20 Dekabr 2018 11:36
1 105
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb.

Teleqraf.com-un xəbərinə görə, fərmanla “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası” təsdiq edilib.

Qaydaya uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına verilən güzəştlər kənd təsərrüfatı istehsal vasitələrinin (kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların) ticarəti ilə məşğul olan bütün hüquqi və fiziki şəxslərin həyata keçirdikləri satışlara (lizinq və ya kredit yolu ilə) şamil ediləcək.

Kənd Təsərrüfatı Nazirliyinə tabeliyində olan “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) ərəncamındakı əmlakın beynəlxalq nüfuzlu auditor təşkilatı cəlb edilməklə qiymətləndirilməsini təşkil etmək və qiymətləndirmənin nəticəsinə əsasən, Cəmiyyətin yeni balansı barədə məlumatı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim etmək tapşırılıb.

Mövcud kənd təsərrüfatı istehsal vasitələrinin, o cümlədən 2019-cu ilə Cəmiyyətin satın alması nəzərdə tutulan texnikanın və damazlıq heyvanların lizinq yolu ilə satışı zamanı tətbiq edilən güzəşt və yaranmış faiz öhdəlikləri ASC-nin zərəri hesabına ödəniləcək, mövcud qalıq portfeldən yığılan vəsait bu fərmanla təsdiq edilmiş Qaydaya uyğun olaraq müəyyənləşdirilən güzəştlərin ödənilməsində istifadə məqsədilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin müvafiq hesabına köçürüləcək.

“Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinə Kənd Təsərrüfatı Nazirliyi ilə razılaşdırılan ardıcıllıqla Cəmiyyətin aqrotexniki xidmət sahələrinin (rayon filialları) özəlləşdirilməsini həyata keçirmək; Maliyyə Nazirliyinə kənd təsərrüfatı istehsal vasitələrinə güzəşt tətbiqi ilə bağlı bu fərmanla təsdiq edilmiş Qaydaya uyğun tələb olunan vəsaitin hər il dövlət büdcəsində nəzərdə tutulmasını təmin etmək tapşırılıb.

Kənd Təsərrüfatı Nazirliyinə kənd təsərrüfatında innovativ texnologiyaların tətbiqi imkanlarını nəzərə almaqla, aqrar sahədə güzəşt tətbiq ediləcək texnikalarla bağlı təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək; beynəlxalq nüfuzlu məsləhətçi şirkət cəlb etməklə, aqrar sahəyə dövlət dəstəyinin konsepsiyasını, kənd təsərrüfatı istehsalının subsidiyalaşdırılması və dövlət büdcəsi hesabına güzəştlərin verilməsi qaydasının layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək; bu fərmanın 2–4-cü hissələrinin icrası ilə bağlı aidiyyəti üzrə tədbirlər görsün və görülən işlər, habelə Agentliyin və Cəmiyyətin fəaliyyətinin nəticələri barədə bir il ərzində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.

Nazirlər Kabinetinə Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Vergilər Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin təklifləri əsasında kənd təsərrüfatı texnikası istehsalının, o cümlədən kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin istehsalı, satışı və idxalının əlavə dəyər vergisindən azad edilməsi ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək; Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; bu Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər