ABŞ-ın ATƏT-in Minsk Qrupundakı sabiq həmsədri Ceyms Uorlik verdiyi bir müsahibədə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni imkanların yarandığını deyib. O, Rusiyanın problemin həllində maraqlı olduğunu da sözlərinə əlavə edib.
Bunu Teleqraf.com-a açıqlamasında siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib.
O qeyd edib ki, bununla belə C.Uorlik ABŞ-ın və “Bolton planı”nın adını çəkməyib:
“Sabiq həmsədr Rusiya və “Lavrov planı”nın üzərində dayanmaqla ABŞ-ın bu istiqamətdəki fəaliyyətini görməzdən gəlir. Halbuki Vaşinqton münaqişənin həllində daha çox maraqlıdır. Buradan aydın olur ki, Uorlik Kremlin göstərişi ilə danışır”.
M.Əsədullazadə hesab edir ki, bu mənada C.Uorlikin müsahibəsinin təşkilində məqsəd “Lavrov planı”nı qəbul etdirməkdən ibarətdir:
“Qeyd edim ki, sabiq həmsədr hazırda Rusiyaya məxsus hüquq firmasında çalışır və ruslarla dostluq əlaqələrinə malikdir. Təbii ki, o, Rusiyanın mövqeyini və irəli sürülən şərtləri müdafiə edəcək. Digər tərəfdən Ceyms Uorlikin müsahibəsində səmimi olmadığı da nəzərdən qaçmır. O, çox yaxşı bilir ki, Rusiya konfliktin həllində maraqlı deyil. Yalnız öz maraqları kontekstində münaqişənin həllinə yanaşır. “Lavrov planı” da məhz buna əsaslanır”.
Siyasi şərhçinin sözlərinə görə, Azərbaycan öz maraqlarına uyğun olmayan, xüsusilə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanmayan heç bir planı və “Lavrov planı”nı-Kazan formulunu qəbul etməyəcək:
“Düşünürəm ki, Rusiya danışıqları öz moderatorluğuna qaytarmaq və “Lavrov planı”nı yenidən ortaya çıxarmaq üçün Ceyms Uorlikin müsahibəsini təşkil etdirib. Uorlik Kremlin mesajlarını çatdırır və yeni imkanların yaranmasının vurğulamaqla bu imkanların Kremldə olduğunu önə çəkir. Odur ki, Uorlik öz ölkəsinin vasitəçiliyindən danışsa, daha yaxşı olar”.