24 Aprel 2019 18:54
9 466
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un “Brifinq” layihəsinin növbəti qonağı Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin köməkçisi Oqtay Qasımovdur.

Onunla müsahibəni təqdim edirik:

Əvvəli burada: https://teleqraf.com/news/toplum/207870.html

Mənsur Rəğbətoğlu: - Həmin dönəmdə Surət Hüseynov qiyam qaldırdı və Elçibəy hakimiyyətinə son qoyuldu. Maraqlıdır ki, Surət Hüseynovla Xalq Cəbhəsi arasındakı narazılıq nədən başladı? Bu narazılığın mahiyyəti nədən ibarət idi?

- 4 iyun məsələsi Surət Hüseynov məsələsi deyildi. Bu, Rusiya və İranın Azərbaycanda dövlət çevrilişi həyata keçirmək ssenarisi idi. Sadəcə olaraq, burada baş rol Surət Hüseynova verilmişdi. Surət Hüseynov haqda ilk dəfə 1992-ci ilin yanvarında Şuşada olarkən , eşitmişəm. Mən Xalq Cəbhəsinin İnformasiya Mərkəzindən Daşaltı hadisələrinin səhəri günü ora ezam olunmuşdum. 10 gün Şuşada qaldım. Şuşadan qayıtdığım dövrdə Surət Hüseynov Rəhim Qazıyevin dəstəsi ilə Şuşaya gəldi. 8 nəfərin kazarmada güllələnməsi hadisəsi də bu vaxta təsadüf edirdi. Şəhid olanlardan biri mənim tələbə yoldaşım idi. Yəni, bu vaxt artıq Dağlıq Qarabağda Surət Hüseynovun adı səslənirdi.

Şuşanın polis rəisi Vahid Bayramov şəhəri kimlərin müdafiə etdiyini sadalayanda Surət Hüseynovun adı öndəı gəlirdi. O bildirdi ki, Surət Hüseynov bu günədək Şuşanın müdafiəsi üçün 38 milyon rubl pul xərcləyib. Kifayət qədər böyük rəqəm idi. Yəni, Xalq Cəbhəsi hakimiyyətə gələndə artıq Qarabağda Surət Hüseynov fenomeni vardı. O, Yevlax Yun Zavodunun direktoru idi. Amma həm müdafiə məsələsindəki rolu, həm də rus ordusunun zabitləri ilə münasibətləri buna imkan vermişdi. Sonradan məlum oldu ki, bu, təkcə Yun Zavodunun direktoru məsələsi yox, Rusiya hərbi kəşfiyyatı ilə bağlı olan məsələdir. O zaman Azərbaycanda ciddi fəaliyyəti olan kəşfiyyat qrupu ordu kəşfiyyatı – “QRU” idi. Xalq Cəbhəsi də bir sıra məsələləri nəzərə alaraq, Qarabağ məsələsində Surət Hüseynovla əməkdaşlıq etmək, onun potensialından yararlanmaq istəyirdi. Beləliklə, Surət Hüseynov prezidentin Dağlıq Qarabağ üzrə səlahiyyətli nümayəndəsi təyin olundu və baş nazirin müavini statusunda kifayət qədər ciddi səlahiyyət əldə etdi.

Amma sonradan hərbi hissələrdən, rayonlardan və Xüsusi İdarədən gələn məlumatlar göstərdi ki, Surət Hüseynovun fəaliyyəti başqa məcraya yönəlib. Onun həm aviasiyanın pilotlarına, həm də Qarabağdakı hərbi hissələrə təsiri və özünün nəzarətində olan hərbi hissə ciddi təhlükə yaratmağa başladı. Başqa sözlə, Surət Hüseynov Rusiyanın Azərbaycanda həyata keçirmək istədiyi ssenarinin aparıcı fiqurlarından biri idi.

Mənsur Rəğbətoğlu: - Bəs Rusiyadan bu ssenarini həyata keçirməyin qarşılığında nə vəd olunmuşdu: hakimiyyət, yoxsa...?

- Surət Hüseynovun əsas hədəfi hakimiyyəti ələ keçirmək idi. 1993-cü ilin aprelin sonlarında bir hərbi birlik yaratdı. Birbaşa Moskvaya tabe olan şəxslər açıq şəkildə bəyan etdilər ki, onların adından danışacaq səlahiyyətli şəxs Surət Hüseynovdur. Digər yandan, hamısını qaralamaq istəmirəm, amma həmin dövrdə milli ordunun başında duranların mütləq əksəriyyəti Rusiya hərbi kəşfiyyatına bağlı adamlar idi.

Mənsur Rəğbətoğlu: - Yəni, ölkədə hərbi xunta yaradılacaqdı.

  • Əlbəttə, hərbi xunta... Surət Hüseynovun özü də açıq şəkildə dedi ki, Bakıya gəlib sizin hamınızı asacağam.

Nərgiz Ehlamqızı: - Siz deyirsiniz ki, Xüsusi İdarədən məlumatlar gəlirdi. Bu məlumatlar birbaşa sizə gəlirdi və siz bunları prezidentin qarşısına qoyurdunuz?

- Bu məlumatlar müxtəlif mənbələrdən gəlirdi. Həm şifahi, həm də yazılı şəkildə ötürülürdü. Yazılı şəkildə gələnlərin böyük əksəriyyəti məxfi qrifi ilə gəlirdi. Prezident Aparatına daxil olurdu və prezidentin məktublara baxan köməkçisi kimi mənə gəlirdi. Yəni, məktubların böyük əksəriyyəti məndən keçirdi. Mənim bu məktublara baxmaq səlahiyyətim vardı. “Tam məxfi” qrifi olanda onları açmırdıq, birbaşa prezidentə verirdik. Məsləhət bilsəydi, orada yazılanları bizimlə də bölüşürdü. Əgər məhv edilməyibsə, bu məktubların əksəriyyəti indi də qalır.

Mənsur Rəğbətoğlu: - Bu məlumatların arasında dezinformasiyalar ola bilərdimi? Yəni, müxtəlif kanallardan gələn məlumatlar arasında müqayisə aparılırdı?

- Əlbəttə aparılırdı. Əbülfəz bəy də bəzən zarafatla deyirdi ki, mən 7 yerdən məlumat alıram. Yəni, 7 yerin hamısı eyni məlumatı verə bilməzdi. Hər qurum, hər şəxs özünü daha yaxın göstərməyə çalışırdı deyə oradan gələn məlumatlar üst-üstə düşmürdü. Amma demək olardı ki, bütün məlumatlar eyni məcraya yönəlirdi. Bizə yaxın hərbçilərdən gələn məlumatlar isə üst-üstə düşürdü. Bu baxımdan, dezinformasiya ehtimalı kifayət qədər aşağı idi.

Mənsur Rəğbətoğlu: - 4 iyun qiyamının Qarabağ məsələsinin həlli prosesinə təsir imkanları hansı səviyyədə idi?

- İyun hadisələri Azərbaycan dövlətinin həyatında qırılma nöqtəsidir. Bu, böyük bir xəyanətdir. Söhbət ondan getmir ki, Xalq Cəbhəsi hakimiyyəti devrildi. Söhbət ondan gedir ki, həmin dövr Azərbaycanın dövlət olaraq inkişafında ciddi perspektivin yarandığı dönəm idi. Ən əsası da Dağlıq Qarabağ məsələsinin həll olunma anı idi. Azərbaycan 1988-ci ildə münaqişə yaranandan heç vaxt o zamankı qədər Qarabağ məsələsinin ədalətli həllinə yaxın deyildi. Söhbət bundan gedirdi. Yəni, iyun ayında Azərbaycanın ərazi bütövlüyünə qəsd oldu.

O dövrdə “3+2” adlanan bir format vardı. Kəlbəcərin işğalından sonra Türkiyə, ABŞ, Rusiya, Azərbaycan və Ermənistan arasında bir ay davam edən danışıqlar aparıldı. Bu, BMT-nin qətnamələrinə əsaslanan müzakirələr idi. Bu formatın gəldiyi yekun rəy belə idi ki, Ermənistan işğal etdiyi Kəlbəcər və Laçın rayonlarından öz qoşunlarını geri çəkir. Bundan sonra erməni qoşunlarının işğal ərazilərindən geri çəkilməsinin qrafiki müəyyən olunmuşdu. Bu baş tutduqdan sonra ərazilərdə sülhməramlı qüvvələr yerləşdiriləcəkdi. Danışıqlar davam etdirilirdi, payıza doğru Qarabağla bağlı böyük siyasi saziş imzalanacaqdı. Bununla Qarabağın statusu müəyyən olunacaqdı. Qarabağa Azərbaycanın ərazi bütövlüyü çərçivəsində bir qədər genişləndirilmiş muxtariyyət verilməsindən söhbət gedirdi. Lakin həmin qiyamdan sonra Azərbaycan bu şansı itirdi.

İyunun 4-də Gəncədə başlayan qiyama Azərbaycan hökuməti bir həftə sonra qiyam adı verdi. İlk gündən hökumət buna qiyam demirdi. Səbəbi də bu idi ki, Ermənistanın bundan istifadə etməsini istəmirdi. Çünki “3+2” formatında 5 dövlət sənəd imzalamışdı. Eyni zamanda orada Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının da imzası olmalı idi. Azərbaycanlı icması imzalamışdı, amma erməni icması imzalamamışdı. Bunda bir az da Moskvanın oyunu vardı. Petrosyan isə bildirmişdi ki, Qarabağda tabe olmaq istəməyən erməni hərbi hissələri var, ona görə də erməni icmasının sənədi imzalaması baş tutmur. Əbülfəz bəy isə açıq şəkildə bildirdi ki, həmin hərbi hissələrlə Azərbaycan ordusu məşğul olacaq. Əlbəttə, Rusiya üzərində Türkiyə və ABŞ-ın təzyiqləri vardı. Nəticədə iyunun 13-də bu məsələnin müzakirə ediləcəyi bildirildi və müzakirə olundu. Amma Gəncə qiyamından sonra Qarabağın erməni icması bəyanat verdi ki, “Azərbaycanda qeyri-müəyyənlik var. Biz bilmirik ki, danışıqları Əbülfəz Elçibəylə, yoxsa Surət Hüseynovla aparaq”.

Bununla da proses pozuldu. Qiyama dəstək verən siyasi qüvvələrin sayəsində və yaranmış hakimiyyət boşluğundan istifadə edilərək, Azərbaycan əraziləri işğal olunmağa başladı. Nəticədə Azərbaycan üçün ən önəmli məsələlər arxa plana keçdi. Biz tarixi şansımızı itirdik. Mənim qiyamda iştirak edənlərə qəzəbim bununla bağlıdır.

Nemət Oruclu: - Əbülfəz Elçibəyin neft strategiyası necə idi? Ümumiyyətlə, Elçibəyin xarici təmasları hara qədər idi? Bu barədə söhbət düşəndə həmişə yalnızTürkiyənin dönəm prezidenti Turqut Özalın və Böyük Britaniyanın baş naziri Marqaret Tetçerin Azərbaycana səfərindən danışılır...

- Azərbaycan yeni yaranmış dövlət idi və böyük dövlətlərin başçıların bura səfəri haqda danışmaq hələ erkən idi. Həmin dövrdə Azərbaycanla birgə müstəqil olmuş dövlətlərin heç birinə səfərlər olmamışdı. Amma Ayaz Mütəllibovun vaxtında Turqut Özal, ABŞ dövlət katibi Berqer Bakıya səfər etmişdi. Elçibəyin dönəmində ABŞ dövlət katibliyinin nümayəndələri, konqresmenlər və xarici neft şirkətlərinin nümayəndələri səviyyəsində səfərlər olurdu. Səfərlərin artması üçün xarici ölkələrdə səfirliklər açılmalı idi. Nəticədə 4 ölkə və BMT-də səfirliklər açıldı. Bu ölkələr də ABŞ, Rusiya, Türkiyə və İran idi.

Elçibəyin neft strategiyasına gəlincə, bu siyasət Azərbaycan neftinin dünya və Avropa bazarlarına çıxarılması istiqamətində olub. Əbülfəz Elçibəyin planına görə, Bakıdan başlayan neft kəməri Ermənistanın Mehri rayonundan keçməklə, Naxçıvan üzərindən Türkiyəyə uzanacaq, ordan da Aralıq dənizinə (Ceyhan limanı) çatdırılacaqdı. Bu həm maliyyə, həm də strateji baxımdan əlverişli layihə idi. Buna paralel olaraq, qaz kəməri, avtomobil yolu, rabitə-kommunikasiya xətti və dəmir yolu çəkiləcəkdi. Ermənistan üçün nəzərdə tutulmuş 46 kilometrlik ərazi beynəlxalq nəzarətdə olacaqdı. Çünki bu, beynəlxalq layihə idi və təhlükəsizliyinin təmin edilməsi vacib idi. Bu, həm Naxçıvanı təhlükəsiz şəkildə Azərbaycana bağlayırdı, həm xərclər azalırdı, həm də türk dünyasını birləşdirəcək zolaq olurdu. Amma Rusiya buna qarşı çıxdı. Füzuli, Zəngilan və Cəbrayılın işğalı da bununla bağlı idi.

Mənsur Rəğbətoğlu: - Kəmərin Güney Azərbaycandan keçməsi də təklif olunurdu.

- Bu məsələ Ayaz Mütəllibovun dövründə gündəmə gəlmişdi. Plan belə idi ki, Bakıdan başlayan xətt Zəngilandan Güney Azərbaycan ərazilərinə, buradan Naxçıvana keçir və Türkiyəyə çatdırılır. Elçibəyin planına görə isə Naxçıvanda neftayırma zavodu qurulacaqdı burada emal olunan neft həm Naxçıvanın tələbatını ödəyəcək, müharibə başa çatacağı halda həm Ermənistana, həm də İrana satılacaqdı. İşğal faktoru olmasaydı, Ermənistan beynəlxalq xətlərin ötürülməsində tranzit rolunu oynayacaqdı və beynəlxalq layihələrin iştirakçısına çevriləcəkdi. Bu Ermənistanı həm Rusiyanın təsir dairəsindən çıxaracaqdı, həm də Rusiyanın Cənubi Qafqazda nüfuzu zəifləyəcəkdi. Rusiya isə buna əngəl oldu. Ona görə də 1993-cü ilin mart ayında Əbülfəz Elçibəy bu boru xəttini Bakı-Tiflis-Ceyhan olaraq təsdiqlədi. Bir az bahalı olsa və Rusiyanın müqaviməti ilə üzləsə də, bu layihə reallaşdırıldı.

Nemət Oruclu: - Oqtay bəy, təhlilçilər belə bir fikir irəli sürürlər ki, o zaman Heydər Əliyev xarici təhdidlərin qarşısını almaq üçün birbaşa ABŞ-la əlaqələr qururdu, Əbülfəz Elçibəy isə Londonla əlaqələri genişləndirməyə çalışırdı.

- Elçibəyin bəlli bir xarici siyasət kursu vardı. Prezident seçildikdən sonra onun ilk səfəri Qara dəniz dövlət başçılarının toplantısında iştirak etmək üçün İstanbula oldu. Bundan sonra ATƏM-in (indiki ATƏT) Helsinkidə keçirilən toplantısına qatıldı. Bu səfərdən əvvəl dönəmin ABŞ prezidenti Corc Buş Əbülfəz Elçibəyə məktub yazmışdı. Bu məktubda ABŞ-ın Elçibəyə və Azərbaycana olan münasibəti açıq formada qeyd edilmişdi.

Londonla münasibətlər isə daha çox BP şirkətinin Azərbaycandakı fəaliyyəti ilə bağlı idi. London üzərindən həm də ABŞ-a çıxış edilirdi. Digər bir çıxış isə Türkiyə üzərindən idi. Məsələ bu cür götürülürdü. ABŞ-ın dəstəyini almaq üçün İngiltərənin lobbiçiliyinə ehtiyac vardı. ABŞ-da isə erməni lobbisi güclüydü. Təsadüfi deyil ki, 1993-cü ildə erməni lobbisinin səyləri nəticəsində ABŞ Konqresində Azərbaycana qarşı akt (“907-ci düzəliş”) qəbul olundu. Bu aktın müəlliflərindən biri keçmiş dövlət katibi Con Kerri idi. Sonradan isə amerikalılar yanlış məlumat aldıqlarını və yanlış qərar qəbul etdiklərini etiraf etdilər.

Bu həm Elçibəyə olan münasibət, həm də onun apardığı siyasətlə bağlı idi. Bu əlaqələrlə yanaşı, Əbülfəz Elçibəyin Rusiya, Türkiyə və Ukraynaya rəsmi səfərləri baş tutdu. Avropa qurumları ilə münasibətlər isə tam olaraq qurulmamışdı. Bu da müharibə və daxili vəziyyətlə əlaqədar idi. Xarici siyasətdə önəmli addımlar 1993-cü ildən atılmağa başladı. Bu da müsbət nəticələrini verirdi. Təəssüflər olsun ki, qiyam baş verdi.

Heydər Əliyevin özü də ilk səfərini Fransaya, sonra Londona həyata keçirdi. Bundan sonra – 1997-ci ildə ABŞ-a gedərək, Bill Klintonla görüşdü.

1992-ci ildə Britaniyanın baş naziri Con Meycor Elçibəyə məktub yazmışdı. O, məktubunda Azərbaycanla enerji və demokratiya sahəsində əməkdaşlığa hazır olduğunu yazırdı. Orada Qarabağla bağlı bir abzas var. Britaniyanın baş naziri qeyd edirdi ki, “Böyük Britaniyanın Qarabağ məsələsi ilə bağlı birmənalı mövqeyi ondan ibarətdir ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir və əlavə statuslardan söhbət gedə bilməz”.


Müəllif: Mənsur Rəğbətoğlu