“ABŞ hazırda İranı çökdürmək üçün əlindən gələni edir. Tramp administrasiyası İranın mövcud hakimiyyətini çökdürməyi və bu ölkədə inqilaba nail olmağı qarşısına məqsəd qoyub. ABŞ Azərbaycandan bu istiqamətdə əməkdaşlıq gözləyə bilər. Əlbəttə, Azərbaycan heç vaxt buna getməyəcək”.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri, politoloq Razi Nurullayev belə düşünür.
Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik:
- Ermənistanda keçiriləcək növbədənəkar parlament seçkilərindən gözləntiniz nədir? Hazırkı hökumət başçısı Nikol Paşinyanın qalibiyyəti Ermənistan-Azərbaycan münaqişəsinin həll prosesinə, ümumən Ermənistanın vəziyyətinə hansı formada təsir edəcək?
- Hər kəsin gözlədiyi kimi, dekabrın 9-da Ermənistanda keçiriləcək seçkilərdə Nikol Paşinyan qalib gələcək. Onun özü bunun üçün bütün əsasları yaradıb. Lakin bunun Dağlıq Qarabağ münaqişəsinin həllinə ciddi təsirinin olacağını düşünmürəm. Ola bilsin ki, hökumət başçıları səviyyəsində danışıqlar prosesi yenidən başlayacaq və müəyyən təkliflər irəli sürüləcək. Amma yaxın müddətdə Paşinyan hökumətinin münaqişənin həlli ideyası ilə çıxış edəcəyinə inanmıram. Çünki Paşinyan bundan əvvəl də, bir neçə dəfə bildirdi ki, “İrəvan Dağlıq Qarabağı Ermənistan ərazisi kimi görmək istəyir və Dağlıq Qarabağ Azərbaycanın tərkibində qala bilməz”.
Hətta, bundan da sərt və Azərbaycanın xeyrinə olmayan fikirlər səsləndirib. Bu baxımdan, Paşinyanın münaqişənin həllində ciddi irəliləyiş yaradacaq addımlar atacağını istisna edirəm. Digər yandan da, Rusiya heç bir halda Paşinyan hökumətinə təsir göstərmir. Tərəflər arasında belə bir razılaşmanın olması mümkündür ki, Paşinyan parlamentdə üstünlüyünü təmin etdikdən sonra daha ciddi danışıqlara gedə və daha ciddi addımlar ata bilər. Ola bilsin ki, Rusiya kiçik də olsa, Qarabağ münaqişəsinin həllində irəliləyişin olması üçün Paşinyana təsir etməyə çalışacaq. Amma Ermənistan rəhbərliyinin əlində imkanları var ki, Rusiyanın təsirlərini heçə endirsin, ya da bu məsələlərin müzakirəsini uzun müddətə təxirə salsın. Bu baxımdan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı əsaslı dönüş gözləməyə dəyməz.
- Regionun digər dövləti Gürcüstanda da maraqlı proseslər gedir. NATO-nun Belçikada keçirilən son toplantısında Gürcüstanın alyansa üzvlüyü məsələsi gündəmə gəldi və bildirildi ki, üzvlük prosesi yekunlaşmaq mərhələsinə doğru gedir. Hesab etmək olarmı ki, rəsmi Tiflis münaqişəli əraziləri - Abxaziya və Cənubi Osetiyanı güzəştə getməklə NATO sıralarına qoşulacaq?
- Düşünürəm ki, artıq Abxaziya və Cənubi Osetiya Gürcüstan üçün itirilmiş ərazilərdir. BMT-yə üzv olan dövlət bu bölgələrin müstəqilliyini tanıyır. Rusiyanın da bu məsələdə güzəştə getmək fikri yoxdur. İnanmıram ki, Gürcüstan Rusiyanı inandıracaq ki, Abxaziya və Cənubi Osetiyadan əl çəkmək bahasına Gürcüstanın NATO-ya üzv olmasına göz yumsun. Bunu istisna edirəm. Amma inanıram ki, Gürcüstan bir gün NATO üzvü olacaq. Lakin bunun yaxın perspektivdə olacağı inandırıcı deyil. Çünki Gürcüstan üçün həmişə Rusiya təhlükəsi var. Buna görə də hazırda Avropa İttifaqı və Gürcüstan Rusiyanın ictimai rəyini bu istiqamətə çevirməyə meyillidir.
Dediyim kimi, Gürcüstan NATO-ya üzv olacaq, lakin Abxaziya və Cənubi Osetiya bahasına yox. Hazırda Rusiya hesab edir ki, Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tam təmin edə bilib. Gürcüstanın isə bu iki bölgənin müqəddaratını öz xeyrinə dəyişəcək gücü yoxdur və bu ərazilərdən Rusiyaya qarşı təzyiq vasitəsi kimi istifadə etmək iqtidarında deyil.
- ABŞ-ın nüfuzlu media qurumlarında belə bir iddia gündəmə gəlib ki, 2019-cu ildə Donald Tramp administrasiyası Cənubi Qafqaza diqqətini artıracaq. Ümumiyyətlə, Trampın belə bir planı varmı və Azərbaycan bu planda hansı yeri tutur?
- Mən Tramp administrasiyasının Cənubi Qafqaza ciddi formada diqqət ayıracağına inanmıram. Çünki Tramp administrasiyasının bura qədər həll etməli olduğu məsələlər və üzərinə götürdüyü böyük öhdəlikləri var. Bu məsələləri həll etmək üçün də böyük güc tələb olunur. Bu, Şimali Koreya, yaxud Koreya yarımadasının nüvə silahlarından təmizlənməsi məsələsidir.
Hazırda məsələ 90 günlük dondurulsa da, ABŞ və Çin arasında ticarət müharibəsi davam edir. Bu, daha da şiddətlənəcək. Çünki Çin ABŞ-a güzəştə getmək niyyətinə deyil. Digər yandan, Trampın Meksika məsələsində Konqreslə münasibətləri də gərgin olaraq qalır. O, Nümayəndələr Palatasına keçirilən son seçkilərdə uduzdu. ABŞ və Meksika arasında divarın çəkilməsi məsələsinin həlli dalana dirənib. Bu vəziyyətdə Tramp administrasiyasının Cənubi Qafqaza xüsusi diqqət ayıracağı inandırıcı görünmür. Lakin bu və ya digər şəkildə emissarlarını Cənubi Qafqaza göndərməklə, bu məsələni də müəyyən formada diqqətdə saxlaya bilər.
Azərbaycana gəldikdə isə, ABŞ hazırda İranı çökdürmək üçün əlindən gələni edir. Tramp administrasiyası İranın mövcud hakimiyyətini çökdürməyi və bu ölkədə inqilaba nail olmağı qarşısına məqsəd qoyub. ABŞ Azərbaycandan bu istiqamətdə əməkdaşlıq gözləyə bilər. Əlbəttə, Azərbaycan heç vaxt buna getməyəcək. Lakin İranda milyonlarla azərbaycanlı yaşadığı üçün Azərbaycan Tramp administrasiyası üçün çox önəmlidir.
Gürcüstana münasibətdə isə, ABŞ bu ölkəni Rusiya təhlükəsindən qorumağa, burada demokratik prosesi daha da genişləndirməyə və onun yolunu NATO-ya açmağa çalışır. Bu istiqamətdə müəyyən irəliləyişlər ola bilər. Ermənistana qarşı isə ənənəvi siyasətini davam etdirəcək. Ümumilikdə isə regionda təlatüm yaradacaq, yaxud regionun taleyini dəyişəcək gedişlərin ediləcəyindən söhbət gedə bilməz.
- Ukrayna və Rusiya arasındakı gərginlik bu dəfə Azov dənizində partladı. Bölgədə yüksələn təzyiq Azovun birgə istifadəsinə dair tərəflər arasında imzalanmış müqavilənin ləğvini gündəmə gətirib. Belə bir hal NATO və ABŞ-ın bölgəyə yolunu açarsa, vəziyyət hansı şəkil alacaq?
- Ümumiyyətlə, Rusiya və Qərb arasında müharibənin olacağını istisna edirəm. Rusiya və Qərb də bunu istəmir. Heç bir tərəf buna hazır da deyil. Buna görə də düşünürəm ki, müəyyən bir həll variantı tapılacaq, ya da məsələ donmuş şəkildə qalacaq. Rusiyanın Ukraynaya qarşı müəyyən həddə qədər yumşalması da mümkündür. Artıq bunun əlamətləri də görünür. Amma inanmıram ki, NATO və ABŞ Qara və Azov dənizlərində öz üstünlüyünü təmin etmək üçün Rusiyaya qarşı hücuma keçmək niyyətindədir.
Xarici mediada yayılan məlumatlardan gəldiyim qənaət budur ki, Azov dənizində vəziyyətin gərginləşməsində Ukrayna prezidentinin şəxsi maraqları da ciddi rol oynayır. Çünki qarşıdan seçkilər gəlir, əvvəlcədən də Ukraynada belə halların baş verəcəyi gözlənilən idi. İqtidar partiyası bundan istifadə edərək, öz reytinqini qaldırmağa çalışır. Qərb siyasətçilərinin fikirlərində də bu məsələ yer alıb. Buna görə də NATO-nun Ukrayna rəhbərliyinin istədiyi kimi Rusiyaya qarşı sərt münasibət göstərəcəyinə əmin deyiləm.
- Jurnalist Camal Qaşıqçı cinayəti ətrafındakı gərginlik də səngimək bilmir. Artıq ABŞ Konqresi cinayətdə adı hallanan Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salmana qarşı olan qanun layihəsini qəbul etməyə hazırlaşır. Sizcə, şahzadənin bu cinayətdə rolu təsdiq edilsə, ABŞ-ın Səudiyyəyə qarşı ata biləcəyi mümkün addımlar nələrdən ibarət ola bilər?
- Tramp administrasiyasının Məhəmməd bin Salmana qarşı münasibəti birmənalı deyil. Digər yandan, ABŞ və Səudiyyə Ərəbistanı arasında böyük hərbi müqavilələr mövcuddur. Bir tərəfdən isə Səudiyyə Yaxın Şərqdə ABŞ-ın ən böyük dayaqlarından biridir. Bu baxımdan, Vaşinqtonun Ər-Riyada ciddi təzyiqlər edəcəyinə inanmıram. Amma bu təsdiq edilsə, dünya ictimaiyyətinin gözündən pərdə asmaq üçün hansısa formada sanksiya tətbiq edilə bilər. Amma əsaslı sanksiyaların tətbiq ediləcəyini istisna edirəm. Çünki Məhəmməd bin Salman böyük resurslara və gücə malik bir insandır. Maliyyə hesabına, investisiya yatırmaqla bu və ya digər siyasətçiləri ələ ala bilər.
Sadəcə olaraq, bu məsələnin şişirdilməsində rol oynayan əsas ölkə Türkiyədir. Türkiyənin isə subyektiv və obyektiv əsasları var ki, Səudiyyə Ərəbistanına təzyiqlər etsin. Məhz Türkiyənin ortaya qoyduğu dəlillər də Məhəmməd bin Salman üçün problem yaradır.
- Bəs şahzadə Salmana qarşı yaratdığı problem Türkiyənin özünə qarşı çevrilə bilərmi?
- Bu məsələdə Türkiyənin zərər görəcəyini istisna edirəm. Əksinə, bu gün Türkiyə dünya mediasının gündəmindədir. Prezident Rəcəb Tayyib Ərdoğan da özünü Qaşıqçı cinayəti üzərindən dünya miqyasında böyük lider kimi təsdiq edə bildi. Türkiyənin nüfuzu gücləndi. Ərdoğan Türkiyə cəmiyyətini dünyaya demokratik cəmiyyət kimi təqdim etməyə nail oldu. Amma Səudiyyə Ərəbistanı iqtisadi olaraq, Türkiyəyə təsir edə bilər. Bu baxımdan, Səudiyyənin öz maliyyə resursları hesabına təsir dairəsi olduğu bir sıra ərəb ölkələrindən Türkiyəyə investisiya axınının qarşısını almağa cəhd edəcəyi mümkündür.