Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı giriş və yekun nitqində əldə olunan nailiyyətlər və qarşıda duran vəzifələr barədə məlumat verdi. 2019-cu il başlayandan bəri ölkəmizdə bütün sahələrdə sürətli islahatların aparılmasına başlanılıb.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov bildirib.
O qeyd edib ki, müşavirədə əsasən ilin birinci rübündə görülən işlər müzakirə olunub, o cümlədən bu islahatların nəticələrinə qiymət vermək mümkün olub:
“Bu islahatların davamlı olması çox vacibdir və hökmən nəzərdə tutulub. Bununla bağlı dövlət proqramları əsasında yol xəritələri hazırlanıb. Bunlar da müşavirədə nəzərə çatdırıldı. Cənab prezidentin bir neçə gün öncə ikinci “Bir kəmər, bir yol” beynəlxalq forumunda iştirak etmək üçün Çinə baş tutan səfəri isə ilin birinci rübündə əldə edilən beynəlxalq uğurların davamı kimi qiymətləndirilməldir. Dövlət başçımızın Pekində həm Çin, həm Rusiya rəhbərliyi, həm də Çinin iri korporasiyalarının rəhbərləri ilə keçirilən görüşləri dövlətimizin qüdrətlənməsinə, dünyanın iqtisadi sahəsində tutduğu mövqenin möhkəmlənməsinə xidmət edir.
Ölkəmiz son illərdə çox mühüm nəqliyyat dəhlizinə çevrilib, neft-qaz xətlərini şaxələndirir. Kənd təsərrüfatının inkişafı, qida təhlükəsizliyi məsələsi də ölkəmizdə son illərdə xüsusi diqqət yetirilən məsələlərdəndir. Bütün bu məsələlərə müşavirə zamanı toxunuldu. Getdikcə həm bu, həm də ölkə həyatının digər sahələrində yeni-yeni nailiyyətlərin əldə olunacağı şəksizdir. Həmçinin, islahatların daha da davam etdirilməsi, sosial sahəyə xüsusi diqqət ayrılması, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud vəziyyət və torpaqlarımızın işğaldan azad olunması istiqamətində atılacaq tədbirlər cənab prezidentin qarşıya qoyduğu vəzifələrdə öz əksini tapır”.