28 Noyabr 2018 20:00
1 078
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 25-də Tehranın Azadi stadionunda bu şəhərin “Perspolis” və Təbrizin “Traxtur” komandaları qarşılaşdı, oyun 0:0 hesabı ilə başa çatdı. Bugünlərdə oyundan çox oyun ətrafında baş verən hadisələrdən danışılır, mövzu İran parlamentinə də daşınıb.

Qeyd edək ki, ağır hava şəraitinə baxmayaraq görüşdə Güney Azərbaycanın müxtəlif şəhərlərindən gələn təxminən 40 min “Traxtur” tərəfdarı tamaşaçı qismində iştirak edib və doğma komandaya dəstək nümayiş etdiriblər. Onlar oyunun 15-ci dəqiqəsində ana dilində təhsil tələbi ilə “Türk dilində mədrəsə - Olmalıdır hər kəsə” şüarı da səsləndiriblər. Azərbaycanlılar bununla İranda ana dilinin tədrisini azad edən konstitusiyanın 15-ci maddəsinin icra olunmamasına etiraz bildiriblər.

“Traxtur” tərəfdarları əksər görüşlərdə olduğu kimi, bu dəfə də stadionda Azərbaycanın üçrəngli bayrağını dalğalandırıblar. Onlar bununla öz milli kimliklərini İran rejiminə xatırladıb və Azərbaycan türkü olduqlarını bir daha elan ediblər.

“Traxtur” tərəfdarları Yaponiyanın bayrağını da dalğalandırıb.

Siyasi ekspert Elxan Şahinoğlu hesab edir ki, soydaşlarımız bununla şovinizmin simvollarından birinə çevrilən “Perspolis” və “İstiqlal” komandalarına deyil, onların xarici rəqiblərinə dəstək verdiklərini diqqətə çatdırıblar:

"Ötən günlərdə Yaponiyanın “Kaşima” komandası “Perspolis”i məğlub edərək Asiya çempionu olub.
Ən maraqlısı odur ki, mövzu İran parlamentinə daşınıb. Ümumiyyətlə son illər İranda azərbaycanlılara qarşı aparılan siyasət bu ölkənin Güney Azərbaycandan seçilən millət vəkillərini də etiraza etməyə məcbur edib. Artıq onlar da dözə bilmirlər. Məsələn, Ərdəbil şəhərinin İran parlamentindəki millət vəkili Tehranın Azadi stadionunda “Perspolis” tərəfdarlarının Azərbaycan türk millətinin ünvanına səsləndirdikləri şüar və söyüşlər, həmçinin işğalçı Ermənistana dəstək nümayiş etdirmələrini pisləyib.

Məhəmməd Feyzi bu barədə noyabrın 27-də parlamentdə çıxışı zamanı danışıb. O bunları deyib: “Qəhrəman Azərbaycanın hər zaman nümayiş etdirdiyi cəsarət və Ərdəbil övladlarının son 500 ildə ölkənin ərazi bütövlüyü uğrundakı fədakarlıqları, həmçinin son müharibə dövründəki canfəşanlıqlarını xatırladaraq Azərbaycanın cəsarətli övladlarının hörmətlərinin qorunub saxlanılmasına təkid edirəm. Milli təhlükəsizliyə xələl gətirənlərə, həmçinin hər zaman Azərbaycanın olan və İranın mədəniyyət hövzəsində yerləşən Dağlıq Qarabağ və Fars Körfəzinin adının qorunub saxlanmasına, eləcə də “Traxtur”-“Perspoplis” görüşündə baş verən hadisələrə diqqət yetirməklə bağlı Gənclər və İdman Nazirliyinə xəbərdarlıq edirəm”.

Tehranın Azadi stadionunda “Perspolis” tərəfdarlarının işğalçı Ermənistana dəstək nümayiş etdirməsi də narazılıq doğurub. Təbrizdən millət vəkili olan Zəhra Sai yerli “Məclis və Azərbaycan” agentliyinin müxbiri ilə danışığında stadionda qondarma “Artsax” yazılmış parçanın nümayiş etdirilməsini kəskin qınayıb: “Belə işlər milli birliyə qarşı yönəlib. Bu bir fitnədir və məqsədyönlü şəkildə həyata keçirilib. Azərbaycan əhalisi belə təhqirlərə düzgün cavab verməlidir. Gənclər və İdman nazirindən istəyəcəm ki, bu məsələni izah etsin. Qaneedici cavab verməyəcəyi təqdirdə, məsələni parlamentdə qaldıracam”.

Zəhra Sai “Perspolis”in şovinist fars tərəfdarlarının Azərbaycan türk millətinin ünvanına səsləndirdikləri şüar və söyüşlərə də münasibət bildirib: “Mərkəzi şəhəri Təbriz olan Azərbaycan İranın həssas dönəmlərində xüsusi rol oynayıb. Bu, inqilab dönəmi və 8 illik müharibə zamanı da belə olub. Azərbaycan idman sahəsində də böyük uğurlara imza atıb. “Traxtur” klubu həmin uğurların bir nümunəsidir. Rəhbərin dediyi kimi, “Azərbaycan İranın başıdır” və hər zaman İrana xidmət edib. Hətta iqtisadi və mədəni sahələrdə də öncül olub. Azərbaycan İranda şiəliyin də beşiyidir. Bütün hallarda ölkədə qövmləri aşağılamaq qəbuledilməzdir, bu böyük Azərbaycan millətinə də şamildir”.

Mərənd və Culfanın İran parlamentindəki millət vəkili Məhəmməd Həsənnəjad isə qondarma “Artsax” sözünün yazıldığı bannerin nümayiş etdirilməsini irqçilikdən irəli gəldiyini deyib. O bu barədə Twitter səhifəsində iki post paylaşaraq “Traxtur”-“Perspolis” görüşündə olub-bitənlərə münasibət bildirib. Onun da məsələyə münasibəti maraqlıdır: “191 il əvvəl bizim əcdadlarımızın bütün canfəşanlığına baxmayaraq bəzi mərkəzdə oturanların xəyanəti nəticəsində İrəvan Türkmənçay müqaviləsi əsasında İrandan qoparıldı. Sonralar isə neftlə dolu olan Bəhreyn bir qüllə atılmadan İrandan qoparıldı. İndi o xainlərin nəvələri bu bayraqla əcdadlarının İrəvan və Bəhreynin İrandan qoparılması ilə bağlı xəyanətlərini tarixdən silməyə çalışırlar”.

Millət vəkili ikinci Twitter postunda da oxşar sözlərlə işğalçı Ermənistana dəstək verənləri qınayıb.

Xatırladaq ki, noyabrın 25-də Tehranın Azadi stadionunda bu şəhərin “Perspolis” və Təbrizin “Traxtur” komandalarının qarşılaşması zamanı “Perspolis”in şovinist fars tərəfdarları qondarma “Artsax” yazılmış parça nümayiş etdirərək işğalçı Ermənistana dəstək verdiklərini birüzə veriblər.Sonra da bəzi iranlı diplomatlar yazılarıma etiraz edib deyirlər ki, guya Tehran Ermənistanın deyil, Azərbaycanın yanındadır. Əlbəttə, İranda hamı eyni cürdüşünmür, ancaq Tehranın siyasi və dini dairələrində Ermənistanla əlaqələrə üstünlük verənlər var. Tehran klubunun tərəfdarları “Artsax” şüarlarıyla dediklərimizi təsdiq edirlər...


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər