26 Oktyabr 2018 18:40
568
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda səsləndirilən bəyanatlardan fərqli olaraq, ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton, Ermənistan-ABŞ münasibətlərindən bəhs edərkən “strateji tərəfdaş” terminindən istifadə etmədi. Bu bir daha onu göstərir ki, ABŞ üçün ən mühüm regional ölkə Azərbaycandır.

Bunu Teleqaf.com-a açıqlamasında siyasi şərhçi Ehtiram Aşırlı deyib.

O qeyd edib ki, həm enerji təhlükəsizliyi məsələsində, həm də Əfqanıstan strategiyasında ABŞ-a ciddi dəstək verən ölkə Azərbaycandır:

“Bu baxımdan Azərbaycan hər zaman ABŞ üçün regionda strateji tərəfdaş olaraq önəmini qoruyub saxlayacaq. Digər tərəfdən, hesab edirəm ki, Suriyaya göndərilən kontingentin rəsmi İrəvan tərəfindən yalnız humanitar olması barədə iddialarından asılı olmayaraq, bu, Ermənistan-ABŞ münasibətlərində ciddi problem yaradıb.

İrəvanda çıxış edən Con Bolton Ermənistana xarici təzyiqi zəiflətmək üçün ən yaxşı yolun Qarabağ münaqişəsi tərəflərinin birgə işləməklə həll yolu tapmaqdan ibarət olduğunu bəyan edib. Müşahidələrə əsasən onu deyə bilərik ki, bu bəyanat Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair ABŞ tərəfinin mövqeyinə tamamilə uyğundur”.

Ermənistandakı daxili siyasi vəziyyətə və bununla əlaqədar ABŞ rəhbərliyinin mövqeyinə gəldikdə isə siyasi şərhçi qeyd edib ki, ABŞ yeni Ermənistan hakimiyyətinə və Nikol Paşinyana hələ də tam olaraq etibar etmir.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər