15 Fevral 2019 15:10
1 266
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa ilə müsahibəni təqdim edir:

- Fransa Prezidenti Emmanuel Makronun Ermənistana rəsmi səfər edəcəyi barədə məlumat yayılıb. Makronun İrəvan və Gürcüstana səfər edərək, Bakıya gəlmədən Parisə geri dönməsi geniş müzakirə və etiraza səbəb olmuşdu. Bütün bunların, o cümlədən 24 aprel tarixini “Erməni soyqırımını anma günü” elan etməsi fonunda Makronun Ermənistanı bu cür nümayişkənarə dəstək verməsini necə dəyərləndirirsiniz?

- Emmanuel Makronun yeritdiyi siyasət fransız cəmiyyətində anormallığı ilə seçilir. Bu siyasətə etiraz olaraq, insanlar kifayət qədər ciddi addımlar atır. O, cəmiyyətdə siyasi təcrübəsi yetərincə olmayan bir şəxs kimi tanınır. Geri çəkildiyi qərarlarının sayı çoxdur. Fransanın əvvəlki prezidentləri Jak Şirak, Fransua Mitteran təcrübəli dövlət adamları, simpatiya doğuran liderlər olub. Makronun mövqeyi Fransanın öz imici üçün də narahatedicidir. Çünki bölgədə münaqişə halında olan iki ölkədən birinə üstünlük vermək, bunu açıq-aşkar nümayiş etdirmək siyasi təcrübənin yoxluğunun, naşılığın göstəricisidir. Makronun məsləhətçiləri də ağıllı məsləhət verə bilməyiblər, bu məsələdə o, artıq tərəf kimi ortaya çıxıb. Aprelin 24-nü “erməni anım günü”nü elan etməsi onu göstərir ki, bu adam üçün fransız sevgisi yoxdur, onda ancaq erməni sevgisi var. Görünür, bu da qanından gələn məsələdir, yəqin ermənidir, yaxud da ermənilərin dəstəyi ilə hakimiyyətə gəlib deyə belə addım atır. Amma bizim üçün fərq etməz. Biz ermənini sevən bütün qüvvələrə qarşı mübarizəmizi davam etdirməliyik. İstər Makron olsun, istərsə də patron, kim olur-olsun, biz ona qarşı da ədalətli mübarizəmizə davam edəcəyik. Çünki bizi bu cür vasitələrlə Azərbaycanın haqlı davasından uzaqlaşdırmaq mümkün deyil. Ona görə də bu kimi məsələlərdə mövqeyimiz birmənalıdır. Yalandan göz yaşı töküb ermənilər üçün ağlayaca daa, babalarının törətdiyi qatilliyi unudub ermənilərin törətdiyi qatilliyə haqq qazandıra biləcək yol izləsə də, bizə fərq etməz, haqlı davamızı axıra qədər aparmalıyıq.

- Münhendə Azərbaycan və Ermənistan xarici işlər nazirlərininm görüşü baş tutacaq. Gözləntiləriniz nədir, Qarabağ danışıqlarında irəliləyiş ola bilərmi?

- Ermənistanın Baş naziri Nikol Paşinyan qeyri-ciddi davranışları ilə bir az Makrona oxşayır. Açıqlamalarında guya müəyyən məsələlərə yeni münasibət sərgiləmək istədiyini bildirir, ardınca Azərbaycan tərəfinin nə düşündüyünün onu maraqlandırdığını söyləyir, çox qeyri-ciddi mesajlar verir. Ona görə də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündən böyük gözləntim yoxdur. Ola bilər, 15-20 gün öncə ümidverici nələrsə vardı, amma son açıqlamalar onu göstərir ki, ermənilər bu məsələdə hansısa addım atmaq niyyətində deyillər, yaxud himayədarlarını onların addım atmağı maraqlandırmır. Bu fonda yeni bir situasiya hələ ki yaranmayıb. Ona görə də nazirlərin görüşündən də yenilik gözləmirəm.

- Ötən gün Rusiyanın nüfuzlu lenta.ru media orqanında Ermənistan və Azərbaycanın Dağlıq Qarabağın taleyi ilə əlaqədar gizli danışıqlara başladığı barədə yazı dərc olunub. Gizli danışıqlar nə dərəcədə realdır?

- Bu fikirlər əsaslı deyil. Çünki Ermənistan müstəqil davranış sərgiləmir ki, onunla Azərbaycan hansısa şəkildə gizli danışıqlar da aparsın. Ermənistanla danışıq aparmaq Rusiya, Fransa ilə danışıq aparmaq mənasına gəlir. Ona görə də Ermənistanın sahiblərini qoyub onun özü ilə gizli danışığa nə ehtiyac var? Ermənistan məsələ həll etmir. Azərbaycan bu məsələdə öz prinsipial mövqeyini dəfələrlə bəyan edib. Azərbaycan Prezidenti İlham Əliyev son müsahibəsində açıq şəkildə bildirdi ki, hər hansı şəkildə torpaq məsələsində güzəşt olmayacaq. Bu mövqeni də xalq dəstəkləyir.

- Uzun zamandır ekspertlər Paşinyanın Dağlıq Qarabağdakı separatçı rejimin rəhbəri Bako Saakyandan qurtulmaq istədiyinə dair fikirlər səsləndirir. “Jamanak” nəşri Ermənistan hakimiyyətinin maya qədər Saakyanın istefasına nail olacağını yazıb. Sizcə, vəziyyət necə dəyişəcək?

- Bunlar Ermənistan cəmiyyətində olan təhlillərdir. Mən cəmiyyətin iç strukturunu bilmədiyimə görə bunun nə dərəcədə real olduğunu söyləyə bilmərəm. İnandırıcı da gəlmir. Hər halda Paşinyanın bir neçə il krediti var ki, sonrakı dövrdə hakimiyyətdə qalmağı bu krediti necə xərcləməyindən asılı olacaq. Hələ ki bu kredit imkanı var. Rusiya ilə də münasibəti qaydaya salmağa çalışır. ABŞ-dan, Fransadan dəstəyi var və ona görə də daxili siyasətdə müəyyən məsələlərdə xaricdən dəstək ala bilsə, imkanları olacaq. Amma bütövlükdə Paşinyan da Ermənistanın gələcəyini ağıllı şəkildə qura biləcək liderə bənzəmir. Çünki Ermənistanı müharibə eyforiyasından çəkə bilən lider bəlkə də ölkəsinin xilaskarı olacaq. Ancaq Ermənistanı hamı ilə düşmənə çevirən anlayışla lider olanlar elə xalqları kimi də zədələnib sıradan çıxacaqlar.

- Ermənistanla ABŞ arasında Suriyadakı erməni hərbi missiyası ilə bağlı yaranan gərginliyi necə qiymətləndirirsiniz?

- Əslində gərginlik yoxdur. Bu, süni şəkildə ABŞ-ın guya Ermənistandan fərqli düşündüyünü göstərir. Bu mövzuda ABŞ Rusiya ilə əlbir davranır. Onlar arasında hər hansı ziddiyyət yoxdur. Suriya mövzusunda da birgə hərəkət edirlər, sadəcə zahiri problem var, onu qabardırlar ki, ikiqütblü dünyadır. Hamısı razılaşdırılmış fəaliyyətlərdir. Birləşmiş Ştatlar Ermənistanın guya Rusiyanın forpostu olduğunu bilmirmi? Niyə Rusiyanın forpostuna dəstək verib maliyyə yardımı edirlər? Bu, diqqəti yayındırmaq, standartlarının guya hamı üçün eyni olduğunu göstərmək üçün atılan addımlardır. ABŞ Ermənistanı dəstəkləyir. Yayılan məlumatlar qeyri-ciddidir.


Müəllif: Nərgiz

Oxşar xəbərlər