri qaydasında saxlamağı bacarırdılar”.
Həmsöhbətimiz bildirib ki, o dövrdə dünya neftinin 50 faizə yaxını Azərbaycanın payına düşdüyü üçün xalq cümhriyyəti neft sektoruna çox da müdaxilə edə bilmirdi:
“Yəni, o dövrdə belə bir gərgin situasiya var idi. Amma mən bütövlükdə xalq cümhuriyyətinin, yaxud onun hökumətinin ayrı-ayrı üzvlərinin fərdi şirkətlərlə münasibətlərinə dair faktlara rast gəlməmişəm”.