“Brifinq” layihəsinin növbəti qonağı Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin köməkçisi Oqtay Qasımovdur.
Onunla müsahibəni təqdim edirik:
Mənsur Rəğbətoğlu: - Siyasətdən getdikdən sonra nə işlə məşğul olursunuz?
- Siyasətdən getdikdən sonra ailəmizin problemləri ilə məşğul olmağa çalışırıq. Siyasətdən getmək də o mənada başa düşülə bilər ki, mən hazırda hansısa siyasi partiyanın üzvü deyiləm. Azərbaycan Xalq Cəbhəsi Partiyasından getdikdən sonra hansısa partiyaya üzv olmadım. Amma seçkilərdə iştirak etmişəm. İnsanları inandığım namizədlərə səs verməyə dəvət etmişəm. Bundan başqa, 2009-cu ildə Sabunçu bələdiyyəsinə üzv seçilmişəm. Burada da fəaliyyətim olub, amma çox vaxt öz işlərimlə məşğul olmuşam. Hazırda isə işsizəm.
Mənsur Rəğbətoğlu: - AXCP-dən niyə getdiniz, əsas səbəb nə idi?
- Əbülfəz bəy vəfat etdikdən sonra partiyada kifayət qədər problemlər ortaya çıxdı. Onun sağlığında da partiyada kifayət qədər problemlər vardı. O dönəmdə Xalq Cəbhəsində iki qrup vardı. Əli Kərimlinin rəhbərlik etdiyi qrup özünü islahatçı sayırdı, digər qrup isə onlara müxalif düşüncənin daşıyıcıları idi. İslahatçı qanad etiraf etməsə də, Xalq Cəbhəsində lider olaraq Əli Kərimlini görürdü. Xalq Cəbhəsində isə mütləq əksəriyyət mühafizəkar qanaddan ibarət idi. Onlar isə lider kimi birmənalı olaraq Əbülfəz Elçibəyi görürdülər. Partiyada bu məsələdən qaynaqlanan problemlər var idi. Bu da partiya daxilində vəziyyəti kifayət qədər ciddiləşdirdi.
Bilirsiniz ki, Əbülfəz bəyin vəfatından sonra Xalq Cəbhəsi iki yerə parçalandı: Klassik Xalq Cəbhəsi və Əli Kərimlinin rəhbərlik etdiyi qrup... Mən də o zaman Mirmahmud bəyin rəhbərlik etdiyi partiyada təmsil olunurdum. Bir müddətdən sonra partiyada qalıb siyasətlə məşğul olmağın bir perspektivini görmədiyim, digər tərəfdən, ailə qayğılarını həll etmək üçün siyasi intriqalardan və mənasız fəaliyyətdən kənara durub öz işlərimlə məşğul olmağa başladım. Amma bu o demək deyil ki, mən siyasətdən kənardayam və heç nə ilə maraqlanmıram. Ölkəmizdə, regionda və dünyada gedən prosesləri izləməyə və imkan olanda bununla bağlı fikirlərimi bölüşməyə çalışıram.
Bundan başqa, son bir ildə Əbülfəz Elçibəyin 80 illik yubiley tədbirlərinin keçirilməsi və bu çərçivədə Əbülfəz bəyin kitabının birinci nüsxəsinin çap etdirilməsi kimi vacib fəaliyyətlərlə məşğul oldum. Bu gün də gündəlik qayğılar və Əbülfəz bəyin kitabının ikinci cildinin çapa hazırlanması ilə məşğuluq.
Mənsur Rəğbətoğlu: - Niyə Əbülfəz Elçibəy vəfat etdikdən sonra Əli Kərimlini lider kimi qəbul etmədilər? Görünən bu idi ki, hansısa səbəbdən onun sükan arxasına keçməsini istəmirdilər. Bu hansı səbəb idi?
- Məsələ budur ki, Əbülfəz Elçibəy həyatını Azərbaycanın müstəqilliyinə, azadlığa və demokratiyaya həsr etmiş bir lider idi. O, siyasətdə öz missiyasını başa çatdıra bilmədi. Əbülfəz bəyin elə bir ciddi səhvi olmamışdı ki, bunu əsas götürərək, onu partiya rəhbərliyindən kənarlaşdırıb yerinə yeni lider gətirək. Onun yerinə keçən yeni lider güclü olmalı, partiyanı və insanları irəli daşıya bilməli idi. Bu baxımdan fikir ayrılığı vardı. Əli Kərimlinin ətrafında olan bəzi insanların Əbülfəz bəyə qarşı apardığı təbliğatda etikadan kənar məsələlər vardı. Bu da Əbülfəz Elçibəyi sevən insanlar və partiya üzvləri tərəfindən sərt qarşılanırdı.
Digər məsələlərdə dı fikir ayrılıqları vardı. Xüsusən, Bütöv Azərbaycan məsələsində partiyada iki fikir vardı. Mühafizəkar qanadın bu məsələyə münasibəti Əbülfəz Elçibəyin düşüncəsindən fərqlənmirdi, islahatçıların isə bu məsələyə münasibəti fərqli idi. İslahatçıların bəziləri tərəfindən bu ironiya ilə qarşılanırdı. Əbülfəz Elçibəyin bu barədə çıxışlarına və fikirlərinə münasibət birmənalı olmurdu. Yəni, bu kimi məsələlər münasibətlərdə ziddiyyətləri dərinləşdirirdi.
Mənsur Rəğbətoğlu: - Bəs bu ziddiyyətlər haradan qaynaqlanırdı? Bu, liderlik məsələsi ətrafında yaranmış ziddiyyətlər idi, ya şəxsi münasibətlərdə problemlər vardı?
- 20-25 il əvvəlki məsələlərə qayıtmağı doğru hesab etmirəm. Keçmiş keçmişdə qalıb. Biz gələcəyimizə baxmalıyıq. Yəqin ki, o dövrdə baş verənlərə görə hər kəs vicdanı qarşısında hesabatını verir. Özlərinin etdiklərinin nə qədər doğru, nə qədər yanlış olduğunu tərəziyə qoyub çəkirlər. Sadəcə təəssüf edə bilərik ki, bu ziddiyyətlər nəticəsində Xalq Cəbhəsi kimi ciddi kadr bazasına malik olan bir təşkilat dağıldı və onun xeyli sayda qabiliyyətli, savadlı üzvləri təşkilatdan kənarlaşdılar.
Nemət Oruclu: - Onların da çoxu deyəsən, siyasətlə məşğul olmadılar...
- Zaman göstərdi ki, Əbülfəz Elçibəy olmadan Xalq Cəbhəsində böyük perspektiv görünməyəcək. Bu da kimin haqlı, kimin haqsız olduğunu ortaya qoydu. Əbülfəz Elçibəydən sonra Xalq Cəbhəsinin həm parçalanması, həm də öz gücünü itirib ciddi şəkildə zəifləməsi bu perspektivləri sual altında qoydu. Nəticədə insanlar öz işlərini başqa istiqamətlərdə qurmağa çalışdılar.
Mənsur Rəğbətoğlu: - Yəni, Xalq Cəbhəsi ideologiya yox, şəxsiyyət ətrafında formalaşmış bir təşkilat idi?
- Xalq Cəbhəsi ideya ətrafında yaranmış təşkilat idi. Bir təşkilatda həm güclü lider, həm də güclü ideoloji əsas olarsa, bu, daha güclü və perspektivli təşkilat olar. Bunun birinin axsadığı yerdə müəyyən problemlər ortaya çıxır. Əbülfəz Elçibəy vəfat etdikdən sonra bu güclər itirildi, buna görə də perspektivlər sual altına düşməyə başladı.
Xalq Cəbhəsi müsavatçılıq ideologiyası və Azərbaycan Milli Azadlıq Hərəkatının bağrında doğulmuş bir təşkilatdır. Bu belə olmasaydı, bu təşkilat Qarabağ müharibəsində minlərlə şəhid verməzdi. Bu təşkilatın üzvləri bu gün də öz ideyalarına sadiqdir və imkan olduqca bu ideya ətrafında fəaliyyət göstərməyə çalışırlar. Yəni, Xalq Cəbhəsinin həm güclü lideri, həm də birləşdirici ideoloji əsası vardı. Əbülfəz Elçibəy həm də güclü ideoloji lider idi.
Zahid Nurəliyev: - O vaxt hətta belə bir populyar şüar da vardı: “Təşkilat bəlli, hədəf bəlli, lider bəlli!” Siz demək istəyirsiz ki, lider dünyasını dəyişdi, təşkilat sıradan çıxdı və hədəf itdi?
- Əbülfəz Elçibəyin vəfatından sonra qüvvələrin zəifləməsi ilə Xalq Cəbhəsinin yenidən hakimiyyətə gəlmək perspektivinə ciddi şübhələr yaranmağa başladı. Digər yandan, ölkədə və dünyada dəyişən şərtlərə görə də, insanlar bu perspektivlərin daha uzaqda olduğunu görüb partiya sıralarını tərk etmək qərarı verdilər. Amma bu insanları öz ideyalarından imtina etmiş insanlar kimi qəbul edə bilməzsiniz.
Əlbəttə, lider həyatda olanda birləşdirici fiqur idi. Lider birləşdirmək qabiliyyətinə malik deyilsə, ona lider demək olmaz. Lider heç kəsə ayrı-seçkilik etmədən hər kəsi qucaqlamalıdır. İstər partiya, istər cəmiyyət olsun...
Təşkilatın parçalanmasında rol oynayan təkcə liderin getməsi və ideya məsələsi deyildi. Şübhəsiz ki, o partiyanın üzvlərinin əksəriyyətində Əbülfəz bəyə ciddi bağlılıq var idi. Əbülfəz bəy vəfat etdikdən sonra da o insanlar uzun müddət təşkilatdakı yerlərində qaldılar. Bir neçə ildən sonra perspektivin aydın görünmədiyini görüb partiyadan uzaqlaşmağa başladılar.
2000-ci ilin parlament seçkiləri zamanı Müsavat Partiyası Mirmahmud bəyin rəhbərlik etdiyi qanadı dəstəklədi və Xalq Cəbhəsi kimi tanıdı.
Zahid Nurəliyev: - Amma bu qərar o zaman birmənalı qarşılanmadı. Hətta belə bir fikir irəli sürüldü ki, Müsavatın bu qərarı Xalq Cəbhəsində parçalanmaya son nöqtəni qoydu. Yəni, Müsavat bir qanadı tanımasaydı, birliyi qorumaq olardı. İllər keçdikdən sonra bu iddia barədə nə düşünürsüz?
- Siz o prosesləri yaxından izləmiş bir qəzetçi kimi bilirsiniz ki, elə deyil. Əslində Müsavat Partiyasının qərarı baş vermiş hadisəyə reaksiya idi. Müsavat və digər partiyalar dəfələrlə cəhd etdilər ki, iki tərəf bir araya gəlsin, Xalq Cəbhəsi vahid təşkilat kimi fəaliyyətini davam etdirsin. Təəssüf ki, ziddiyyətlər buna imkan vermədi. Ziyalılar cəhdlər etdilər. Lalə Şövkət Fazil Mustafa ilə Əli Kərimlini bir araya gətirmək üçün çalışdı. Digər təşəbbüslər və çağırışlar da oldu. Müsavat Partiyası da dəfələrlə Demokratik Konqresdə və ayrı-ayrılıqda hər iki tərəflə görüşərək öz niyyətini çatdırdı. Sadəcə olaraq, tərəflərin bir araya gəlməsinin qeyri-mükün olduğu, tərəflərdən birinin geri çəkilməyəcəyi ortaya qoyandan sonra Müsavat qərar verməli idi. Çünki təşkilat iki yerə bölünmüşdü və hər iki tərəflə əməkdaşlıq etmək olmazdı. Bir tərəflə əməkdaşlıq edəcəyin halda ikinci tərəf təzyiq edəcəkdi. Hər iki tərəf bir-birini qəbul etmədiyi üçün Müsavat qərar verdi və Mirmahmud bəyin rəhbərlik etdiyi tərəfi dəstəklədi. Düşünmürəm ki, Müsavatın qərarı parçalanmaya son nöqtəni qoydu.
Zahid Nurəliyev: - Deyirsiniz ki, siyasi mübarizənin mənasızlığını görüb partiyadan çıxdınız və daha çox ailə qayğıları ilə məşğul olmağa başladınız. Mübarizənin mənasız olduğu barədə ehtimalınız özünü doğrultdumu?
- 2001-ci ildə Xalq Cəbhəsi ilə bağlı Qüdrət Həsənquliyev tərəfindən bir proses başladıldı. Bu, Xalq Cəbhəsinin yenidən bir araya gətirilməsi və bütövləşdirilməsi ilə bağlı idi. Maraqlıdır ki, bu ideya əvvəlcə hər iki tərəfdən müsbət qarşılandı, reaksiyalara səbəb oldu. Mirmahmud bəyin təşkilatında da bu məsələ müzakirə olundu. Fikir bundan ibarət oldu ki, təşkilat bir araya gəlsin. Amma zaman keçdikcə bu proses də özünü doğrultmadı, ziddiyyətlər yenə də özünü göstərdi. Sonradan bununla bağlı xoşagəlməz söz-söhbətlər getməyə başladı. Bu da mənim əsəblərimlə oynayırdı və daha faydalı işlər görə biləcəyimi düşünüb partiyadan çıxdım. O qərara gəldim ki, cəmiyyətə də faydası olmayan bir işlə məşğul olmağın mənası yoxdur. İstefa ərizəsini yazdım və bu şərtlər altında Xalq Cəbhəsində fəaliyyət göstərə bilməyəcəyimi bildirdim. Amma istefa verdikdən sonra Mirmahmud bəylə yaxın münasibətlərimiz davam edir. Bu təşkilatda qalan insanlara da sayğılı yanaşıram.
Mənə “satqın” damğasını vuran insanlar da öz peşmanlıqlarını etiraf etdilər və üzr istədilər. Çünki həyatımızın heç bir anında qaranlıq məqamımız yoxdur. Kiminsə qarşısında gözü kölgəli deyilik. Baxmayaraq ki, 2000-ci ildə Mirmahmud bəyin təşkilatına keçdim, amma bu gün Əli Kərimlinin partiyasından görüşdüyüm insanların hamısı ilə kifayət qədər normal münasibətim var. Çünki zaman dəyişdikcə, insanlar nə etdiklərini dərk etdilər. Bəlkə də o zaman şərtlər elə idi, ya da gənc idik və daha emosional idik. Buna görə də zaman keçdikcə o köhnə məsələlərə qayıdılmır və müzakirə olunmur. Əminəm ki, bu gün AXCP-də təmsil olunanların mütləq əksəriyyəti 20-25 il əvvəl baş verənlərin yanlış olduğunun fərqindədir.
Zahid Nurəliyev: - Parçalanmış Xalq Cəbhəsinin bazasında bir neçə partiya yarandı. Bu partiyalardan hansı Xalq Cəbhəsinin siyasi-ideoloji hədəflərini qoruyub saxlaya bildi?
- Əslində bu partiyaların 1-2-si istisna olmaqla, qalanları Xalq Cəbhəsinin nizamnaməsi və məramnaməsi üstündə qurulub.
Mənsur Rəğbətoğlu: - İstisnalar hansılardır?
- Məsələn, Asim bəyin (Asim Mollazadə) Demokratik İslahatlar Partiyası tamamilə Avropaya inteqrasiya yönündə qurulub. Əlbəttə, Xalq Cəbhəsi də Avroatlantik məkana inteqrasiya xətti üzərində qurulmuşdu. Əbülfəz bəyin siyasəti bundan ibarət olub. Amma Əbülfəz Elçibəyin ideoloji-siyasi xətti milli demokratiya üzərində qurulub. Əbülfəz bəyi nə qədər millətçi kimi tanısalar da, o həm də çox demokratik bir insan idi.
Avropa Liberal Demokratlar İttifaqının üzvləri və rəhbər şəxsləri Əbülfəz bəylə görüşdükdən sonra dedilər ki, bizimlə sizin aranızda bir fərq yoxdur, düzdür siz türk millətçisiniz, amma sizin baxışlarınız tamamilə liberal dəyərlər əsasında qurulub.
Bu gün həm Mirmahmud bəyin, həm Qüdrət Həsənquliyevin, həm Əli Kərimlinin, həm də Qulamhüseyn Əlibəylinin partiyasının məramnaməsində Bütöv Azərbaycan kimi məsələlər yer alıb. Amma fəaliyyətində kim bunu nə qadər əsas götürür, bunun qiymətini cəmiyyət verir.
Zahid Nurəliyev: - Əbülfəz Elçibəy Kələkidən qayıtdıqdan sonra Bütöv Azərbaycan məsələsini gündəmə gətirdi. Bütöv Azərbaycan Birliyi yaradıldı və bu gün partiya sədri olan bir çox insanlar burada təmsil olunurdu. Lakin Xalq Cəbhəsi kimi bu təşkilatın da taleyi o qədər də ürəkaçan olmadı. BAB demək olar ki, tamamilə sıradan çıxdı. Bundan başqa, həmin dönəmdə Əbülfəz Elçibəy BAB-ın Mərkəzi Şurasında Azərbaycanın hədəfləri, Güney məsələsi ilə bağlı çıxışlar ediridi, müxtəlif məruzələr, polemikalar olurdu və bütün bunlar lentə alınırdı. Deyəsən, BAB kimi bu videogörüntülər də sıradan çıxıb. Ümumiyyətlə, Elçibəyin çıxışlarının videogörüntüləri, onun arxivi haradadır?
- Bütöv Azərbaycan Birliyi ideyası Əbülfəz bəy Kələkidə olarkən müzakirə olunmuşdu. Bunun konturları Kələkidə cızılmışdı. Əbülfəz bəyin Kələkidə olduğu dövrdə cəmiyyətə verdiyi töhfələrdən biri də “Bütöv Azərbaycan yolu” kitabının yazılması idi. Bu, Bütöv Azərbaycan Birliyi kimi təşkilatlar üçün yol xəritəsi idi. Məhdud imkanlar daxilində ideoloji-elmi bir əsərin ortaya çıxması ciddi bir məsələydi. Əbülfəz bəy Kələkidən qayıtdıqdan sonra öz siyasətini bir neçə vacib məsələyə yönəltmişdi. Bunlardan birincisi cəmiyyətdə vətəndaş sülhü idi. Rəqib siyasi qüvvələrlə münasibətlərin sivil qaydaya salınması və Azərbaycanın maraqları uğrunda vahid mövqedən çıxış etmək də bura daxil idi. Bir məsələ də sosial-iqtisadi, digər bir məsələ qaçqınlarla bağlı idi.
Bu o zaman həm hakimiyyət, həm də müxalifət mediasında birmənalı qarşılanmadı. Hətta həmin dönəmdə bir sıra müxalif media qurumları iddia etdilər ki, guya Əbülfəz Elçibəy hakimiyyətin razılığı ilə Kələkidən qayıdıb və hakimiyyətə loyal münasibət bəsləyir. Halbuki Əbülfəz bəy üçün həmişə siyasi maraqları dövlət maraqlarının arxasında olub. Heç vaxt öz siyasi maraqlarını önə çəkməyib. Əbülfəz Elçibəy bilirdi ki, siyasi qüvvələr bir araya gəlməsə, Azərbaycanın problemlərini həll etmək çətin olacaq.
Digər yandan, 1990-cı illərdə İran daxilində milli oyanış gedirdi və bu proses parlament seçkilərində Mahmudəli Çöhrəqanlının ortaya çıxması ilə müşayiət olundu. Kələkidə olarkən Əbülfəz Elçibəyin Güney Azərbaycanla ciddi əlaqələri var idi. Cəmiyyətimizin bundan xəbəri yoxdur. Bu əlaqələr nəticəsində ciddi müzakirələr aparıldı və fəaliyyət istiqamətləri müəyyən olundu. Bu baxımdan, Bakıya qayıtdıqdan sonra həm güneyliləri, həm də quzeyliləri bir arada toplayacaq Bütöv Azərbaycan ideyasını ortaya çıxaracaq bir təşkilatın yaradılmasını vacib sayırdı. Buna ehtiyac da vardı. Nəticədə Bütöv Azərbaycan Birliyi yaradıldı.
Bütöv Azərbaycan Birliyində müxtəlif siyasi qruplar və insanlar təmsil olunurdu. Onları bir arada tutan Əbülfəz Elçibəy idi. Hətta Güney və Quzeydə bir-birini qəbul etməyən insanlar və qruplar da BAB ətrafında birləşmişdilər. Amma təəssüf ki, Əbülfəz bəy vəfat etdiksən sonra birlik daxilində yaranmış boşluq özünü göstərməyə başladı. Buna görə də təşkilat öz fəaliyyətini davam etdirmək məsələsində problemlərlə qarşılaşdı. İndi isə fəaliyyəti faktiki olaraq sıfırdır. Görünür ki, bu gün BAB-ın fəaliyyətini davam etdirmək üçün liderlə yanaşı, şərtlər də uyğun deyil.
Vaxtilə Əbülfəz bəyin Bütöv Azərbaycan ideologiyasına ironiya ilə yanaşanların özləri indi etiraf edirlər ki, Əbülfəz Elçibəy zamanından xeyli əvvəl bunu çox doğru demişdi. 1998-ci ildə AXCP-nin qurultayında Elçibəy bir fikir irəli sürdü ki, Qarabağ və Zəngəzurun azadlığı Təbrizdən keçir. Onun bu fikrinə ironik münasibətlər sərgiləndi, mətbuatda məqalələr həsr olundu. Amma Əbülfəz Elçibəyin bu ideyası Azərbaycanın təhlükəsizliyinə hesablanmış bir məsələ idi. Elçibəy qeyd edirdi ki, Azərbaycan 300 min kvadrat kilometr və 50 milyon olmasa – bütövləşməsə həmişə xarici təhdidlərə məruz qalacaq. Yəni, regionda söz sahibi olmasa, həmişə təhlükələr olacaq. Elçibəyin məsələyə baxışı bu idi. İndi həmin insanlar da etiraf edirlər ki, bu ideya həyata keçsəydi, Qarabağ kimi problemimiz də olmazdı.
Nemət Oruclu: - Liderlərdən biri də bu məsələyə yaxşı yanaşmırdı. Amma siyasətdən getdikdən sonra elan etdi ki, mən Güney Azərbaycan mövzusunda işləyirdim.
- Bu da vardı. Bu gün Milli Məclisin politoloq deputatlarından biri də zamanında bu məsələyə kifayət qədər mənfi münasibət bəsləsə də, bir neçə ay əvvəl televiziyada bildirdi ki, Əbülfəz Elçibəy zamanında doğru deyirdi, biz o zaman onun fikrini doğru anlamamışıq.
Mənsur Rəğbətoğlu: - Elçibəy Bütöv Azərbaycanı hansı formada yaratmaq istəyirdi? Bunun üçün konkret bir hərəkət planı var idi, ya bu bir nəzəriyyə idi?
- Onun Bütöv Azərbaycanla bağlı müxtəlif dövrlərdə səsləndirdiyi və yazdığı fikirlər var. Bunlardan biri 1970-ci illərdə yazdığı “Azərbaycanın birləşdirilməsi üzərində düşüncələr” adlı yazısıdır. Həbs edilməmişdən əvvəl ələ keçməsin deyə bunu yandırıb. 1996-cı ildə “Azərbaycan” qəzetində Əbülfəz Elçibəyə ittihamlar ünvanlananda o, bu ittihamlara cavab verdi. Bu cavabda həmin məsələyə toxunulmuşdu.
Əbülfəz Elçibəyin düşüncəsi bu idi ki, İranda Milli Azadlıq Hərəkatı başlayacaq, öz liderini və təşkilatını oraya çıxaracaq, Güney Azərbaycan müstəqil olduqdan sonra, Güney və Quzey arasında birləşmə haqqında memorandum imzalanacaq. Proses demokratik və sivil əsaslarla nəzərdə tutulurdu. Yəni, heç vaxt Əbülfəz Elçibəyin üsyana çağırış fikri olmayıb. Bu, Əbülfəz bəyin metodlarına ziddi anlayışdır. Əbülfəz bəy dünya konyunkturasını da yaxşı bilirdi. Bunun beynəlxalq ictimaiyyətin qəbul edəcəyi bir formada həyata keçirilməsini istəyirdi. Fəaliyyət də bu istiqamətdə qurulurdu.
Həmin dövrdə Əbülfəz bəy əsas vurğunu İranda insan haqları məsələsinə yönəldirdi. Bu məsələyə insan haqları, yaxud milli haqlar prizmasından baxırdı. Beynəlxalq hüquqda belə bir anlayış var ki, demokratiya heç bir dövlətin daxili işi deyil. Yəni, Əbülfəz bəyin İran dövlətinə qarşı düşmən münasibəti yox idi. Bu, onun bir illik hakimiyyəti dövründə də özünü göstərdi. Əbülfəz bəy orada yaşayan Azərbaycan türklərinin hüquqlarını müdafiə etdiyi qədər İran dövlətinin suverenliyini də qəbul edirdi. Təsadüfi deyil ki, o dövrdə İran iqtisadi baxımdan Azərbaycanın bir nömrəli portnyoru idi. Bir çox məsələlərlə bağlı İranla müzakirələr aparılırdı və bunlarla bağlı ortaq məqamlar tapılırdı. Amma Elçibəy Azərbaycanın suverenlik və müstəqilliyini güzəştə getməyən adam idi. Hansısa dövlətin Azərbaycandakı casus şəbəkəsinin fəaliyyətinə göz yummurdu, buna qarşı mübarizə aparılırdı.
Məlumdur ki, Əbülfəz bəyin dövründə İranın buradakı casus şəbəkəsi ifşa olundu və şəbəkə üzvləri həbs edildi.
Mənsur Rəğbətoğlu: - Üstəgəl həmin dövrdə İran Azərbaycanla müharibə aparan Ermənistana hərtərəfli dəstək verirdi.
- Həsən Ruhaninin son açıqlamalarından birindən çıxan məntiq budur ki, İran Azərbaycanı tanımır və Azərbaycanı Qacarlar dönəmində İrandan qoparılmış bir ərazi kimi qəbul edir. Onlar Azərbaycana potensial təhlükə mənbəyi kimi baxırlar. İranın bir dövlət olaraq əsas marağı Azərbaycanın maksimum şəkildə xəritədə olmaması, yaxud mövcud olmamasıdır. Olacaqsa da, zəif durumda olsun.
Buna görə də İran Ermənistana fərqli münasibət göstərirdi. 1994-cü ildə dönəmin Ermənistan prezidenti Levon Ter-Petrosyan öz bəyanatında açıq formada etiraf etdi ki, İran müharibədə Ermənistanın nəfəsliyi rolunu oynadı, dedi ki, İran olmasaydı, biz boğulacaqdıq.
1994-cü ildə Azərbaycan Rusiya tərəfindən blokadaya alındı. Heç bir ticarət əlaqələri həyata keçirilmirdi. Xəzər dənizində gəmilərin və dəmir yollarının fəaliyyəti dayandırıldı. Digər yandan, Abxaziyadan keçən dəmir yolunun bağlanılmasından sonra Ermənistan tamamilə blokadaya düşmüşdü. Kəlbəcərin işğalından sonra Türkiyə Ermənistanla sərhədlərini bağlamışdı. Gürcüstanın özü sıxıntılı vəziyyətdə olduğu üçün Ermənistana kömək etmək iqtidarında deyildi. Bir İran qalırdı ki, İran da Ermənistanın ayaqda qalmasına şərait yaratdı. Bu gün də həmin münasibət davam edir. Biz bunu bilirik. Bizim də vəzifəmiz bu olmalıdır ki, biz Azərbaycanı ayaqda tutmalıyıq, inkişaf etdirməliyik, gücləndirməliyik, bütövləşdirməliyik.
Nərgiz Ehlamqızı: - ElçibəyinBAB-da çıxışları, arxivi ilə bağlı suala cavab vermədiniz.
- Bütöv Azərbaycan Birliyinin bütün toplantıları demək olar ki, lentə alınırdı. Bütün müzakirələr kasetlərə köçürülürdü. Bu kasetlər itməyib. Sadəcə olaraq, həmin kasetlər özünü Əbülfəz bəyə çox yaxın hesab edən və bizim də onu elə qəbul etdiyimiz bir şəxs tərəfindən saxlanılır. Təəssüf ki, bu gün bizim bu kasetlərdən istifadə etmək imkanımız yoxdur.
Mənsur Rəğbətoğlu: - O şəxs kimdir?
- Adını deməyim. Təəssüf ki, bu Bütöv Azərbaycan Birliyinin yanlış qərarı idi. Azərbaycan cəmiyyəti üçün gərəkli olan belə bir xəzinə daha uyğun bir yerdə, daha uyğun şərtlərdə saxlanılmalıdır. Amma təəssüf ki, o adamın bu məsələlərə baxışı çox fərqlidir.
Zahid Nurəliyev: - Niyə bunları üzə çıxarmır?
- O hesab edir ki, Əbülfəz bəyi hamıdan çox istəyir və onun əmanətinə hamıdan çox sahib çıxır, zamanı gələndə bunu özü açıqlayacaq. Yəni, Əbülfəz bəyin konkret çıxışlarının olduğu kasetlər var. Bunun bir hissəsini diskə köçürmüşəm. Həmin toplantılarda konkret mövzular üzrə elmi müzakirələr gedirdi. Güney Azərbaycan mədəniyyəti, iqtisadiyyatı və burada gedən proseslərlə bağlı müzakirələr vardı. Bunlar ayrı-ayrılıqda müzakirə olunurdu. Burada mütəxəssislər çıxış edirdi, yəni müzakirələr təkcə Əbülfəz bəyin çıxışlarına fokuslanmırdı. Məndə olan disklərdə bunlar yoxdur. Təəssüf ki, həmin müzakirələri cəmiyyətə göstərə bilmirik. Əslində dəfələrlə xahişlər də olub. Elçibəyin 80 illik yubileyi ilə bağlı da ondan xahiş etdik, amma bunlar nəticə vermədi. Heç kəsə vermir. Bu yanlışdır, xalqın xəzinəsi xalqın olmaldır.
Ardı var...
Foto: Pərviz Həşimi
Mənsur Rəğbətoğlu