5 Aprel 2019 00:14
722
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Newtimes.az” portalında “NATO-Rusiya münasibətləri: Cənubi Qafqazda iki “geosiyasi dalan” sərlövhəli məqalə dərc edilib. Teleqraf.com məqaləni təqdim edir.

Son dövrlərdə ekspertlər dünyanın iki böyük geosiyasi güc mərkəzi olan ABŞ və Rusiyanın Cənubi Qafqazda daha da fəallaşdığından bəhs edirlər. O cümlədən NATO-nun Gürcüstanda hərbi təlimlər keçirməsini bu bağlılıqda ciddi faktor kimi təqdim edirlər. Bunun fonunda ekspertlər Azərbaycan, Ermənistan və Gürcüstanın geosiyasi vəziyyəti haqqında proqnozlar verməyə çalışırlar. Analizlərdə Cənubi Qafqazda Ermənistan və Gürcüstanın xarici siyasəti və geosiyasi seçimi ilə əlaqələndirilən “geosiyasi dalan”ın yaranmaqda olduğu vurğulanır. NATO-nun Gürcüstanda keçirdiyi hərbi təlimlər də həmin kontekstdə qiymətləndirilir. Müxtəlif parametrlərin müqayisəsi göstərir ki, regionda kifayət qədər gərgin geosiyasi mənzərə formalaşmaqdadır. Cənubi Qafqaz ölkələrinin xarici siyasəti bu bağlılıqda daha böyük aktuallıq kəsb edir. Həmin çərçivədə regionun geosiyasi mənzərəsinin məzmunu üzərində geniş dayanmaq ehtiyacını hiss edirik.

Şimali Atlantika Alyansının fəallığı: hərbi təlimlər və geosiyasi mənzərə

Ekspertlər NATO-nun Cənubi Qafqazda fəallaşdığından bəhs edirlər. Məsələnin geosiyasi və təhlükəsizlik baxımından region üçün aktuallığını təsdiq edən faktlar da göstərilir. Ermənistanın xarici siyasət kursunun meydana gətirdiyi qeyri-müəyyənliyə xüsusi diqqət yönəldilir. Şimali Atlantika Alyansının martın 18-dən 29-dək Gürcüstanda keçirdiyi təlimlər bu baxımdan daha çox maraq doğurub. Həmin təlimlər “NATO-Georgia Exercise 2019” adlanırdı. Onun əsas məqsədi Gürcüstanın müdafiə qüdrətini artırmaq və Alyansa üzv olmayan ölkələrdə yarana biləcək böhranlı vəziyyətə çevik reaksiya mexanizmlərini hazırlamaqdan ibarət olub. Təlimlərdə 24 ölkədən 350 əsgər və nümayəndələr iştirak edib. Gürcüstandakı təlimlərə Ermənistan əsgər göndərməyib, Azərbaycandan isə nümayəndələr iştirak ediblər.

Ancaq Gürcüstanda hərbi təlimlər keçirilən zaman Ermənistanda “NATO həftəliyi” adlı tədbir təşkil edilib. Ermənistan hakimiyyəti bu hadisəni “deklarativ tədbir” kimi təqdim etməyə çalışıb. Erməni tərəfi Ermənistanın hərbi təlimlərdə iştirakı məsələsini milli maraqlar və təlimlərdən ala biləcəkləri fayda ilə əlaqələndiriblər. Gürcüstanda keçirilən hərbi təlimlərdə bu ölkənin hərbi-müdafiə potensialının artırılması məsələsi qoyulduğundan, Ermənistan buna maraq göstərmədiyini deyir. Ancaq burada Alyansa üzv olmayan ölkələrdə böhran yarandıqda, buraya çevik müdaxilə məsələsi də diqqət mərkəzində idi. Belə görünür ki, Ermənistan Moskvadan o dərəcədə qorxur ki, NATO-nun Ermənistanda yarana biləcək hərbi böhrana müdaxiləsindən sözdə də olsa, danışmaq istəmir. Və yaxud burada başqa məqamlar var.

Əslində, ekspertlər də məhz bu “başqa məqamlar”a daha çox diqqət yetirirlər. Məsələ ondan ibarətdir ki, İrəvan süni və dolaşıq geosiyasi xətti ilə özünü dalana dirəyib. İndi Ermənistan rəhbərliyi müdafiə sahəsində hansı addımı atsa, ziddiyyətlərlə rastlaşır. Gürcüstandakı təlimlərdə iştirak etməməsi də əsasən bununla bağlı idi.

Ekspertlər vurğulayırlar ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) və Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvü kimi müdafiə məsələlərini və təhlükəsizliyini əsas olaraq Moskvanın ixtiyarına verib, KTMT-nin iradəsindən kənar bir addım belə ata bilməz. Ermənistan silahlı qüvvələrinin silah-sursatı Rusiya istehsalı olanlardır. Özü də onları güzəştli şərtlərlə Kreml Ermənistana verir. Bundan başqa, Rusiya ilə Ermənistan ortaq hərbi qrup da yaradıblar. Ermənistanın sərhədlərinin böyük bir qismini də Rusiya hərbçiləri qoruyurlar.

Bunlarla yanaşı, Ermənistan rəsmiləri və hərbi rəhbərliyi NATO-nu “vacib tərəfdaş” adlandırırlar. Rusiya isə “strateji tərəfdaş”dır. Belə çıxır ki, dünya miqyasında bir-birinə qarşı düşmən kimi davranan iki böyük dövlətdən biri Ermənistanın “strateji tərəfdaşı”, digəri isə “vacib tərəfdaşı”dır. Əlbəttə, reallıqda bunun sadəcə söz oyunu olduğunu hamı dərk edir. Cənubi Qafqazda nüfuz uğrunda ciddi mübarizə aparan Amerika ilə Rusiya üçün bu bölgünü aparmaq məntiqsizlikdir.

Rusiya öz strateji müttəfiqinin Amerikanın vacib tərəfdaşı olmasına necə dözə bilər? Absurddur! Və yaxud Rusiyanın strateji tərəfdaşını ABŞ hansı ciddiyyətlə vacib tərəfdaş saya bilər? Özü də Ermənistan rəhbərliyi Suriyaya hərbçilərini məhz Rusiyanın maraqlarına uyğun göndərdiyi bir zamanda hansı tərəfdaşlıqdan bəhs etmək olar?

Belə aydın olur ki, NATO-nun Gürcüstanda hərbi təlimlər keçirdiyi bir vaxtda Ermənistanda “NATO həftəsi” ənənəvi şoudur. Bunu Kremlin hər iki hadisəyə verdiyi reaksiya da təsdiq edir. Gürcüstanda hərbi təlimlər başlamazdan öncə Rusiya və Ermənistanın baş qərargah rəsmiləri V.Gerasimov və A.Davtyanın görüşü olub. Buna qədər isə Rusiya xarici işlər nazirinin müavini Q.Karasin və müdafiə naziri S.Şoyqu demək olar ki, eyni vaxtda Gürcüstana xəbərdarlıq ediblər. Onlar “xoş olmayan gözlənilməzliklər”dən və NATO təlimlərinə Rusiyanın “adekvat reaksiya” verə biləcəyindən bəhs ediblər.

İrəvan və Tbilisi: iki siyasi kursun bir yanlışı

Vəziyyət aydındır: Rusiyanı qıcıqlandıran bir tədbirdə ermənilər qorxularından iştirak edə bilməzlər. Gürcüstan isə hədələrə baxmayaraq, təlimləri keçirib. Faktiki olaraq, bu hadisəni müdafiə imkanlarının artırılması və böhranlı situasiyaya hazırlıq kimi təqdim edib. Bundan başqa, ABŞ dövlət katibinin müavini A.Vudvord Tbilisiyə səfər edərək müxtəlif sferalarda əməkdaşlığı genişləndirməklə bağlı danışıqlar aparıb. Martın 24-də isə NATO-nun baş katibi Y.Stoltenberq Gürcüstana səfər edib.

Bunlar onu göstərir ki, NATO-nun Gürcüstanla əməkdaşlığının genişləndirilməsi daha geniş çərçivədə Qərb-Gürcüstan münasibətlərinin inkişafı ilə bağlıdır. NATO ancaq məsələnin təhlükəsizlik və müdafiə blokunu təşkil edir. Tbilisi də həmin istiqamətdə əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır. Gürcüstan birmənalı olaraq NATO-ya can atır. Rusiya isə həmişə Tbilisini xəbərdar edir.

Belə çıxır ki, Şimali Atlantika Alyansının Gürcüstanda hərbi təlimlər keçirməsi daha geniş miqyasda Vaşinqton-Moskva qarşıdurmasını dərinləşdirə bilər. ABŞ-ın Gürcüstan istiqamətində atdığı addımlar onu göstərir ki, Vaşinqton bu Cənubi Qafqaz ölkəsinin təhlükəsizliyini təmin etməyə çalışır. Lakin bu, Moskvanın xoşuna gəlmir. İstisna deyil ki, bu iki böyük gücdən biri Gürcüstana qarşı təsirli addım atsın. Hər bir halda, bu addım regionda gərginliyin azalmasına xidmət etməyəcək.

Bütün bunlardan ekspertlər Cənubi Qafqaz ölkələrinin xarici siyasəti ilə bağlı maraqlı nəticələr çıxarırlar. Onlar hesab edirlər ki, Azərbaycan dünyanın iki böyük geosiyasi güc mərkəzindən eyni məsafədə mövqe tutmaqla özünün təhlükəsizliyini təmin edə bilir. Onun üçün risklər böyük deyil. Bununla rəsmi Bakı ətrafında dəmir müdafiə səddi yaradıb ki, onu da keçmək asan deyil. Əslində, bu möhkəm müdafiə zolağını keçmək istəyənin özü üçün ciddi təhlükələr meydana gələ bilər (bax: Ирина Джорбенадзе. Альянс атакует Южный Кавказ / “Росбалт”, 25 mart 2019).

Bunun fonunda isə Gürcüstanla Ermənistanın mövqeyi aşağıdakı kimi xarakterizə edilir: “Nə İrəvan, nə Tbilisi bu yolla (Azərbaycanın seçdiyi yolla – Newtimes.az) getmədilər. Və özlərini dalana dirədilər. Birincisi – Moskva, ikincisi isə – eyni zamanda, Vaşinqton və Moskva (dalanına)” (bax: əvvəlki mənbəyə).

Maraqlıdır ki, Ermənistan üçün dalan məsələsində Dağlıq Qarabağ münaqişəsi ayrıca vurğulanır. Yəni, rəsmi İrəvan bu münaqişənin həllini də özü üçün çıxılmaz vəziyyətə salıb. Həm də Türkiyə faktorunun regionda təsirinin artması işığında ermənilər üçün risk amilinin daha da artdığı görünür. Real olaraq Moskva da Dağlıq Qarabağ münaqişəsinin həllinə Amerikanın yardım edə bilməyəcəyini vurğulayır. Vaşinqtonda ermənilər üçün bu məsələni həll edə bilməzlər. Deməli, bəri başdan Rusiya Amerika qarşısında ciddi üstünlük əldə etmiş olur. Baxmayaraq ki, hər iki dövlət ATƏT-in Minsk qrupunun həmsədrləri sırasına daxildirlər.

Dağlıq Qarabağ münaqişəsi doğrudan da indi regional təhlükəsizlik baxımından daha da aktuallaşıb. Və İrəvanın bu məsələdə tutduğu qeyri-konstruktiv mövqe ucbatından danışıqlarda bir nəticə əldə edilmir. Təbii ki, böyük dövlətlər bu məqamdan öz maraqları üçün istifadə edə bilərlər və hələlik edirlər də. Yuxarıdakı məqamlardan görünür ki, bu prosesdə Ermənistanın yeritdiyi siyasət kənar qüvvələrə geniş manevr imkanları verir.

Bu cür vəziyyət regionla bağlı hansı nəticəni çıxarmağa imkan verir? Aydındır ki, Cənubi Qafqazda böyük geosiyasi güc mərkəzləri fəallaşıblar. Onlar müxtəlif sferalarda öz maraqlarını təmin etmək üçün konkret addımlar atırlar. Deyilənlərin fonunda regionun bu və ya digər ölkəsinin nə kimi siyasət yeritməsinin əhəmiyyəti də artır. Analiz göstərir ki, hələlik ən konstruktiv mövqeni Azərbaycan tutur. Ermənistan isə hər iki istiqamətdə özünü dalana dirəyib. Gürcüstan da birtərəfli mövqe tutub. Hazırkı vəziyyətdə Ermənistan və Gürcüstanın Azərbaycanın mövqeyinə uyğun seçim etməsi ehtimalı az görünür. Deməli, Cənubi Qafqazda böyük dövlətlərin geosiyasi mübarizəsi davam edəcək.

Newtimes.az


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər