Ermənistanın Baş naziri Nikol Paşinyanın Düşənbə sammitindən sonra mövqeyinin xeyli dəyişdiyini müşahidə edirik. Artıq bu, onun səsləndirdiyi fikirlərdə də özünü göstərir.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Nəzakət Məmmədova deyib.
Onun sözlərinə görə, Azərbaycanın uğurlu diplomatik, hərbi demarşları, Ermənistanın mövqeyinin zəifləməsi işğalçı ölkənin baş nazirini artıq fərqli mövqedən çıxış etməyə vadar edir:
“Eyni zamanda, Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevin üstün işgüzar keyfiyyətlərinin onda dərin təəssürat doğurduğunu öz xalqı qarşısında etiraf edib. Onun mövqeyinin yumşalmasını bir neçə amillə əlaqələndirmək olar ki, bunların arasında qeyd etdiyimiz kimi, Azərbaycanın davamlı, getdikcə artan uğurları və bunun əksinə Ermənistan baş nazirinin eyforiyadan çıxıb real vəziyyəti dərk etdiyini qeyd edə bilərik.
Eyni zamanda, ABŞ Prezidenti Donald Trampla görüşün baş tutmaması, Putinin Ermənistana vəd etdiyi səfərdən qeyri-müəyyən vaxta qədər imtina etməsi, yəni faktiki iki böyük dövlət başçısının Ermənistan rəhbəri ilə görüşlərdən imtina etməsi Paşinyanı Azərbaycanla dialoq axtarma təşəbbüsünə vadar edib”.
Nəzakət Məmmədova hesab edir ki, Nikol Paşinyanın qarşısında duran əsas vəzifə, Dağlıq Qarabağ məsələsində güzəştdən uzaq, radikal mövqe tutan hərbi-siyasi şovinist dairələri və diasporu sülhə razı salmaqdan ibarətdir: “Doğrudur, onun buna qısa müddətdə asanlıqla nail olacağı inandırıcı deyil, lakin Levon Ter-Petrosyan kimi belə bir təşəbbüs təcrübəsi olan keçmiş prezidentin onun qeyri-rəsmi müşaviri olması, ABŞ-da müəyyən dairələrin sülh tərəfdarı olması ehtimalı və s. Paşinyana bu məsələdə yardım edə bilər”.
Qeyd edək ki, Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrin dövlət başçılarının Düşənbədə (Tacikistan) keçirilən sammitində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş olub.