Mən Fəxrəddin Abbaszadəni gənclik illərindən tanıyıram. O, Azərbaycan Dövlət Universitetinin elmi kommunizm kafedrasında işləyirdi, mən isə Politexnik İnstitutunun fəlsəfə və elmi kommunizm kafedrasının müdiri idim. O zaman fəlsəfə və elmi kommunizmə dair ümumbakı seminarları deyilən seminarlarda tez-tez görüşürdük. Hətta, sonradan elmi kommunizm əvəzinə politologiya fənni keçərkən, “Politologiya fənninə giriş” hazırlayan zaman o da həmin fənnin yazılmasında iştirak etmək istədi. Amma imkan olmadı. Yəni, belə deyək “salam-kəlam” var idi. O zaman onun belə millətçi və qızışdırıcı, millətlərarası münasibəti korlayan, Azərbaycanın multikultural siyasətinə ziyan gətirən baxışları yox idi. Əksinə, Azərbaycan dövləti və azərbaycançılıq haqqında çoxlu fikirlər söyləyirdi.
Bunu Teleqraf.com-a açıqlamasında fəlsəfə elmləri doktoru, professor Qabil Hüseynli bildirib.
O qeyd edib ki, F.Abbaszadə qondarma “Talış-Muğan Respublikası” yaranandan sonra Ələkrəm Hümmətovun təsiri altıan düşərək universitetdəki işini atdı və Lənkərana getdi:
“Orada “qondarma “respublika”nın qondarma məclisinin sədri seçildi. O zamandan da onun separatçılıq fəaliyyəti başladı. Əlbəttə, ölkə özünə gəlib qondarma “TMR”i aradan qaldırandan sonra o, Moskvaya qaçdı. Moskvada da separatçılıq hərəkətlərini davam etdirdi. İndi kimlərsə onu alim, intellektual kimi qələmə verirsə, bu, onların öz işidir. O, ortabab elmi kommunizm müəllimi idi. Onun qeyri-adi, kimlərdənsə fərqli elmi-intellektual keyfiyyəti yox idi. Onunla bir yerdə çalışanlardan da bir neçə qat aşağı səviyyədə dayanan, amma şantaj və demoqogiyanı sevərək, bu yollardan istifadə edərək, özünü mövqe qazanmağa çalışan birisi idi. Moskvaya gedəndən, orada Ermənistan xüsusi xidmət orqanları ilə əlaqədə olduqdan sonra dili açıldı, rus dilini də müəyyən qədər öyrəndi. Məsələn, Azərbaycanda olanda rusca demək olar ki, danışa bilmirdi. Mən bir dəfə onun Moskvada keçiridyi mətbuat konfransını izlədim. Gördüm ki, bir az öyrənib. Amma rus dilinin bütün incəliklərini öyrənə bilməyib. Belə deyək, alayarımçıq müəllim, alayarımçıq siyasətçi qismində millətlərarsı münasibətlərə zərbə vura-vura gedir”.
Q.Hüseynli bildirib ki, F.Abbaszadə Azərbaycandakı multikultural ənənəyə daha çox böhtan atır:
“Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edərək Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox ürəkbulandırıcı fikirlər söyləyir. Halbuki, münaqişə yeni başlayanda o, ermənilərə lənət yağdıran, bu barədə bəlağətli fikirlər söyləyən şəxslərədn biri idi. İndi isə “bu müharibə bizim müharibəmiz deyil” deyə araqatanlıq və təxribatçılıqla məşğul olur. Bu adam Azərbaycana çox böyük pisliklər edib. Mən bu hadisələr başlamazdan 10 il əvvəldən onu tanımağıma baxmayaraq, onun haqqında nəinki xoş söz söyləyə bilmirəm, əksinə onun Moskvadakı fəaliyyəti, tez-tez İrəvana gedib gəlməsi, orada mətbuat konfransları keçirməsi, olmayan şeylər haqqında uydurmaları məndə ona qarşı çox böyük nifrət hissi formalaşdırıb. Halbuki, bu gün Azərbaycan və talış xalqları bir-biri ilə iç-içə yaşayır, bir-biri ilə qardaşdır. Yaxın qohum olan ailələr az deyil. Bizi eyni din, eyni mədəniyyət birləşdirir və aramızda ümumi, oxşar cəhətlər və yaxınlıqlar getdikcə daha da artıb çoxalır. Bu gün talış xalqı Azərbaycan türkləri ilə müstəqil Azərbaycanın idarəçiliyində birlikdə iştirak edirlər və öz töhfələrini əsirgəmirlər. Bir sözlə, bu iki xalq qaynayıb qarışıb və ürəyi candan ayırmaq mümkün olmadığı kimi, talış xalqını da bizdən ayıra biləcək elə bir qüvvə yoxdur. Xüsusilə bu cür təxribatçıların fəaliyyəti Azərbaycandakı multikultural duruma heç bir zərbə vura bilməz”.