21 Noyabr 2018 13:59
513
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) İzmirdə keçirilən 8-ci Şura iclası davam edir.

Teleqraf.com xatırladır ki, iclasda ölkəmizi spiker Oqtay Əsədovun rəhbərliyi ilə parlament nümayəndə heyəti təmsil edib. Nümayəndə heyətinin tərkibinə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, deputatlardan Hikmət Məmmədov, Nizami Cəfərov, İlham Əliyev, Sevinc Hüseynova, Sədaqət Vəliyeva, Ağalar Vəliyev, Parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.

Şura iclasına TÜRKPA-nın baş katibi və təşkilata digər üzv ölkələrin - Türkiyə, Qazaxıstan və Qırğızıstan parlamentlərinin nümayəndə heyətləri qatılıb.

İclasdakı çıxışında ötən on il ərzində TÜRKPA-nın ciddi siyasi çəkiyə malik olan beynəlxalq təşkilat kimi formalaşdığını diqqətə çatdıran Oqtay Əsədov qeyd edib ki, türkdilli ölkələrin ortaq parlament məclisinin fəaliyyəti dövlətlərimiz və xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin dərinləşməsinə kömək göstərməyə yönəlib:

“Siyasi, iqtisadi, mədəni və digər əlaqələrimizin həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə inkişafına TÜRKPA-nın verdiyi töhfənin ildən-ilə artması təşkilatın fəaliyyətinin səmərəli şəkildə qurulduğunu sübut edir. Təşkilatımız dünyanın 152 ölkəsinin üzv olduğu Parlamentlərarası İttifaqda, İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqında, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisində, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə, Asiya Parlament Assambleyasında müşahidəçi statusu alıb, ATƏT-in Parlament Assambleyasının fəaliyyətində xüsusi qonaq kimi iştirak etməsi barədə razılıq əldə edilib. Coğrafi-siyasi cəhətdən çox önəmli bölgələri əhatə edən Türkdilli Ölkələrin Parlament Assambleyasının yaradılması türk dünyasının beynəlxalq aləmdə artan nüfuzundan xəbər verir. Üzv ölkələrin parlamentləri bu təşkilat çərçivəsində sıx əməkdaşlıq edərək, bir sıra uğurlara imza atıblar. Azərbaycan parlamenti bu uğurlara sevinir və təşkilata ən yüksək səviyyədə dəstək verir. TÜRKPA-nın Beynəlxalq Katibliyinin Bakı şəhərində səmərəli fəaliyyəti üçün hər cür şərait yaradılıb”.

Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım, Qazaxıstan Parlament Məclisinin sədri Nurlan Niqmatulin və Qırğızıstan Joqorku Keneşinin sədri Dastanbek Cumabekov TÜRKPA-nın on illik şərəfli inkişaf yolundan, əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində görülən işlərdən, qarşıda duran vəzifələrdən danışıblar.
Sonra baş katib Altınbek Mamayusupovun təşkilatın 2018-ci ildəki fəaliyyətinə dair hesabat məruzəsi dinlənilib.
Assambleya Şurasının 8-ci iclasında təşkilata sədrlik Qırğızıstandan Türkiyəyə keçib.

Daha sonra Türkdilli Ölkələrin Parlament Assambleyasının yaranmasının 10 illik yubileyi ilə əlaqədar "TÜRKPA-nın ilk 10 ili və parlamentlərarası əməkdaşlığın gələcəyi: əməkdaşlığa dair yeni yanaşmalar” mövzusunda üç paneldən ibarət konfrans keçirilib. Konfransda rəsmi şəxslər, deputatlar, tanınmış elm və mədəniyyət xadimləri, türkoloq alimlər, beynəlxalq təşkilatların rəhbər şəxsləri iştirak ediblər.

Əvvəlcə TÜRKPA-nın yaranması və inkişaf yolunu əks etdirən film nümayiş olunub. Filmdə TÜRKPA-nın Bakı şəhərində yerləşən Mərkəzi Qərargahının təməlinin qoyulması, binanın açılışı, o cümlədən qurumun ölkəmizdə keçirdiyi tədbirlərdən, paytaxtımızın tarixi və müasir mənzərəli yerlərindən kadrlar əks olunub.

Konfransın açılışında Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun, Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırımın, Qazaxıstan Parlament Məclisinin sədri Nurlan Niqmatulinin, Qırğızıstan Joqorku Keneşinin sədri Dastanbek Cumabekovun və Macarıstan Milli Assambleyasının sədri Laszlo Köverinin çıxışları dinlənilib.

Açılış nitqində spiker Oqtay Əsədov Dağlıq Qarabağ problemindən danışıb, bu münaqişənin regional, beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdid olduğunu vurğulayıb: “Dünyadakı bütün münaqişələr hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normaları və prinsipləri, xüsusən onların arasında başlıca prinsip olan dövlətlərin sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyü prinsipi əsasında tez bir zamanda həll edilməlidir. İnanıram ki, bölgədə möhkəm sülhün bərpa edilməsi burada yaşayan bütün xalqların mənafelərinə cavab verər”.


Müəllif: Cavad

Oxşar xəbərlər