18 Fevral 2019 23:43
1 009
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Keçmiş SSRİ məkanında mövcud olan regional münaqişələrə Münhen Təhlükəsizlik Konfransının gündəliyində yer verilməməsi bu konfransın ciddi nöqsanlarından biridir. Təşkilatçılar hər dəfə bunu onunla əsaslandırırlar ki, gündəliyə daha qlobal məsələləri salıblar. Amma keçmiş sovet məkanındakı münaqişələri, xüsusən də Dağlıq Qarabağ məsələsini bu konfransın gündəliyinə salmaqla beynəlxalq təhlükəsizliyə töhfə vermək olar. Amma nədənsə bu dəfə də bu məsələyə diqqət ayırmadılar”.

Bunu Teleqraf.com-a politoloq Qabil Hüseynli deyib.

Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında keçirilməsi nəzərdə tutulan görüşün baş tutmamasına gəlincə, ekspert qeyd edib ki, bu, ictimai rəyə hörmətsizlik idi:

“Yəni Rusiya Qarabağla bağlı “Bolton planı”nın işə düşməsinə qısqanclıqla yanaşdı. Rusiya yenidən Ermənistan tərəfini öz nəzarətinə götürdü. Bir müddət əvvəl Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin İrəvana gəldi və Ermənistan rəhbərliyi ilə danışıqlar apardı. O bu görüşlərdən sonra iddia etdi ki, ABŞ-ın gündəmə gətirmək istədiyi nizamlama prosesi nəticələrə hesablanmayıb. Yəni Rusiya bununla onu bildirdi ki, danışıqlar prosesini öz nəzarəti altına götürür.

Hər halda Karasinin səfərindən sonra gözlənilirdi ki, bu prosesdə Rusiyanın fəallığı daha çox nəzərə çarpacaq. Rusiya yenə də Ermənistanı ələ keçirməklə danışıqlar prosesinə tam nəzarət edir.

Bu baxımdan Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü gözlənilirdi. Rus mediasına görə, bu görüşün təşkilatçısı Sergey Lavrov olacaqdı. Amma Münhen konfransı başlayan kimi, mətbuata məlumat sızdırıldı ki, nazirlər Azərbaycan və Ermənistan liderlərinin görüşünə hazırlaşırlar, bu görüş ABŞ-da keçirilə bilər. Zənnimcə, bu təxribat xarakterli məlumat idi. Çünki bu, nə Azərbaycan, nə də Ermənistan tərəfindən rəsmi qaydada bəyan edilmədi. Bundan sonra isə nazirlərin nəzərdə tutulan görüşü də baş tutmadı”.

Qabil Hüseynli qeyd edib ki, nəzərdə tutulmuş görüşün keçirilməsinə Rusiya mane olub:

“Zöhrab Mnatsakanyan isə görüş haqda onu dedi ki, “Elmar Məmmədyarovla heç bir problemi yoxdur, istədiyi vaxt onunla salamlaşır”. Hesab edirəm ki, bu, Dağlıq Qarabağ münaqişəsinə qeyri-ciddi yanaşmadır və etik davranış deyil. Bu da onu göstərir ki, Rusiya vasitəçi kimi bu görüşün baş tutması üçün enerji sərf etməyib, yaxud bunu istəmədi. Nəticədə danışıqlar prosesi yenidən dalan dirəndi. Bir daha aydın oldu ki, Qarabağ məsələsinə dırnaqarası baxan dünya dövlətləri var və onlar bu münaqişələrin həlsiz qalmasında maraqlıdırlar”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər