“Kremlin “təbliğat maşını” çox hiyləgərdir. Rusiya prezidenti Vladimir Putin ukraynalı həmkarı Vladimir Zelenskinin “Ukrayna Rusiyadan demokratik ölkədir” açıqlamasına bir müddət əvvəl belə cavab vermişdi: “Zelenski bu qədər demokratdırsa ölkədən qovulan Mixail Saakaşvilini və oliqarx İqor Kolomoyskini Ukraynaya geri qayıtmalarına imkan versin”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert qeyd edib ki, Vladimir Zelenski həm Kolomoyskinin, həm də Saakaşvilinin geri qayıtmasına şərait yaratdı:
“Yəni Putinlə virtual deyişmədə üstün gəldi. Kreml ideoloqları Putinin bununla pis vəziyyətə düşə biləcəyini anlayaraq nəzarət etdikləri televiziyalarına xüsusu tapşırıq verdilər. Gün ərzində izlədiyim Rusiya kanallarının aparıcıları, o cümlədən qatı ermənipərəst Solovyov eyni sözləri dedilər: “Zelenski Putinin dediyini etdi”.
Zelenski Putinin dediyini etmədi, keçmiş prezident Petro Poroşenkodan və elə Putinin özündən fərqləndiyini göstərdi. Putinin vaxtilə həbs etdirdiyi oliqarx Xodorkovski hazırda mühacirətdə yaşayır, Kolomiyski isə ölkəsinə qayıdıb”.