24 Aprel 2019 19:25
1 280
12 Punto 14 Punto 16 Punto 18 Punto

Neçə vaxtdır əslində bu mövzu haqqında yazmaq istəyirdim. Ancaq ya zəlzələdən, ya vəlvələdən, heç cür bu mövzuya giriş eləyə bilməmişdim indiyə kimi. Deməli, həmişə diqqətimi çəkib ki, radikal müxalifətin lideri olmağa siyasətə gəldiyi ilk günlərdən iddialı olan, bu yolda yorulmadan, ciddi – cəhdlə, hətta öz liderinə belə qara yaxmaqdan, onu təhqir etməkdən çəkinməyən Əli Kərimli bir məsələyə münasibət bildirən kimi, fərqi yoxdur, o, düzdür, ya da səhvdir, dərhal bir dəstə qaragüruh düşür ortaya, başlayırlar “lider”lərinin yazdığı statusun, ya da youtube sosial şəbəkəsində qatıldığı canlı yayının altında şərhləri sıralamağa.

Yazdıqları statuslar da məddahlıqdan ötəyə keçmir. Qəfil biri çaşar, bunların fikirlərinə əks bir fikir deyər. Vəssalam, “ölüm olsun” – deyib tökülürlər həmin adamın üstünə. Maşaallah, söyüşün, təhqirin biri bir qəpik. Gördülər söyüşlə də ürəkləri soyumur, başlayırlar aşağılamağa, “yaltaq”, “satqın” deyə damğalamağa. Iki cümlə ard arda yaza bilməyən bu qaragüruhun gətirdyi arqumentlər də çox vaxt o qədər bəsit, o qədər mənasız olur ki, istər – istəməz öz – özünə düşünürsən: bəs bu “bəylər”in demokratiyasına nə oldu?! Hanı, bəs bunların öyə – öyə bitirə bilmədikləri fikir azadlığı?! Harda qaldı, cənablar, düşüncəyə sayğı?! Axı, istəyən istədiyi kimi düşünə bilərdi sizin baxış bucağınıza görə?!

Amma, elə ki, Əli Kərimlinin çıxışından söhbət açıldı, demokratiya da, fikir azadlığı da, fərqli düşüncələrə hörmət də qalır bir qıraqda. Bütün şərh yazanların hamısı bir fikir ətrafında birləşirlər ki, Əli bəyi tənqid etmək, onunla bağlı doğruları dilə gətirmək olmaz! O, bu millətin nicatı imiş və hamımız onun ətrafında sıx surətdə birləşməliymişik. Birləşməyənlər də yadlarına 88 – ci ilin mitinqlərindəki Nemət Pənahlının ritoikasını salmalı imişlər. Əcəb, qəşəng demokratiya imiş, hə, cənablar?!

Düşünün ki, illərdir demokratiya ilə bağlı verdikləri moizələrlə yuxumuza “haram qatan” bu cənablardan kimsə bir balaca ayinəyə düz baxmaqlarını istəyəndə dərhal olur pis kişi. Elə bir hala salırlar adamı ki, sakitcə susub dayanmağa üstünlük verirsən. Ona görə yox ki, sən onların dilində danışa bilmirsən. Tam tərsi, ona görə ki, sən onların səviyyəsinə enməyi özünə sığışdırmırsan.

Düşünün ki. Illərdir dəstəyi Azərbaycandan kənarda axtaran, yenə Azərbaycandan kənardan aldıqları əmrlərlə ölkədə xaos və anarxiya yaratmağa cəhd göstərən, iqtidara gəlmək üçün hətta şeytanla belə ittifaqa girməyə hazır olan bu qaragüruhun çoxunun heç düz əməlli kimliyi də bəlli deyil. Profilləri M.Ə.Rəsulzadə və Ə.Elçibəy şəkilləri ilə dolu bu saxta hesablarının bəzilərinin hətta ermənilər tərəfindən idarə olunduğu ilə bağlı da bəzən insanda şübhələr yaranır. Antiazərbaycançı dairələr tərəfindən verilən qrantlarla bəslənən bu qaragüruh üçün müqəddəs heç nə olmadığından, ortaq məqsədlərinin Azərbaycanda qarışıqlıq yaratmaq olduğundan əslində bunların ermənilərlə əlaqə qurmalarında təəccüblü demək olar ki, heç nə yoxdur. Sabah, Tanrı qorusun, ölkə Suriyaya, Misirə çevrilsə, bunlar yəqin ki, əllərinə xına yaxacaq və sevinclərindən çırtıq çalıb oynayacaqlar.

Bir də onu düşünün ki, demokratiya carçılarının hərəsi sosial mediada ən azından on beş iyirmi feyk profilə sahibdirlər. Hətta, deryirlər, Əli Kərimlinin özünün belə 100 – ə yaxın feyk profili var imiş və bu profillərlə söyüş, təhqir yağdırırmış onu bəyənməyənlərə. Eyni zamanda da özü özü üçün “Əli bəy, siz bizim xilaskarımızsınız”, “Gələcəyin prezidenti Əli bəydir” kimi şərhlər yazdığını düşünün bir də. Fısqırıq… Yəqin ki, tibb elmi bu xəstəliyin adını hələ tam müəyyənləşdirməyib. Bu nədirsə, narsizmdən daha ötə bir mərəzdir…

Əli Kərimlinin trolları hamı ilə müharibə şəraitindədir. Təzə, köhnə, harda bir siyasi düşüncə varsa və o düşüncə yoldaş komsomola narahatlıq verirsə, dərhal trollar bilgisayar başına keçirlər. Bezdirənə kimi də əl çəkən deyillər. Onları Natiq Cəfəlinin də, Nahid Cəfərovun da, Arif Hacılının da, Vüsal Məmmədovun da statuslarının altında görmək mümkündür. Yuxusuz gecələr keçirib, günün iyirmi dörd saatı şərh yazmaq, yeri gələndə gerçəkləri sapdırmaq, yeri gələndə internetdən şəkil tapıb o şəkildən ölkəmizə qara yaxmaq məqsədi ilə istifadə etmək hər oğlun hünəri deyil. Neynək, bazar olsun! Onsuz da desən boyun(lar)ına almayacaq(lar)!

Oktay Hacımusalı


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər