26 Noyabr 2018 11:00
670
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiyanın Krımı ilhaqı bu sualı aktuallaşdırdı: Azov dənizinin statusu necə olmalıdır?

Rusiya ilə Ukrayna arasındakı mübahisəyə qədər, yəni 2013-cü ilə qədər Azovla bağlı heç bir problem yox idi. İki ölkə arasında müvaqif sazişə görə, dənizdən birgə istifadə ilə bağlı saziş mövcud idi.

Bu saziş indi də ləğv olunmayıb. Sadəcə, Rusiya Krımı ilhaq etdikdən və Rusiyanın materik hissəsini Krımla biləşdirən körpü bu il istifadəyə verildikdən sonra vəziyyət köklü sürətdə dəyişib”.

Teleqraf.com xəbər verir ki, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin direktoru Elxan Şahinoğlu deyib.

Politoloq qeyd edib ki, Rusiya indi Azov dənizinin böyük hissəsini daxili suları sayır, bu isə Ukraynaya ciddi təhlükəsizlik və iqtisadi problemlər yaradır:

“Çünki Ukraynanın Qara dəniz limanı olan Odessadan gəmilər bu ölkənin Azov dənizindəki strateji liman şəhəri olan Mariupola strateji mallar daşımalıdır. Həmin gəmilər Krımın ilhaqından sonra Rusiyanın iddia etdiyi dəniz hissəsinə daxil olurlar. Ukrayna beynəlxalq hüquqa zidd hərəkət etmir. Beynəlxalq aləm Krımı və onun sahilini Ukrayna ərazisi sayır. Buna görə də Ukraynanın hərbi və yük daşıyan gəmiləri öz sahillərində sərbəst hərəkət etmək hüququna malikdirlər. Ancaq reallıq bu münaqişəyə səbəb olur.

Yəni Rusiyanın sərhəd gəmiləri özününkü saydığı Krımın ətrafında və Azov dənizinin böyük hissəsində keşik çəkir və üçüncü ölkələrin bu akvatoriyaya icazəsiz girişlərinin qarşısını alır.

Aydındır ki, Ukrayna özünü alçaldaraq gəmilərinin Qara dənizdən Azov dənizinə keçidinə görə Rusiyadan icazə almayacaq. Bu halda Ukrayna Krımın ilhaqına razılaşmış olacaq. Rusiya isə Ukrayna gəmilərinin Krım və Azov sahilində sərbəst fəaliyyətlərinə imkan versə, reaksiya bildirməsə zəif görünəcək, Krımın ona aid olmadığı görüntüsünü ortaya qoyacaq. Yəni hər iki tərəf zəif görünmək istəmir”.

Elxan Şahinoğlunun sözlərinə görə, Rusiyanın siyasi və ekspert mərkəzləri hesab edir ki, Ukrayna gəmilərinin “son təxribatının” arxasında iki güc dayanır:

“Birinci güc Ukrayna prezidenti Petro Poroşenkodur. Ukraynada 4 aydan sonra prezident seçkisidir. Petro Poroşenkonun reytinqi o qədər də yüksək deyil, müxtəlif sorğularda 3 və 4-cü sıralardadır. Moskvanın ortaya atdığı versiyaya görə, Poroşenko Azov dənizində vəziyyəti qəsdən mürəkkəbləşdirməklə ölkədə fövqəladə vəziyyət elan edib seçkiləri təxirə salmaq istəyir. Bu Moskvanın versiyasıdır”.

Politoloq qeyd edib ki, ikinci güc kimi Vaşinqtonun adı çəkilir:

“Moskvanın digər ehtimalına görə, Azovdakı gərgin vəziyyətin arxasında Vaşinqtondakı siyasi mərkəzlər dayanır. Başqa sözlə, Poroşenko Vaşinqtondan təlimat aldıqdan sonra 3 hərbi gəmisini Rusiya sərhədçiləri ilə toqquşmaya göndərib”.

Politoloq bildirib ki, son insidentdən sonra Azov dənizinin yeni statusunu müyyənləşdirmək çətin olacaq:

“Digər tərəfdən son insident Donbasda gərginliyin artmasına səbəb olacaq. Hətta gərginlik o həddə çata bilər ki, Rusiya “Donetsk və Luqansk Xalq Respublikalarının müstəqilliklərini” tanıya bilər. Rusiya bunu 2008-ci ildə Gürcüstanda təcrübədən keçirib, Gürcüstanla savaşdan sonra Abxaziya və Cənubi Osetiyanın “müstəqilliklərini” tanıdı”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər