8 Aprel 2019 17:44
1 203
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Vyana görüşü ərəfəsində və bundan sonra Ermənistan tərəfinin verdiyi qeyri-konstruktiv bəyanatlar işğalçı tərəfin hələ də Qarabağ münaqişəsinin həllinə hazır olmadığını göstərir”.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Elşən Manafov deyib.

Onun sözlərinə görə, Ermənistan müdafiə naziri David Tonoyanın Vaşinqtondan Azərbaycan əleyhinə verdiyi bəyanat da diqqətdən yayınmadı:

“Bəyanatın özünün Vaşinqtondan verilməsi də bizi düşündür. Belə nəticə çıxdı ki, David Tonoyan sanki bu bəyanatı Vaşinqtonda kimlərləsə razılaşdırıb. Bu da ondan irəli gəlir ki, Paşinyanın həyata keçirdiyi “məxməri inqilab”ın əsas maliyyə dəstəkçiləri də ABŞ-dan idi. Paşinyan və onun komandasının “Sorosun uşaqları” adlandırılması bu baxımdan təsadüfi deyil. Amma bütün hallarda bu bəyanatın ATƏT-in Minsk qrupuna üzv olan dövlətlərdən birindən verilməsi diqqəti cəlb edir.

Təəssüflər olsun ki, Tonoyanın bu bəyanatına nə ABŞ-dan, nə də Minsk qrupunda təmsil olunan digər dövlətlərdən kəskin reaksiya verildi. Dövlət Departamentinin də buna ciddi reaksiyası olmadı. Azərbaycanın isə bu bəyanata mövqeyi kəskin və birmənalıdır.

Müdafiə naziri Zakir Həsənov erməni həmkarına xatırlatdı ki, Azərbaycan təkcə bölgənin yox, dünyanın ən güclü ordularından birinə malikdir. Eyni zamanda, erməni tərəfinə 2016-cı ilin aprel ayında baş vermiş döyüşlərin məlum nəticələrini xatırlatdı. Həmin döyüşlərdə Azərbaycan ordusunun cəmi 20 faizi iştirak etmişdi və əldə edilən nəticələr də göz qabağında idi. Habelə Zakir Həsənov onu da bildirdi ki, lazım gəlsə, Ermənistanın müdafiə naziri ilə İrəvanda da, görüşə bilərik”.

Elşən Manafov qeyd edib ki, bununla belə Azərbaycan münaqişənin dinc yolla həllinə hazır olduğunu da, bir daha nümayiş etdirdi:

“Ermənistan tərəfi isə güzəştə getmək niyyətindən uzaq olduğunu göstərir. Lakin son günlərdə baş verənləri Azərbaycan diplomatiyasının uğuru kimi qeyd etmək olar. Çünki Paşinyan Vyana görüşünə qədər çalışdı ki, danışıqların formatı dəyişsin. Azərbaycan tərəfi birmənalı şəkildə bildirdi ki, format dəyişə bilməz.

Vyana görüşündən sonra Minsk qrupunun formatın dəyişməyəcəyi ilə bağlı verdiyi bəyanat Azərbaycan diplomatiyasının uğuru kimi yadda qaldı.

Hesab edirəm ki, bu uğur danışıqların növbəti mərhələsi üçün impulsiv xarakter verə bilər. Digər yandan, bu qarşılıqlı bəyanatlar həm də ondan qaynaqlanır ki, həmişə yaz aylarında hərbi əməliyyatların başlaması ehtimalı yüksək olur. Tərəflər bir-birinə əzələ nümayiş etdirməyə çalışırlar.

Ermənistan tərəfi unutmamalıdır ki, təkcə Azərbaycan ordusunun xərcləri Ermənistanın illik hərbi büdcəsindən dəfələrlə çoxdur. Yəqin ki, Ermənistan və onun havadarları bu mesajların arxasında hansı məqamların dayandığını başa düşəcəklər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər