“Hazırkı situasiyada Ermənistan-Azərbaycan münaqişəsinin həll prosesi ilə əlaqədar aktivləşmə yoxdur. ATƏT-in fəaliyyətdə olan sədri Miroslav Layçakla Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında keçirilmiş görüş də aktivlik deyil. Bu, sadəcə olaraq, ATƏT sədrinin ənənəvi görüşlərindən biri və Rusiyanın bu məsələyə ənənəvi yanaşma tərzidir”.
Bu sözləri Teleqraf.com-a açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib.
Ekspert bildirib ki, həmsədrlərin regiona səfərinə də bu kontekstdən yanaşmaq olar:
“Bu, onların fəaliyyət planına daxil olan məsələdir. Yəni, proses ənənəvi qaydada gedir.
ABŞ-ın isə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi ən yüksək səviyyədə ifadə olunub. Bu, ABŞ prezidentinin Azərbaycanın dövlət başçısına ünvanlandığı məktublarda da qeyd olunub. Bu, eyni zamanda Con Boltonun Azərbaycana səfərində və Prezident İlham Əliyevə telefon zəngində də öz əksini tapıb. Yəni, ABŞ-ın iradəsi bir neçə dəfə qeyd edilib. Bu siyasi mövqedir. Amma bunun tez-tez gündəmə gətirilməsinin effektiv nəticə verəcəyini düşünmürəm. Bütün hallarda isə bu, ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünə və Ermənistanın işğalçılıq siyasətinə münasibətdə sərgilədiyi mövqedir.
Rusiyanın fəallığına gəlincə, belə qənaət yaranır ki, bu, daha çox ictimai rəyin öyrənilməsinə xidmət edir. Rusiyanın mövqeyi zatən bəllidir. Amma bəzən Rusiya xarici işlər nazirinin balanslı açıqlamalarının şahidi oluruq. Hansı ki, bu balanslı siyasət bir çox hallarda Ermənistana tərəf əyilir. İstənilən halda Rusiya bölgədə söz sahibi olduğunu nümayiş etdirməyə çalışır. Bu baxımdan da bu fəallıq o anlama gəlmir ki, Rusiya Qarabağ münaqişəsinin həlli istiqamətində ciddi səylər göstərir”.
Elçin Mirzəbəylinin sözlərinə görə, indiki halda bir aktivlik nəzərə çarpır: Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycanın beynəlxalq mövqeləri güclənir.
“Eyni zamanda, beynəlxalq enerji layihələrinin reallaşmasında atdığı ciddi addımlar, ölkə iqtisadiyyatının inkişaf etdirilməsi ilə əlaqədar həyata keçirilən islahatlar beynəlxalq arenada ölkəmizin mövqelərini gücləndirir. Ermənistanın isə təcrid prosesi davam edir və bu ölkədəki sosial gərginlik də, getdikcə artır. Başqa sözlə, hazırda Qarabağla bağlı nəzərə çarpan faktorlar bunlardır. Hesab edirəm ki, prosesin gedişi həmsədrlərin səfərindən sonra ortaya çıxacaq konkret nəticələrdən asılı olacaq”, - Elçin Mirzəbəyli bildirib.