Sayca 55-ci dəfə keçirilən Münhen Təhlükəsizlik Konfransı Yaxın Şərqdə və Şərqi Avropada sülh və sabitliyin təmin olunmasında heç bir rol oynamayacaq. Bu konfransda dövlətlər öz siyasi baxışlarını elan etməklə, regional və beynəlxalq müstəvidə apardıqları siyasəti daha da radikallaşdıracaqlar.
Bunu Teleqraf.com-a açıqlamasında siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib.
O qeyd edib ki, hazırda yeni dünya nizamı formalaşır və prosesi Vaşinqton idarə edir:
“Vaşinqtonun Rusiya və Çinə siyasi-iqtisadi sanksiyaları genişləndirməsi dünyada təhlükəsizlik problemlərinə yol açır. Bu mənada konfrans dünyada təhlükəsizliyin təmin edilməsi üçün dövlətlərin yekdil mövqeyə gəlməsində mühüm rol oynamır. ABŞ-ın İrana sanksiyaları genişləndirməsi, Yaxın Şərqdə davam edən münaqişələr, Cənub-Şərqi Asiyada mövcud hərbi-siyasi vəziyyət fonunda bu konfrans sülhə deyil, daha qızışdırıcı platfomaya çevrilir”.
Siyasi şərhçi bildirib ki, Münhen Təhlükəsizlik Konfransından bir gün əvvəl Polşada Yaxın Şərq üzrə ABŞ-ın moderatorluğu ilə keçirilən anti-İran toplantısı konfransı kölgədə qoyub: “Varşavada keçirilən bu toplantının təsir gücü daha böyük olacaq və yeni siyasi proseslərin başlanmasına gətirib çıxaracaq. Bu, özünü xüsusilə Yaxın Şərq regionunda İranın fəaliyyətinin qarşısının alınması istiqamətində göstərəcək”.
M.Əsədullazadə onu da bildirib ki, bu kimi konfranslar heç də ümumi sülhün formalaşmasına gətirmir:
“Biz qlobal siyasi-iqtisadi və hərbi münaqişənin yeni mərhələsindəyik. Proseslər daha dağıdıcı ola bilər”.