Görüş ərəfəsinin siyasi mənzərəsini cızarkən bu görüşün uğursuzluqla nəticələnə biləcəyi qənaətinə gəlmək olar.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Azərbaycan və Ermənistanın xarici işlər nazirləri – Elmar Məmmədyarov və Zoqrab Mnatsakanyan arasında BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində bu gün Nyu-Yorkda keçiriləcək görüşlə bağlı gözləntilərini bölüşən Q.Hüseynli qeyd edib ki, görüş ərəfəsində baş nazir Nikol Paşinyan, həmçinin Z.Mnatsakanyan uğursuz və əsassız bəyanatlar səsləndiriblər:
“Bütün bunlar danışıqlar prosesində hansısa kompromisə gəlməyin mümkünsüzlüyünü sübut edə bilər. Paşinyanın bəyanatları daha qeyri-ardıcıl, bir-biri ilə ziddiyyət təşkil edən, çoxu da diplomatik etiketdən kənar diletant bəyanatlardır. Xüsusi təkəbbürlə danışan bu insan belə qənaət yaradır ki, o, danışıqların tərəfdarı deyil. Danışıqlar prosesində isə hər hansı nəticəyə gəlməyi mümkünsüz edən, Azərbaycan tərəfindən qəbul olunması məqbul hesab edilməyən şərtlər irəli sürur. Məsələn, onun işğal altındakı 7 rayonun qondarma “Dağlıq Qarabağ Respublikası”nın konstitusiyasına əsasən, Dağlıq Qarabağa məxsus olması barədə səsləndirdiyi fikir, həmçinin Dağlıq Qarabağın işğalını “Dağlıq Qarabağın özünün şanlı hərəkatı” adlandırması kimi sərsəmləmələri sözün əsl mənasında kompromis, konstruktiv danışıqlar üçün heç bir yer qoymur. Yaxud, Mnatsakanyanın özü görüş ərəfəsində “Kəlbəcəri burada zəngin su ehtiyatları olduğu üçün qaytara bilmərik. Ağdamı ona görə qaytara bilmərik ki, Ağdam qondarma rejimin təhlükəsizliyi üçün müəyyən təhlükələr yarada bilər” şəklində açıqlama verib”.
Q.Hüseynli əlavə edib ki, bir sözlə, bu insanlar açıqlamalarında beynəlxalq hüququn norma və prinsiplərindən xəbərsiz olduqlarını, indiyədək aparılan danışıqlar prosesi barədə ciddi məlumatlarının olmamasını ortaya qoyurlar:
“Yaxud, bunu qəsdən təhrif edirlər. Bu da onu göstərir ki, populizm fonunda hakimiyyətə gəlmiş bu şəxslər küçə adamı və kütlə psixologiyasının daşıyıcılarıdır. Kütlə psixologiyasına uyğun olaraq hərəkət etməyi də özlərinə hədəf seçiblər. Bu mənada güman edirəm ki, bugünki danışıqlarda ciddi nəticələr əldə etmək mümkün olmayacaq”.