16 Fevral 2019 17:04
915
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Fevralın 14-də Moskvada məişət zəminində azərbaycanlılarla çeçenlər arasında baş verən insident xoşagəlməz hadisədir. Bu xoşagəlməz hadisəyə müəyyən anti-Azərbaycan dairələr rəng qatmaq və onu fərqli ampluada tədim etmək istəyirlər. Lakin bu istiqamətə edilən cəhdlərin heç bir faydası yoxdur”.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman Nəsirov deyib.

Elman Nəsirov qeyd edib ki, Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun söylədiyi kimi, belə hallar Azərbaycan və çeçen xalqları arasında tarixən mövcud olan dostluq və qardaşlıq əlaqələrinə xələl gətirə bilməz:

“Əli müəllim haqlı olaraq qeyd edib ki, Azərbaycan və çeçen xalqları arasında əlaqələr tarixin sınağından çıxıb və nümunəvi xarakter daşıyır. Həqiqətən də, Azərbaycan və çeçen xalqlarını ortaq tarix, ortaq din, eyni coğrafi ərazi birləşdirir. Bizim tarixən çox sıx dostluq, mehriban qonşuluq münasibətlərimiz olub. Ona görə də heç bir qüvvə bu dostluğa, qardaşlığa xələl gətirə bilməz”.

Elman Nəsirov bildirib ki, bizim xalqlarımız və dövlət başçılarımız dost münasibətindədirlər:

“Ötən ilin noyabrında Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun Azərbaycana səfəri və Azərbaycan Prezidenti ilə aparılan danışıqlar bir daha təsdiqlədi ki, dövlət başçıları arasında çox sıx dostluq münasibətləri mövcuddur. Eyni zamanda Azərbaycanla Çeçenistan arasında sıx əlaqələr var.

Nəzərə almaq lazımdır ki, bu hadisə Rusiyada baş verib. Rusiya ilə də Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur. İki dövlətin münasibətləri özünün ən yüksək səviyyəsinə çatıb. Azərbaycan və Rusiya prezidentləri arasında dostluq münasibətləri heç kəsə sirr deyil. Xalqlarımız və dövlətlərimiz dostdur. Bütün bu reallıqlar fonunda bu hadisəyə qiymət verərkən əmin olmaq olar ki, bu, məişət zəminində baş vermiş kriminal hadisədir. Bunun iki dövlətin və xalqlarının münasibətlərinə heç bir dəxli yoxdur”.

Deputat bildirib ki, kimlərsə bu dostluğu pozmağa cəhd edirsə, çox mənasız işlə məşğuldur: “Onların bu arzuları ürəklərində və gözlərində qalacaq. Bu iki xalqın arasına girmək istəyən üçüncü qüvvə elə bu iki xalqın arasında sıxılıb məhv olacaq”.


Müəllif: Səxavət

Oxşar xəbərlər