5 Dekabr 2018 18:24
739
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Gürcüstanda keçirilən prezident seçkiləri zamanı mən orada idim. İmkan daxilində seçki prosesini izlədim, gürcü siyasi partiyaları ilə müəyyən kontaktlarımız oldu”.

Bu sözləri Teleqraf.com-a Respublikaçı Alternativ Partiyasının funksioneri Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, seçki təbliğatı zamanı qeyri-bərabərlik halları müşahidə edilib:

“Seçki öncəsi təbliğat kampaniyasında hakim koalisiyanın namizədinin efir vaxtı, müsahibələri və insanlara çıxış imkanları daha geniş idi. Seçki günü qanunsuzluqlar oldu, xarici müşahidəçilər qeydlər götürdü, habelə Gürcüstan MSK-sı da bu barədə xəbərlər yaydı. Amma bütün bunlar seçkilərin nəticəsinə təsir edəcək səviyyədə deyildi. Yəni bu pozuntular ümumilikdə seçkinin nəticələrini dəyişdirmək gücündə olmadı”.

N.Cəfərli qeyd edib ki, əvvəl avrointeqrasiya mövzusu Saakaşvili və partiyası önə çıxırdısa, indi Gürcüstanda avrointeqrasiya tərəfdarı olmayan partiya yoxdur:

“Bütün partiyalar Avropa Birliyinə, NATO-ya inteqrasiya yolu tutub. Xarici siyasətdə bütün partiyalar eyni düşüncəyə malikdir, sadəcə bəzi nüanslar və taktiki addımlarda fərqlər var”.

Müsahibimiz deyib ki, daxili iqtisadi məsələlər mövzusunda Saakaşvilidən sonra kifayət qədər inkişaf baş verib:

“Həm turizm imkanlarının artırılmasında, həm investisiya qoyuluşunun həcminin artırılmasında, həm də əhalinin orta aylıq əmək haqlarının artımında nəzərə çarpacaq dəyişikliklər olub. Bu da Gürcüstanda Saakaaşvilidən sonra hakimiyyətdə olan komandanın uğurlarıdır və son illər baş verdiyindən daha çox yaddaqalan olub. Saakaşvilinin partiyasının ən böyük səhvi bütün təbliğatını keçmiş uğurlar üzərində qurması olub. Yeni ideya, islahat paketi təklif edə bilmədilər. Bu səbəbdən də seçkilərin nəticəsi qanunauyğun oldu”.


Müəllif: Cavad

Oxşar xəbərlər