“İndiyədək dəfələrlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İsrailin Baş naziri Benyamin Netanyahu arasında gərgin münasibətlər olub, sonra onlar səngiyib və münasibətlər müsbət istiqamətdə davam edib. Hazırda bölgədə vəziyyət çox mürəkkəbdir, ümidvaram ki, Türkiyə və İsrail arasında gərginlik aradan qalxacaq və iki ölkə əməkdaşlığı bərpa edəcək”.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.
Onun sözlərinə görə, beynəlxalq terror təşkilatları bölgədə gərginlik yaratmaqda davam edir və onların aradan qaldırılması üçün zəruri addımlar atılmalıdır:
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bir neçə dəfə ABŞ Prezidenti Donald Trampla ciddi söhbətləri olub və ümumi qərarlar qəbul edilib. Bu qərarlara uyğun olaraq Türkiyə-ABŞ-İsrail öz əməkdaşlığını davam etdirməlidir. Həmçinin Türkiyənin İsraillə münasibətləri normal məcrada inkişaf etməlidir. Çünki bölgənin ən böyük təhlükəsizliyi məhz terrordur”.
Deputatın fikrincə, Türkiyə ilk növbədə milli təhlükəsizlik problemlərini həll etməlidir:
“Terror təşkilatları ilə mübarizə beynəlxalq əməkdaşlığı tələb edir. Çünki terror təşkilatlarının çox zaman əsas mərkəzləri Türkiyənin xaricində yerləşir və rəsmi Ankaranın bu prosesdə müttəfiqlərinin dəstəyinə ehtiyacı var. Terror insanlığa qarşı cinayətdir və bu cinayətkarlığın qarşısını almaq üçün Türkiyəyə kömək lazımdır”.